Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-108/2024 09.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Borclu iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş təqdimatına dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(060)-484/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24998 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir.
2. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayev tərəfindən qərar qəbul edilmişdir.
3. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etmək müəyyən edilmiş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
4. Sumqayıt Şəhər üzrə İcra İdarəsinə Borclu tərəfindən ünvanlanmış izahatdan görünür ki, icra sənədi üzrə tələbdən bu gün xəbəri olmuşdur. Tam ödəməyə imkanı çatmır. Heç bir ödəniş etməmişdir. Fevral ayında isə işə düzələcəkdir. Əmək haqqına yönəldilməsini istəyir. İcra sənədi üzrə tələbi tam icra edə bilmir. Yalnız əmək haqqından tutulmağını istəyir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur.
Birinci instansiya məhkəməsində icraat
5. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Rəşad Azad oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
6. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24998 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24998 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. Ona görə də hesab edir ki, zəruri icra tədbirlərinin görülməsi müddəti ərzində Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Behbudova) 15 iyul 2024-cü il tarixli, 8(060)-484/2024 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
8. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını, təqdimatın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 8(060)-484/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu icra sənədi üzrə icraata başlamaq haqqında qərar ilə və tələbin könüllü icra olunması barədə bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuş, daha sonra isə icra məmuru tərəfindən tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. Sadalanan halları nəzərə alan məhkəmə hesab edib ki, hazırkı halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda təqdimatın təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Göstərilənlərə əsasən məhkəmə təqdimatın təmin edilməsi nəticəsinə gəlmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3-cü maddələri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarına, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2, 2.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Təqdimatı təmin edən məhkəmə onun hüquq və azadlıqlarını nəzərə almamışdır. Qanunvericiliyin tələblərinə əsasən, hüquq və azadlıqların həyata kecirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Onun himayəsində üç azyaşlı övladı var. Özü "xxxx" MMC-də sürücü kimi çalışır. Həmin şirkətdə yük maşını idarə edir və idarə etdiyi yük maşını ilə ölkədən kənar malların daşınmasını həyata keçirir. Təqdimatın təmin edilməsi onun işinin itirilməsi ilə nəticələnəcəkdir ki, bu da onun maddi imkanını çətinləşdirəcək və icra sənədinin icrasını mümkünsüz edəcəkdir. Qanunvericiliyə əsasən məhdudiyyətin qoyulması hallarında tələbkarın hüquqları müdafiə olunduğu kimi borclunun da hüquqları məhkəmə tərəfindən qorunmalı, müdafiə olunmalıdır. Heç bir cinayət törətməmiş, qanuna zidd addımlar atmamış əksinə ailəsinə baxmaq üçün ölkədən çıxmağa məcburiyyəti olan şəxsin hüquqlarının məhdudlaşdırılması qanunsuzdur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz verilmişdir. Tələbkar tərəf etiraz ərizəsində borclunun bu ötən müddət ərzində ödəniş etməməsini, ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə tərəfin vəsatəti əsasında şifahi məhkəmə iclasında baxılmasını mümkün hesab etmişdir.
15. Məhkəmə iclasında iştirak etmiş Borclu izahatında bildirdi ki, onun işi əsasən ölkədən xaricə gedişlə əlaqəlidir. Belə ki, o tır sürücüsüsür və mütəmadi olaraq səfərlərə gedir, hər dəfə səfərə getdikdə təxminən 600 manat gəlir əldə edir. Onun ölkədən çıxışına məhdudiyyət qoyulması maddi vəziyyətini ağırlaşdıracaqdır. Himayəsində yaşlı anası, övladları vardır. Borcunun ödənilməsi məqsədi ilə tələbkara müraciət edərək ona müəyyən hesab kodu verilməsini və mütəmadi olaraq ödənişlər edəcəyini bildirmişdir. Lakin tələbkar bu təkliflə razılaşmamış və ona aylıq qazancına dair kart vəsaitinə köçən məbləğin yarısının tutulması yolu ilə məsələnin həllinin mümkünlüyü bildirilmişdir. Onun isə qeyd olunan formada işi yoxdur, yəni hansı şirkətdə, müəsisədə əmək müqaviləsi əsasında çalışmır. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması maddi vəziyyətini çətinləşdirəcəkdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə Tələbkar MMCvə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
19. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(060)-484/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
21. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(060)-484/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini borclunun izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Kollegiya iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq, icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır.
25. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsi üç əsasla şərtləndirilmişdir: 1) məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra edilməməsi; 2) borclu tərəfindən həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; 3) icra məmurunun əsaslandırılmış təqdimatı.
26. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə yuxarıda sadalanan hər üç hal hazırki işdə mövcud olduğundan Borclu şikayəti əsaslı hesab edilə bilməz.
27. Birincisi ona görə ki, borclunun sürücü işləməklə, ailəyə yeganə qazanc gətirən şəxs olmasını bildirməsi, onu heç də öhdəliyindən, xüsusən də dövlətin adından çıxarılmış qərarın icrasından yayınmaq və süni şəkildə maneə yaratmasına əsas ola bilməz.
28. İkincisi, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur.
29. Üçüncüsü, borclu müvafiq kart hesabının açılmasını, kart hesabına ödənişlər etmək istəyini bəyan etsə də, bu ötən üç il ərzində hər hansı real hərəkət etmədiyi açıqaydın görünür və bunu sanki icra məmurunun, yaxud tələbkarın öhdəliyi kimi qiymətləndirir.
30. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır.
31. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).
32. Beləliklə, məhkəmə kоllegiyаsı hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 357, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(060)-484/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.