Məhkəmə qərarları › İş №8(105)-108/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-108/2022

31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-108/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 8(067)-43/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-1639/2016 saylı icra sənədinin icrası məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 8(067)-43/2022 saylı qərardadından Borclu şikayətinin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadına əsasən Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 8(067)-43/2022 saylı qərardadından Borclu şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 8(067)-43/2022 saylı qərardadından Borclu şikayətinin geri qaytarılması qərara alınmışdır. Borclu 23 iyun 2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 8(067)-43/2022 saylı qərardadından Borclu şikayətinin təmin edilməməsi, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Borclu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 23 iyun 2022ci il tarixli qərardad 01 iyul 2022-ci il tarixdə Borclu elektron kabinetinə yerləşdirilmiş, borclu qərardaddan 11 iyul 2022-ci il tarixədək şikayət vermək əvəzinə 04 avqust 2022-ci il tarixdə şikayət vermiş, lakin bu zaman birinci instansiya məhkəməsi borclunun şikayət verməsi üçün müddəti ötürməsi barədə əsasların olmasına baxmayaraq müddətin ötürülməmiş hesab edilərək şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Borclu tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar