Məhkəmə qərarları › İş №8(105)-111/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-111/2024

13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-111/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-145/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadı ilə (hakim V.Qasımova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinin təmin olunmaması qərara alınmışdır. X3 qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 8(067)-145/2024 nömrəli qərardadından ərizəçi (borclu) X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(103)-3078/2023 nömrəli qətnaməsi üzrə tələbkar X4 xeyrinə ödənilməli olduğu 18000 manat pulun hər ay 350 manat olmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu X2 Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdən məlumdur ki, o, qətnaməni icra etmək üçün əlindən gələni edir, hətta fərdi olaraq işləməyini və aylıq qazancının 700 manat təşkil etməsini gizlətmir (baxmayaraq ki, bu barədə hər hansı rəsmi sənəd ya da sübut yoxdur). Bundan başqa heç bir gəlir yeri yoxdur. Belə vəziyyətdə o 18000 manat pulu bir dəfəyə ödəmək imkanı xaricindədir. Aylıq gəlirinin yarısını ödəməyə etiraz etmir və hər ay 350 manat tələbkara ödəyəcək. Bu halda belə məhkəmə onun yaşamaq üçün zəruri olan qazancından məhrum edilməyinə razıdır və mülkiyyət hüququyla məhkəmə qərarının icrası arasında balans qorunmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri və onun bu maddələrlə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmaqla nəticədə ərizəçinin (borclu) hüquqlarını pozan qərar qəbul etmişdir. Qərardadda qeyd edilmişdir ki, məhkəmə 18000 manat borc məbləği müqabilində hər ay 350 manat ödəniş olunmasını məqsədəmüvafiq hesab etmir. Halbuki borclu ödənişlərdən yayınmır, əksinə məhkəmə qətnaməsinin icra edilməsi üçün tədbirlər görür. Rəsmi iş yeri mövcud deyil, fərdi əməklə əldə etdiyi gəlirin yarısını qətnamənin icrası ilə əlaqədar ödəməyə hazırdır. Lakin məhkəmə borclunun rəsmi iş yerinin olmadığını, onun qətnamənin icrası ilə əlaqədar göstərdiyi təşəbbüskarlığı nəzərə almamışdır. Məhkəmə yalnız tələbkarın hüquqlarını qorumuş, nəticədə borclunun hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul edilmişdir. Halbuki, borclunun məhkəmə müdafiəsindən istifadə etmək hüququ var və o istinad edilən hüquq normasının tələbinə görə borcun hissə-hissə ödənilməsi hüququna malikdir. Ona görə də məhkəmənin qərardadı ilə razı deyil. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün araşdırıb hüquqi qiymət verməmişdir. Belə ki, rəsmi iş yeri yoxdur, aylıq gəlirinin yarısını qətnamənin icra edilməsi üçün ödəməyə hazır olsa da məhkəmə onun qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı hüququnu pozmuşdur. Göründüyü kimi, məhkəmənin ərizəni rədd etməsi üçün müəyyən etdiyi hallar, o cümlədən qətnaməni bir dəfəyə ödəmək imkanının olması sübut edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla qətnamənin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını nəzərə alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 18000 manat məbləğin hər ay 350 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 51 aydan çox müddət təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli və onunla bağlı 19 avqust 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar