Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-109/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qubadlı Rayon Məhkəməsinin “aliment məbləğinin indeksasiya edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8(028)-5/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-758/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması və birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunduğu tarixdən Borclu hər ay hər uşaq üçün minimum əmək haqqının 0,68 misli (272 manat) məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-391/2020 nömrəli qətnaməsi ilə onun cavabdeh Borclu qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilib, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2202/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub ona ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. O həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-758/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-391/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Borclu xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2202/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin tutulması vaxtının hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Hazırda hər ay 340 manat sabit pul məbləğində aliment alır. Həmin məbləğdə aliment ilə də övladlarını saxlamaqda çətinlik çəkir. Borclu şəxs isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günügündən artır. Uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2025-ci il Respublikada uşaqlar üçün yaşayış minimumunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-758/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu şəxsdən hər ay hər uşaq üçün minimum əmək haqqının 0,68 misli (272 manat) məbləğində aliment tutulub ona verilməlidir. Göstərinlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(028)-5/2025 nömrəli qərardadı ilə ərizəçi (tələbkar) Tələbkar ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-758/2021 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin miqdarının ölkə üzrə minimum əmək haqqına uyğun olaraq indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır (hakim Ramiz Quliyev). Borclu X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(028)-5/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 8(028)5/2025 nömrəli qərardadı ilə 2025 ci il üçün “Yaşayış minimumu haqqında” qanunun tələbi pozulmuşdur. Hər uşağın saxlanması üçün 272 manat müəyyən olunsa da, Borclu həmin məbləği ödəməyə imkanı yoxdur. Belə ki, iş materiallarında olan əmək müqaviləsindən və digər sənədlərdən məlum olur ki, borclunun hal-hazırda aldığı əmək haqqı 200 manatdır. Qanunvericiliyin tələblərinə əsasən aliment təyin edilməsi zamanı aliment ödəyən şəxsin maddi durumu, gəlirləri nəzərə alınmalıdır. Onun qərardadla müəyyən olunmuş məbləği ödəmək imkanı yoxdur. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən övladları saxlamaq eyni zamanda ananın da öhdəliyidir. Məcəlləyə görə uşaqları saxlamaq valideyinlərin hər ikisinin vəzifəsidir, təkcə atanın deyil. Uşağın yaşayış minimumunun, yaşayış minimumundan da artığının tək bir valideyinin üzərinə qoyulması düzgün deyildir. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı vəzifə bölgüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 8(028)5/2025 nömrəli qərardadı ilə borclu X3 şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(028)-5/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafıq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.4-1-ci bəndində deyilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi baxımından məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qərarın 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Tələbkar alimentin miqdarının artırılması (indeksasiya edilməsi) barədə müraciəti minimum əmək haqqı məbləğinin artımına əsaslandığından o, düzgün olaraq məhkəməyə iddia icraatı qaydasında (alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə) deyil, icra icraatı qaydasında (alimentin müəyyən olunmuş məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə) müraciət etmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-758/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar verdiyi apellyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-391/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilmiş, Borclu xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Aepllyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2202/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir (bu qayda 2022-ci il yanvarın 1-dək qüvvədə olmuşdur). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-758/2021 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hərəsinə 170 manat sabit pul məbləğində alimentin miqdarı həmin (2021-ci) il üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqına nisbətdə (170/250) indeksasiya edilmiş, nəticədə alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində (hər uşaq üçün) müəyyən edilmişdir. Beləliklə, Tələbkar alimentin müəyyən olunmuş məbləğinin indeksasiya edilməsi barədə ərizə verdiyi xx.xx.2025-ci il tarixdən başlayaraq onun xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə 272 manat (400 manat x 0,68), cəmi 544 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbi və tətbiqi baxımından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu X5 Tələbkar xeyrinə tutulmalı olan alimentin miqdarını düzgün müəyyən etmişdir. Aliment indeksasiya edildikdən sonra borclu yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad etməklə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (azaldılması) barədə məhkəmədə iddia qaldıra və məhkəmə zəruri və ya məqsədəuyğun hesab edərsə alimentin miqdarını dəyişə bilər. Hazırda məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını qeyri-mümkün hesab edir. Birinci instansiya məhkəməsi tələbkarın ərizəsi üzrə düzgün və qanuna müvafiq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin aliment məbləğinin indeksasiya edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin bu qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 8(028)-5/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-109/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-109/2025
12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver