Məhkəmə qərarları › İş №8(105)-112/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-112/2021

21.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-112/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu, Maraqlı şəxs iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun Borclu aid hissədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(012)-258/2020 saylı qərardadından icra sənədi üzrə tərəflərin və Maraqlı şəxs verdikləri şikayətlərə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İlyas Həsənov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisinin 8İ- 1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar olaraq Borclu aid olan hissədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin göstərilən əmlaka yönəldilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin 8İ-1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydinə əsasən Tələbkar xeyrinə Borclu cəmi 9164 manat pulun tutulması qərara alınmışdır. Borclu hazırki vaxtadək icra sənədi üzrə tələbi icra etməmiş, borcunu tələbkara ödəməmişdir. DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin **********41 saylı, 18.02.2021-ci il tarixli məktubundan məlum olur ki, Maraqlı şəxs, Borclu və X1 adlarına ümumi birgə əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsinə dair JN-25899D saylı, 00500066 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Belə olduğu halda, borclu barədə məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır və təqdimat təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(012)-258/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Abşeron rayon 1 saylı Notariat Ofisinin 8İ- 1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Borclu aid olan hissədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. (hakim C.Səfiyeva) Qərardaddan icra sənədi üzrə Tələbkar şikayət verərək, onun qismən ləğv edilməsini və icra məmurunun təqdimatının tam təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. İcra sənədi üzrə Borclu, habelə Maraqlı şəxs da qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 13 və 16 aprel 2021-ci il tarixli, 8(012)-258/2020 saylı qərardadları ilə şikayətlər təmin edilməmiş, hər üç şikayət mülki işlə birlikdə 7 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İcra sənədi üzrə Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, qərardad bir sıra prosessual normaların pozulması nəticəsində çıxarılmışdır. Belə ki, icra sənədi üzrə Borclu bir neçə şəxsə də borcu vardır və bu barədə məhkəmə qərarları mövcuddur. Lakin heç bir qərar icra olunmamışdır, çünki buna səbəb kimi, onun mülkiyyətində tələbin yönəldilə biləcək əmlakın və ya gəlirlərinin olmaması göstərilmişdir. Lakin aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Borclu daxil olmaqla ailə üzvlərinə aid Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsi vardır. Buna görə də həmin torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, onun tələb etdiyi 9164 manat pulun tutulması göstərilən əmlaka yönəldilməlidir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad təqdimatın təmin edilməməsi hissəsində ləğv olunmalı, təqdimatın tam təmin edilməsi barədə yeni qərardad çıxarılmalıdır. İcra sənədi üzrə Borclu şikayətini bununla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-25899 D saylı, 00500066 kodlu) əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Məsələləri Komissiyasının 11 avqust 1992-ci il tarixli, 1133 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha, 209 j/t saylı bağ sahəsi onun anası Maraqlı şəxs mülkiyyətinə verilmişdir. Şəhadətnamənin ilk səhifəsindən açıq-aşkar görünür ki, o və bacısı X3 mülkiyyətçinin ailə üzvləri kimi göstərilmişdir. Şəhadətnamənin digər səhifələrində əmlakın mülkiyyətçi kimi yalnız Maraqlı şəxs göstərilmişdir. Hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində onun adına hər hansı torpaq sahəsi və digər daşınmaz əmlak müəyyən olunmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, işin həqiqi hallarına uyğun əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki və hüquqi hallar aydınlaşdırılmamışdır. Buna görə də qərardad ləğv olunmalıdır. İş üzrə Maraqlı şəxs isə şikayətini bununla əsaslandırmışdır ki, təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonu 1 saylı Notariat Ofisinin 8İ- 1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsində icra işi açılmış və həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya əsasən, onun, habelə övladları Borclu və X1 adlarına ümumbirgə əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, qızları - Borclu və X3 həmin yerdə qeydiyyatdadırlar. Bu torpaq sahəsi yalnız onun mülkiyyətində olduğundan digər şəxsin öhdəliyinə görə bu əmlakın üzərinə həbs qoyulması qanunsuzdur və buna görə də qərardad ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Tələbkar öz şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, qarşı tərəfin şikayətinə etiraz edərək, bildirdi ki, bu şikayətlər icra qeydinin icrasını yubatmaq məqsədilə verildiyindən şikayətlər təmin olunmamalıdır. İcra sənədi üzrə Borclu məhkəmə kollegiyasının iclasında həm özünün, həm də anası Maraqlı şəxs şikayətlərini müdafiə edərək onların təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, Tələbkar şikayəti əsassızdır. Bundan əlavə o, onun barəsində təhqiqat məlumatlarını iş materiallarına əlavə edib yaydığı üçün onun barəsində xüsusi qərardad çıxarılmalıdır. İş üzrə Maraqlı şəxs da özünün, habelə qızı Borclu şikayətlərini şikayətlərini müdafiə edərək onların təmin edilməsini xahiş etdi. O da bildirdi ki, Tələbkar şikayəti əsassızdır. Abşeron rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş Abşeron rayon 1 saylı Notariat Ofisinin 8İ-1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydindən görünür ki, həmin qeydə əsasən Borclu Tələbkar xeyrinə cəmi 9164 manat pul tutulmalıdır. Yenə işdə olan JN-25899D saylı, 00500066 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Maraqlı şəxs, Borclu və X2 Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Məsələləri Komissiyasının 11 avqust 1992-ci il tarixli, 1133 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,12 ha bağ torpaq sahəsi verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını verilmiş şikayətlərlə birgə araşdıraraq hesab edir ki, hər üç şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(012)-258/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” AR Qanununun 6.1 və 6.1.4-cü maddələrinə görə notariusun icra qeydləri icra sənədləri hesab edilir. İşdən görünür ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin 8İ-1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsində icra işi açılmış və həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya əsasən, Maraqlı şəxs, Borclu və X1 birgə mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İşin tədqiq olunan hallarından görünür ki, təqdimatla üzərinə həbs qoyulması tələb edilən torpaq sahəsinin mülkiyyətçilərindən biri də icra sənədi üzrə Borcludır. “İcra haqqında” AR Qanununun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Qeyd edilən normaların tələbindən də görünür ki, icra məmuru yalnız icra sənədi üzrə borcluya məxsus hər hansı əmlakın üzərinə həbs qoyulması barədə əsaslandırılmış təqdimat verə bilər. Hazırkı halda da görünür ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərindən biri də icra sənədi üzrə Borcludır və deməli, sadalanan normaların tələbinə əsasən onun payına aid hissədə həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və işin hallarına uyğundur. Bununla belə, icra məmurunun təqdimatından görünür ki, icra məmuru tutmanın bu əmlaka yönəldilməsi barədə qərardad çıxarılması da xahiş etmişdir. Məhkəmə isə bu hissədə təqdimatı rədd edərkən ona əsaslanmışdır ki, tələbin əmlaka yönəldilməsi hüququ icra məmurunun səlahiyyətinə aid olduğundan təmin edilə bilməz. Tələbin borclunun əmlakına yönəldilməsi qaydaları “İcra haqqında” AR Qanununun İV fəslində müəyyən edilmişdir və bununla bağlı fəaliyyət icra məmurunun vəzifələrinə aid edilmişdir. Buna görə də icra məmurunun öz vəzifəsinə aid olan hərəkətləri təqdimat vasitəsilə yenidən məhkəmədən tələb etməsi əsassızdır və “İcra haqqında” AR Qanununun bu barədə olan tələblərinə tamamilə ziddir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. İş üzrə borclu və maraqlı şəxs üzərinə həbs qoyulmuş əmlakın-torpaq sahəsinin yalnız Maraqlı şəxs Hüseyəli qızına məxsus olmasını iddia edərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası onların bu dəlili ilə razılaşmır. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Maraqlı şəxs, Borclu və X1 birgə mülkiyyətindədir. AR Mülki Məcəlləsinin 213.1-213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. “İcra haqqında” AR Qanununun 45.8-ci maddəsinin tələblərinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün qərar qəbul etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(012)-258/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayətlər təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(012)- 258/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar