Məhkəmə qərarları › İş №8(105)-110/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-110/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-110/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X4 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X3 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3632/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.625 mislində, 250 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X11 adlı bir övladları dünyaya gəlmişdir. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonradan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3632/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olana qədər hər ay 20 manat məbləğində maddi yardımın Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, qətnamədən sonra ölkə üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Hesab edir ki, 150 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) ərizə təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh X6 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması və alimentin indeksasiya olunması başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.

4. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 110.1, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2, 232.3, 232.4-cü maddələri, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1, 8.4-2, 8.11-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

5. Qərardaddan narazı qalan borclu Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və ondan tutulan alimentin məbləğinin aylıq 250 manat həddində müəyyən edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərardad qəbul edərkən X8 hüquqlarını pozmuşdur. X15 xx.xx.2019-cu il tarixdə yenidən ailə qurmuş və onun himayəsində xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2024-cü il təvəllüdlü X16 adlı azyaşlı övladları var, həmçinin yaşlı anası X9 da onun himayəsindədir. Ailənin yeganə qazanc gətirəni odur. X15 hazırda işsizdir. Qanunvericiliyə əsasən uşaqları saxlamaq tək atanın yox hər iki valideyinin öhdəliyidir. X14 250 manat məbləğində alimentin müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, valideyn kimi Kəmalə Ağayeva da uşağın saxlanmasında iştirak etməli və ondan tutulan alimentin məbləği azaldılaraq sabit pul məbləğində 250 manat müəyyən edilməlidir. Qanunvericilik uşağın saxlanması vəzifəsini təkcə atanın deyil, həm də ananın vəzifəsi kimi müəyyən etmişdir. Hazırkı iş üzrə ərizəçinin uşağın saxlanması xərclərində iştirakı üçün kifayət qədər qazancı vardır. Məhkəmə aliment məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının

8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

13. Apellyatorun hazırkı şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.

14. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

17. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3632/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, bu qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X5 3 yaşı tamam olana qədər hər ay 20 (iyirmi) manat məbləğində maddi yardımın xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub X10 verilməsi qət edilmişdir.

18. Hazırda ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3632/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.625 mislində, 250 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

21. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2018-ci il üçün ölkə üzrə minimum əmək haqqı 130 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1.18 misli (154:130=1.18) həddində müəyyən edilmiş olur.

22. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3632/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh X6 xeyrinə tutulan alimentin məbləğini sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qənaətinə gəlmişdir.

23. Bununla belə kollegiya qeyd edir ki, tələbkar borclunun gəlirləri (qazancı), onun hazırkı maddi vəziyyəti və ayda minimum əmək haqqının 1,18 misli həddində aliment ödəmək imkanına malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

24. Ona görə də kollegiya izah edir ki, indiyədək uşaq üçün 150 manat sabit pul məbləğində aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,18 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə borclunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

25. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar