Məhkəmə qərarları › İş №8(105)-110/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-110/2024

12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-110/2024 12.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Açıq Səhmdar Cəmı̇ yyətinin Borclu qarşı iş üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Nümayəndə3, Tələbkar Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X5, Borclu nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli qərardadından Tələbkar Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

3. Daha sonra Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulan müddəti üzrlü hesab etməklə bərpa edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 8(060)-479/2023 saylı qərardadının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun təqdimatının təmin edilməməsi qərara alınmışdır.

5. Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Tələbkar ASC-nin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Borclu xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet ilə məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, o, şikayətə etiraz edir. Hal-hazırda icra işi üzrə borclu kimi üzərinə düşən bütün öhdəlikləri vaxtında və dəqiq icra edir, icra məmurunun çağırışlarından və qətnamə üzrə ödənişi icra etməkdən yayınmır və bu əsasla Sumqayıt Şəhər Məhkəməsinin qərardadını ədalətli və düzgün hesab edir. Əlavə olaraq məhkəmədə dinlənilməsini və zəruri sübutları əyani şəkildə təqdim etməyi arzu edir. İcra məmurunun ona qarşı qeyri-hüquqi davranışı və digər pozuntular barədə aidiyyət üzrə icra baş idarəsinə və prokurorluq orqanlarına şikayət vermişdir və iş araşdırılma mərhələsindədir. Əldə etdiyi sübutları əyani şəkildə məhkəməyə təqdim etmək istəyir. Bu səbəbdən məhkəmə iclasının şifahi qaydada keçirilməsini və məhkəmə iclasında iştirak etməsinə şərait yaradılmasını xahiş edir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2024cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e/2(060)-837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-479/2023 saylı xx.xx.2023-cüil tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)479/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulan müddəti üzürlü hesab etməklə bərpa edilməsini və qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-479/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Borclu apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023cü il tarixli, 8(060)-479/2023 saylı qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatı təmin edilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin qərardadı dəyişdirilməli, iş üzrə yeni qərardad qəbul edilərək, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, icra məmuru məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun məhdudlşdırılması barədə məhkəməyə təqdimat vermişdir və o öz mülahizəsində də və sübutlarında da qeyd etmişdir ki, borcluya sms vasitəsi ilə, poçt vasitəsi ilə və s. qaydada rəsmi məlumat vermişdir. İcra məmuru SMS göndərərkən borclunun özünə məxsus olan nömrəsinə göndərmiş və borclunun öz vəzifəsi idi ki, öz adına olan nömrədən xəbərdar olsun. Borclu ilə danışıq zamanı müəyyən olunmuşdur ki, ölkədən bir dəfəlik çıxmaq üçün xarici ölkələrə səfər edir ki, ümumi vətəndaşlıq pasportunda xarici ölkələrin möhürü olsun və ölkəni tərk etmək üçün rahat Viza alsın. Borclunun öz əmək haqqından tutulmasından da bəlli olur ki, o öz əmək haqqından pulun tutulmasına razı olmuş və bunu özü planlaşdıraraq arzu etmişdir. Bununla da icra sənədinin icrasının təmin etmək iqtidarında olduğunu, lakin dolayı şəkildə icra edə bilmədiyini göstərməyə çalışır. Borclu bu yanaşmaları ilə İcra sənədinin icrasından qərəzli şəkildə yayındığı tam olaraq təsdiq edir. Qeyd edilənlərə əsasən tələbkar Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-479/2023 saylı xx.xx.2024-ciil tarixli qərardadının dəyişdirilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru Rüfət Məmmədovun təqdimatının təmin edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tələbkar Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə2 Ağaəli oğlu şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, icra sənədi üzrə qismən ödəniş edilmişir, borclunun hazırda tələbkara olan qalıq borcu 3643 manat təşkil edir.

12. Borclunun nümayəndəsi Nümayəndə1 şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Nümayəndə3 şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli qərardadını icra məmurunun təqdimatının təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Odur ki, kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli qərardadı həmin hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

15. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli və bununla bağlı 15 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

17. Göründüyü kimi mübahisələndirilən məhkəmə qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 8(060)-479/2023 saylı qərardadının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, hər ay mütəmadi olaraq Borclu əmək haqqından tələbkar bankın xeyrinə tutulmalar həyata keçirilir. Bundan başqa Tələbkar ASC-nin Sumqayıt şəhəri üzrə İcra darəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu borcunun məbləği azalmış və hazırda onun 4764.87 manat borcu qalmışdır.

19. Məhkəmənin qərardadı ilə razılaşmayan Tələbkar Açıq Səhmdar Cəmı̇ yyəti şikayət vermişdir.

20. Şikayətin dəlilləri ondan ibarətdir ki, icra sənədi könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icra edilməmiş, məcburi icra tədbirlərinin tətbiqi üçün icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

21. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab etmir, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

22. Kollegiya qeyd edir ki, X7 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, Ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hər-hansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X7 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur.

23. Məhkəmə kolleiyası hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur.

24. Məhkəmə kollegiyası həmçinin vurğulmağı zəruri hesab edir ki, araşdırma zamanı işdə iştirak edən şəxslərin, o cümlədən tələbkarın nümayəndəsinin izahatı ilə icra sənədi üzrə tələbin borclunun əmək haqqında yönəldildiyi və hazırda qalıq borcun 3643 manat təşkil etdiyi müəyyən edildi. Məhkəmə həmin borc məbləği ilə borculunun barəsində tətbiq edilməsi xahiş edilən məsuliyyət tədbiri arasında mütənasibliyi nəzərə alaraq hesab edir ki, qalıq qalan 3643 manat borc məbləğinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik meyarına cavab vermir. Kollegiyanın qənaətincə hazırki halda təqdimatın təmin edilməsi tələbkarın və borclunun hüquqlarının ədalətli və ağlabatan tarazlığı pozulmuş olar. Məhkəmə bu nəticəyə gələrkən konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələblərinin pozulmasını da nəzərə alır.

25. Avropa İnsan Hüquqları Məhkəməsi özünün “Battista İtaliyaya qarşı” iş üzrə 2 dekabr 2014-cü il tarixli qərarının 42-ci bəndində göstərmişdir ki, bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Bu nəzarət məhkəmə hakimiyyəti tərəfindən normalda ən azından son qərar verilməzdən öncə təmin edilməlidir, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir.

26. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

27. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Tələbkar Açıq Səhmdar Cəmı̇ yyətinin şikayəti təmin edilməsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli və bununla bağlı 15 avqust 2024-cü il tarixli, 8(060)-479/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar