Məhkəmə qərarları › İş №8(105)-108/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-108/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-108/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, tələbkarın nümayəndəsi X1, Borclu, borclunun nümayəndəsi vəkil X3 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Şuşa Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim S.Mehrəliyev) tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayətinin təmin edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Şuşa Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və icra vərəqi üzrə icranın davam etdirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon Masazır bələdiyyəsinin cavabdehlər X2 və Borclu qarşı Azərbaycan Respublikası DT və XK-nın Abşeron rayon şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yerqııruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilməsi, habelə Borclu verilmiş MH seriyalı. ******* saylı, reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-nın Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə iddia təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış və Borclu Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0.2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28.55 metr olan torpaq sahəsinin Masazır bələdiyyəsinə qaytarılması qət edilmişdir. Bu baxımdan Masazır bələdiyyəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməlidir. Qətnamə icra edilməlidir. İcraçı isə qətnamənin birinci və ikinci hissəsinin mümkün olmadığı qənaətinə gəlir, iş materialdan ilə tanış olmadan, məsələyə yenə də öz prizmasından baxaraq qətnaməni icra etməyərək, işi məhkəməyə üçüncü dəfə geri qaytarmağa çalışır. Qətnamədə göstərilən Masazır bələdiyyəsi ilə bağlı tələb icra edilməli və borclu tərəf Borclu bələdiyyə mülkiyyətindən çıxarılmalıdır. Borclu isə qanunla öz hüququndan istifadə edərək məhkəməyə müraciət edə bilər. Bu hüquq ona aiddir. Məhkəmə qətnamələrində onun torpaqla bağlı həyata keçirtdiyi prosedurlar nəticəsində mülkiyyət hüququna dair dəqiqləşmə verilmişdir. Bunun üçün o, məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir. Lakin bu o demək deyil ki, icraçılar məhkəmə qətnaməsini icra etməməlidirlər. Ərazidə qeyd edilən mübahisəli torpaq sahəsinə bitişik uzunu 18 metr, eni 28.55 metr var. Lakin icra məmuru iş materialları ilə tanış olmadığından və ya işi bilmədiyindən ekspertiza rəyinə və digər məhkəmə sənədlərinə müraciət etmədiyindən bu torpaq sahəsinin harada və niyə bu ölçüdə olması barədə məlumatı yoxdur. Bu baxımdan məhkəmə ekspertiza keçirilməsinə və mütəxəssis rəyinin olmasına baxmayaraq, yenidən mütəxəssis rəyinin alınması üçün qərar qəbul edir. Bunun üçün isə işdə maraqlı şəxs olan 4 saylı Abşeron ərazi İdarəsinə müraciət edir. O da öz növbəsində bu qətnamənin icra edilməməsi üçün öz bildiyi qaydada rəy verir. Məsələ hər dəfə icra məmuru tərəfindən süni uzadılaraq məhkəmə qərarının icra edilməməsi qənaətinə gəlinməsi üçün torpaq sahəsinin müəvyən edilməsi məqsədilə mütəxəssis rəyi əldə etmək üçün Azərbaycan Abşeron Ərazi İdarəsinə müraciət edir. Qeyd edilməlidir ki, həmin qurum məhkəmə işində maraqlı şəxs qismində iştirak edib və çıxarılmış hüquqverici sənədlərin qanunsuz olmasında onlarında əməyi vardır. Digər tərəfdən isə bu iddia tələbi ilə bağlı məhkəmə qərardadı əsasında məhkəmə ekspertizası keçirilmiş və qətnamə qəbul edilmişdir. Hansı əsasda və qaııunvericliyə istinad olunaraq icra məmuru qüvvəyə minmiş qətnamə tərəfindən müəyyən edilən torpaq sahəsini yenidən müəyyən etmək üçün mütəxəssis rəyinə müraciət edir. Məhkəmə tərəfindən iddia tələbi əsasında baxılan mülki işdə ünvanı, ərazisi, sahəsi, sahənin ölçüsü (ilkin və sonrakı) bəlli olduğundan qətnamə qəbul edilmişdir. İcra məmuru mütəxəssisin otağında borclu və mütəxəssislə birgə kompyuter vasitəsi ilə həllini tapmış torpaq sahəsinə baxaraq bu torpağın olmadığını bildirir. Belə ki, ilkin məhkəmə prosesində torpaq üzərində həbs olduğu halda borclu torpaq sahəsini genişləndirmişdir. Bütün bu hallar həm məhkəmə ekspertiza rəyində və məhkəmə qətnaməsində göstərilmişdir. 10 sot torpaq sahəsi 11 sot olduğunu və mübahisəli torpaq sahəsini müəyyən edə bilmədiyini bildirməklə icra məmuru maraqlı şəxsin mütəxəssisinə istinad edərək, borclunun xeyrinə məsələni icra etməyə çalışır. Sonuncu dəfə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisin otağında əvvəcədən ona təqdim edilmiş idarənin əvvəlki cavab məktubuna baxaraq, məsələni araşdırmadan mübahisəli torpaq sahəsinə kompyuterdə baxaraq bu torpaq sahəsinin burada olmaması qənaətinə gəlmişdir. Məsələ ilə bağlı mütəxəssislə və borcluyla yaranmış mübahisəyə, icra məmurunun prosesi düzgün aparmadığına görə nümayəndələri idarəni tərk etmişdir. Qevd olunmalıdır ki, qətnamədə 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə qoyulduğundan idarə bu qətnaməni icra etməmək üçün hər vəclə çalışır. Bu işdə də ona Maraqlı şəxs1 köməklik göstərir. Göstərilən məsələdən sonra icra məmuru akt tərtib etsə də, eyni zamanda mütəxəssisin gəldiyi nəticə ilə bağlı rəyi də, həmin aktı Masazır bələdiyyəsinə təqdim etməmişdir. xx.xx.2022-ci il tarixdə isə “icra edilməyən və qismən icra edilə icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərar qəbul edir. Və bu qərarı da Masazır bələdiyyəsinə rəsmi təqdim etməyərək işi məhkəməyə göndərir. Yalnız Masazır bələdiyyəsinin rəsmi müraciətindən sonra bu qərar bələdiyyəyə xx.xx.2022-ci il tarixdə təqdim edilir. Masazır bələdiyyəsi bu qərarın olmasını Şuşa Rayon Məhkəməsindən daxil olmuş məhkəmə bildirişindən bilir. Cavabdeh Borclu 10 ha torpaq sahəsi üzərində qadağaların qoyulması barədə Şuşa rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının ləğvi ilə bağlıdır. Bu baxımdan Maraqlı şəxs1 icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə əsasən icra sənədi mümkün olmadıqda icra sənədi məhkəməyə qaytarıla bilər. Bu halda isə Masazır bələdiyyəsinə münasibətdə icra sənədinin icra edilməsinə ınane olan heç bir hal yoxdur. Qeyd etmək istərdi ki, məsələ ilə bağlı Sumqayıt Apelyasiya məhkəməsinə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarının ləğvi ilə bağlı şikayət verilmiş və şikayətə xx.xx.2022-ci il tarixdə baxılaraq. Abşeron rayon məhkəməsinə şikayət verilməsi bildirilmişdir. Məsələ ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət olunmuş, hakim Məlahət Abbasova tərəfindən baxılaraq 8(012)-597/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək Masazır bələdiyyəsinin şikayəti təmin olunmuşdur. Lakin sonradan borclu tərəf şikayət vermiş və hakim müddəti bərpa edərək. 8(012)-507/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edərək, 8(012)- 292/2023 saylı, xx.xx.2023-cii il tarixli şikayətin tələbkara geri qaytarılması ilə bağlı yeni qərardad qəbul etmiş və tələblə bağlı aidiyyəti üzrə işə ilkin olaraq baxmış Şuşa rayon məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Həmin qərardaddan Masazır bələdiyyəsinin verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiva məhkəməsinin 8(105)- 70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu şikayətlə məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 üçüncü dəfə 14 iyun 2022-ci il tarixli qərarla qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 nömrəli, 08 dekabr 2015-ci il tarixli qətnaməsinin qət etdi hissəsinin 2-ci abzasında sonuncu tələbin icrasının mümkünsüzlüyünü müəyyən etmiş və icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Abşeron İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarı əvvəlki qərarlar kimi iştirakçılara o cümlədən, Borclu və Masazır Bələdiyyəsinə 21 iyun 2022-ci il tarixdə ümumi şöbənin məsul işçisi Səma Əliyevanın şəxsi imzası ilə təhvil vermişdir. Şikayət müddətinin ötürülməsini gizlətmək məqsədi ilə mülki işə əlavə olunmuş sənədlərin siyahısına Masazır Bələdiyyəsi tərəfindən Abşeron İcra və Probasiya Şöbəsinin qərarının 21 iyun 2022-ci il tarixdə alınmasına aid Bələdiyyənin səlahiyyətli şəxsi tərəfindən imza etməklə, qərara alınma tarixi göstərilən qəbz daxil edilməmişdir. Belə ki, Masazır Bələdiyyəsi tərəfindən hazırda mahiyyətcə mübahisələndirmək istədiyi 14 iyun 2022-ci il tarixli Qərar 21 iyun 2022-ci il tarixdə hüquqi şəxsə təqdim edilmişdir. Bu hüquqi əhəmiyyətli fakt Masazır Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərardan şikayət müddətinin ötürülməsini təsdiq edən açıq faktdır. Hesab edir ki, məhkəmə müddətin ötürülməsinə aid prosessual normaları nəzərə alaraq, verilmiş şikayəti təmin etməməlidir. İstinad edilən qərarın Bələdiyyə tərəfindən hüquqi şəxs olaraq alınmasını təsdiq edən Abşaron rayon İcra və Probasiya Şöbəsinin məktubunu etiraz ərizəsinə əlavə edərək, baxılması üçün təqdim edilmişdir. Eyni zamanda AR Mülki Məcəllənin Bələdiyyənin fəaliyyətinin tənzimlənmə hissəsi bu qanunvericiliyinin 1993-cü ildə yaranan münasibətlərə geriyə şamil edilməsinə yol vermir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin olduğu ərazilər Masazır Bələdiyyəsinə verilsə belə, 2000-ci ilə qədər icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların sahibliyinə verilmiş həyətyanı torpaq sahələrinə Masazır Bələdiyyəsinin müdaxilə edilməsini Konstitusiya, Mülki Məcəllə, Torpaq Məcəlləsi (1999), “Torpaq islahatı haqqında Qanun” icazə vermir. Onu da qeyd edir ki, ləğv edilən qərarın mübahisələndirilməsi müddəti Masazır Bələdiyyəsi tərəfindən buraxılmış, qərardaddan şikayət müddəti də ötürülmüşdür. Bunun üçündə işdə kifayət qədər sübutlar və əsaslar vardır. Məhkəmə baxışında işdə əsas iştirakçılar olan Maraqlı şəxs1 məsul nümayəndəsi, həmçinin Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin mütəxəssisi işdə iştirakı təmin edilməmişdir. Əgər təmin edilsə idi, onlar şikayətin əsasızlığı barədə, icranın mümkünsüzlük səbəbləri barədə məhkəməyə hüquqi əhəmiyyətli halları təqdim edərdilər. Bu da Masazır Bələdiyyəsinin mülki hüquqlardan sui-istifadəsinin mövcudluğunu aşkar edərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən borclunun nümayəndəsi vəkil X6 şikayətin dəlillərini müdafiə edərək, qərardadın ləğv edilməsini, Abşeron rayonu Masazır Bələdiyyəsinin şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkarın nümayəndəsi X4 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Maraqlı şəxs1nə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli və onunla bağlı 11 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini hazırki iş üzrə icra sənədinin icrasını mümkünsüz edən heç bir halın olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi Masazır Bələdiyyəsinin şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qeyri-mümkün hesab edilərək ona geri qaytarılması, daha sonra bu şikayətə Abşeron Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılaraq qərardadın ləğv edilməsi və tələblə bağlı aidiyyəti üzrə işə ilkin olaraq baxmış Şuşa Rayon Məhkəməsinə müraciət olunması tövsiyə olunması və həmin qərardaddan bələdiyyənin verdiyi apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Borclu məhkəmə aktından verdiyi şikayətdə xx.xx.2022-ci il tarixli qərardan Masazır Bələdiyyəsinin prosessual müddəti ötürməsi göstərilsə də, lakin şikayətə baxan birinci instansiya məhkəməsinin borclunun bu dəlilini kifayət qədər araşdırmamış, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə imzalayaraq təhvil almış Səma Əliyevanı zərurət yaranmasına baxmayaraq məhkəməyə dəvət edib, onu bu məsələyə münasibətini öyrənməmişdir. Halbuki bu hal həmin qərardan Masazır Bələdiyyəsinin qanunla müəyyən edilmiş müddətdə şikayət verdiyini müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İşdən göründüyü kimi qərardadın surəti Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə alınsa da, Bələdiyyə həmin qərardaddan 30 gün müddətində məhkəməyə şikayət verməli olduğu halda, bu müddət onun tərəfindən ötürülmüş, lakin bu müddətin bərpası barədə isə hər hansı bir vəsatət şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 130.1 və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olaraq hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayətin verilməməsi və prosessual müddətin buraxılması, müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qərar qanuni qüvvəyə minir və icra sənədi artıq mövcud olmur, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bunun üçün də ona göndərilən qərarı almış şəxsin ünvan sahibinə çatdırmaq öhdəliyi daşıyır. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi Yaqub Hüseynov izahat verərkən X9 rayon Masazır Bələdiyyəsinin əməkdaşı olduğunu, lakin sonradan onun işdən azad edildiyini bildirmişdir. Lakin şikayəti təmin etməyən birinci instansiya məhkəməsi müddətin ötürülməsi məsələsini ətraflı araşdırmamış, işin bu hallarına əhəmiyyət verməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli və onunla bağlı 11 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli və onunla bağlı 11 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilsin. Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şuşa Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar