Məhkəmə qərarları › İş №8(105)-11/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-11/2025

31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-11/2025 31.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Qubadlı Rayon Məhkəməsinin 8(028)-16/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim E.Hüseynov) Borclu Qubadlı Rayon Məhkəməsinin e2(028)-240/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Qubadlı Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 8(028)-16/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən Tələbkar ASC-yə qətnamə üzrə 7387,21 manat borcun hissə-hissə, yəni ayda 100 manat tutularaq ödənilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Qubadlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcun ödənilməsi ilə bağlı o, qətnamənin icra edilməsinə etiraz etmir, yəni dövlətin adından çıxarılmış qətnamə mütləq qaydada icra edilməlidir. Hazırda maddi və əmlak vəziyyəti borcu ödəməyi o qədər ağırdır ki, tərəfindən qətnamədə göstərilən məbləği tam ödəyə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı qərardadı əsassız və ədalətsiz hesab edir. Hazırki iş üzrə məhkəmə qarşı tərəfin ona göndərmiş olduğu elektron bildirişlərə əsasən borcunun hissə-hissə ayda 250 manat icra edilməsi öz təsdiqini tapır. Bundan başqa həmin pul vəsaiti ilə digər kredit borcumu ödəmişdir. Hal-hazırda işsiz olduğundan hazırki borcu aylara bölünməklə hissə-hissə icra edilməsini xahiş etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Habelə, müqavilə ilə kreditin qaytarılma müddətindən asılı olmayaraq əldə etdiyi əsas məbləğin və yaxud faizləri tam ödəyə bilməməyin səbəblərinin müştərinin başına gələcək təbii fəlakətlə, yanğınla və s. əlaqədar və ya hər hansı bir digər səbəbdən müflis elan olunduğu zaman kredit üzrə tətbiq olunan faizlər dayandırıla bilər. Bununla məhkəmə işin baxılması və həll olunması zamanı maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi məhkəmə sübut etməsinin ayrılmaz hissəsidir və düzgün qiymətləndirilmə qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutların qiymətləndirilməsinə, məhkəmə tərəfindən onların aidliyini, mümkünlüyünü, habelə doğruluğunu, tamlığını müəyyən etmək daxildir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini borclu tərəfindən hissəhissə ödəmə aparmaqla icra sənədinin uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını nəzərə alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 7387 manat məbləğin hər ay 100 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 73 aydan çox müddət təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli və onunla bağlı 09 yanvar 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar