Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-108/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: X4 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1028/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs onun xeyrinə xx.xx.2013-cü təvəllüdlü Xumar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat aliment məbləğinin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən hesablanmaqla, Maraqlı şəxs onun xeyrinə hər ay uşağın saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.952 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmaını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1028/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə borclu Maraqlı şəxs onun xeyrinə xx.xx.2013-cü təvəllüdlü Xumar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, onun xeyrinə Maraqlı şəxs tutulan aliment indeksasiya olunmalıdır. Belə ki, Maraqlı şəxs xx.xx.2013-cü təvəllüdlü Xumar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment indeksasiya edilməli, ona ödənilən alimentin miqdarı həmin qaydada müəyyən edilməlidir. 2013-cü il tarixdən 2016-cı illədək minimum əmək haqqı 105 manat təşkil etmişdir. Belə olan halda həmin vaxt üçün müəyyən olunmuş alimentin minimum əmək haqqının 0.952 misli həddində olduğu müəyyən olunur. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Samir Bayramov) ərizə qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli, 2(067)-1028/2015 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2015-ci il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 0,95 mislini təşkil edir. Ona görə də qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,95 misli həddində (400x0,95= 380 manat) müəyyən edilməlidir. Həmin qərardaddan narazı qalan borclu Maraqlı şəxs şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilərək, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli, 2(067)- 1028/2015 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh olaraq ondan hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində müəyyən indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən 24 aprel 2025-ci il tarixdə qəbul edilmiş 8(067)-370/2025 saylı qərardadını qanunsuz və əsassızdır. Ərizəçi ilə birgə nikahdan Xumar adlı uşağı anadan olmuşdur. Boşandıqdan sonra 26 oktyabr 2019-cu il tarixdə X3 ilə nikaha girmiş, ikinci nikahından iki azyaşlı uşağıxx.xx.2020-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2021-ci il təvəllüdlü Hilalə doğulmuşdur. Himayəsində yaşlı atası var. Ailəsinə baxmaqda çətinlik çəkdiyi üçün məcbur olub təkrar ailə həyatı qurmalı olmuşdur. Belə vəziyyətdə üzərinə qət edilmiş 100 manat aliment məbləğini çətinliklə də olsa valideynimdən alıb ödəyir. Məhkəmənin müəyyən etdiyi minimal əmək haqqının 0.95 misli miqdarında aliment məbləğini ödəmək iqtidarında deyil. Bu olduqca yüksək məbləğdir. Bundan başqa uşaqların saxlanılması üçün hər ay müəyyən edilmiş minimum hədd olan 246 manat hər iki valideyninin üzərinə düşən öhdəlikdir. Özünə aid öhdəliyi çətinliklə də olsa ayda 140 manat civarında ödəməklə kifayət qədər yerinə yetirə bilər. Ərizəçi özünün uşaq üçün üzərinə düşən öhdəliyi yerinə yetirməyə imkanı var. Ərizəçinin imkanları olduqca yüksəkdir və o, çox imkanlıdır. Lakin ərizəçi uşağa aid bütün öhdəlikləri aliment şəkilində onun üzərinə qoymaq istəyir. Bu düzgün deyildir. Minimal əmək haqqının 0,35 misli miqdarında aliment məbləğini ödəyə bilər. Hazırda himayəsində ikinci həyat yoldaşından olan 2 uşağın və xəstə valideyninin olmasını nəzərə alınmasını xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-1028/2015 saylı xx.xx.2015-ci il tarixli saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs X7 xeyrinə xx.xx.2013-cü təvəllüdlü Xumar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 31 avqust 2013-cü il tarixli, 3112 nömrəli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-1028/2015 saylı, xx.xx.2015-ci il tarixli saylı qətnaməsi ilə alimentin məbləği 100 manat məüyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 105 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,95 (100:105=0.95) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər ay 100 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin indeksasiya nəticəsində hazırki minimum əmək haqqının 0,95 misli həddində artırılması, onun maddi vəziyyətini həddən artıq ağırlaşacağı təqdirdə, alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-108/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-108/2025
12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver