Məhkəmə qərarları › İş №8(105)-111/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-111/2021

19.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-111/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rızalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Quba rayon İcra Şöbəsinin 25 fevral 2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə iş üzrə Quba rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(027)-74/2021 saylı qərardadından Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə (hakim V.Seyidov) 03.08.2018-ci il tarixli, 2(027)-908 saylı icra sənədi üzrə tələbkar Nəcəfova (Piriyeva) Könül Cavid qızının verdiyi şikayət təmin edilərək, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Quba rayon məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(027)- 908/2018 saylı icra sənədi üzrə 25.02.2021-ci il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 qərardaddan şikayət vermişdir. Quba rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 şikayətinin təmin edilməməsi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Quba rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(027)-74/2021 saylı qərardadından verdiyi şikayət baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, icra məmuru 25.02.2021-ci il tarixli qərar ilə tələbkarın əmlakı götürməkdən imtina etməsi və həmin əmlakın qiymətinin müəyyən olunmadığı üçün icra sənədinin geri qaytarılması qərara alınmışdır. Tələbkar bu qərarı mübahisələndirmiş və birinci instansiya məhkəməsi də şikayətin təmin edilməsi qənaətinə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilməmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir. Tələbkar göstərilən əşyalardan imtina etdikdə, həmin əşyalar borcluya, icra sənədi isə müvafiq məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qərardan göründüyü kimi tələbkarın nümayəndəsi televizor və xörək servisinin götürməkdən imtina etdiyi üçün icra məmuru tərəfindən müvafiq akt tərtib edilməklə icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Şikayəti təmin edən birinci instansiya məhkəməsi imtinanın səbəblərini, təqdim edilmiş əmlakların məhz ona verilməli olan əmlak olmamasını ətraflı araşdırmamış, zəruri olduqda tələbkarın özünü dəvət edərək həmin əmlakların ona məxsusluğu barədə fikirlərini öyrənmədən şikayətin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli və onunla bağlı 16 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, icra sənədi üzrə tələbin icra edilmədiyi icra sənədinin geri qaytarılması barədə qərardan şikayət tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli və onunla bağlı 16 aprel 2021-ci il tarixli qərardadları ləğv edilsin. 25.02.2021-ci il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə şikayətə tərəflərin iştirakı təmin edilməklə qərardadın təsviri hissəsində qeyd olunanlar nəzərə alınmaqla yenidən baxılaraq, məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş Quba rayon məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar