Məhkəmə qərarları › İş №8(105)-111/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-111/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-111/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-524/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli qərardadından X1 Rafiq qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim V.Şirəliyeva) X1 Rafiq qızının Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcra ödənişinin alınması haqqında” 07 aprel 2025-ci il tarixli qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. X1 Rafiq qızı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-524/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, X1 Rafiq qızının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-524/2025 nömrəli qərardadından xx.xx.2025ci il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 Rafiq qızı məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Ramil Babayevin icra ödənişinin alınması haqqında 07 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi və icra ödənişinin tutulmasının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X1 Rafiq qızı Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və şikayətin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Rafiq qızı məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Ramil Babayevin “icra ödənişinin alınması” haqqında 07 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və icra ödənişinin tutulmasının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 524/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 Rafiq qızının Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)- 107/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcra ödənişinin alınması haqqında” 07 aprel 2025-ci il tarixli qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 Rafiq qızının Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 107/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 07 aprel 2025-ci il tarixli qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, şikayət ərizəsindən görünür ki, X1 Rafiq qızı məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Ramil Babayevin “icra ödənişinin alınması” haqqında 07 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və icra ödənişinin tutulmasının əsassız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs “İcra ödənişinin alınması haqqında” 07 aprel 2025-ci il tarixli qərarı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin X1 Rafiq qızı tərəfindən könüllü icrasının təmin olunmaması ilə əlaqədar qəbul olunmuşdur. Tərəfindən verilmiş şikayət qərarın icrasına nəzarətlə bağlı deyil. Sırf Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmurunun qərarından şikayətdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını Maraqlı şəxs “İcra ödənişinin alınması haqqında” 07 aprel 2025-ci il tarixli qərarı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin X1 Rafiq qızı tərəfindən könüllü icrasının təmin olunmaması ilə əlaqədar qəbul olunması ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli və onunla bağlı 16 may 2025-ci il tarixli qərardadları ləğv edilməli, X1 Rafiq qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı qeyd olunanlara əsasən qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, X1 Rafiq qızı məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Ramil Babayevin “icra ödənişinin alınması” haqqında 07 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi və icra ödənişinin tutulmasının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi Maraqlı şəxs “İcra ödənişinin alınması haqqında” 07 aprel 2025-ci il tarixli qərarı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 107/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin X1 Rafiq qızı tərəfindən könüllü icrasının təmin olunmaması ilə əlaqədar qəbul olunduğunu əsas gətirərək şikayəti geri qaytarmışdır. Halbuki şikayətin məzmunundan görünür ki, borclu tərəfindən verilmiş şikayət məhz Maraqlı şəxs icra məmurunun qərarındandır. Belə olan halda da məhz həmin şikayətə icra hərəkətlərini həyata keçirən icra məmurunun olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Göründüyü kimi mövcud şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli və onunla bağlı 16 may 2025-ci il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla borclunun şikayətinə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Rafiq qızının şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli və onunla bağlı 16 may 2025-ci il tarixli qərardadları ləğv edilsin. X1 Rafiq qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar