Məhkəmə qərarları › İş №8(105)-112/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-112/2023

10.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-112/2023 10.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Borclu ASC-yə məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədovun təqdimatına baxılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(060)- 694/2023 nömrəli qərardadından Borclu ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Borclu ASC-yə məxsus “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-310/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarına əsasən cavabdeh Borclu ASC ilə iddiaçı Tələbkar arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, lakin həmin sazişə cavabdeh tərəfindən əməl edilmədiyindən iddiaçının müraciəti əsasında xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilmişdir. Müvafiq icra vərəqəsinə əsasən Borclu ASC-dən Tələbkar xeyrinə xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək ötən dövr ərzində sığorta haqları üzrə 819.550,97 manat pul ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsində başlanılmış icraat zamanı tələbin könüllü müddətdə icrası ilə bağlı borclu təşkilata bildiriş göndərilsə də, təmin edilməmiş, tələbin borclunun gəlirləri hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər müsbət nəticə verməmişdir (borclu təşkilatın bank hesablarının bəzilərinin bağlı olduğu, bəzilərində isə pul vəsaitinin olmadığı müəyyən edilmişdir). Müvafiq icra sənədi üzrə tələb könüllü müddətdə təmin edilmədiyindən icra məmuru tərəfindən “İcra xidməti icra məmurlarının xüsusi Fond”una ödənilməli olan, tələbin 7% həcmində (57.368,56 manat) icra ödənişinin tutulması barədə qərar qəbul edilmiş, ödənilməsi ilə bağlı borclu təşkilata xəbərdarlıq edilmiş, habelə hüquq və vəzifələri izah edilmiş, lakin təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 50-ci maddəsinə uyğun olaraq Borclu ASC-yə məxsus 33 adda, o cümlədən “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə xx.xx.2016-cı il tarixli təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin 8(060)-6491/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və müvafiq avtomobillər üzərinə həbs qoyulmaqla, açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır. Sözügedən qərardadda üzərinə həbs qoyulmuş avtomobillərdən yalnız üçünün “Foton Forland” markalı, **-AE-***, “Nissan Maxima” markalı, **-AA-*** və “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yeri müəyyən edilərək tələbin təmin edilməsi məqsədilə götürülmüş, icra məmurunun “qiymətləndiricinin dəvət edilməsi” haqqında qərarı əsasında "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müvafiq olaraq 19.000, 4.500 və 8.000 manat dəyərində qiymətləndirilmiş, habelə hərrac yolu satılması üçün sifarişlə "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən təşkil edilmiş hərrac prosesi zamanı “Foton Forland” markalı, **-AE-***, “Nissan Maxima” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alıcısı müəyyən edilməmiş, Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hərrac mərkəzinin 40/01 nömrəli xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokoluna əsasən satılmışdır. Hərrac zamanı X1 qalib alıcı elan edilməklə “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili 5.600 manat dəyərində əldə etmiş, həmin pul vəsaiti İcra idarəsinin depozit hesabına ödənilmişdir. Beləliklə, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu təşkilatın mülkiyyətində olan, qanuni əsaslarla hərrac yolu ilə satılmış, “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi məqsədilə, eləcə də sözügedən əmlak realizə olunduğuna görə üzərindəki həbsin götürülməsi məqsədəuyğun hesab olunur. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(060)-694/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 6491/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu ASC-yə məxsus “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür (hakim Emin Abdullayev). Həmin qərardaddan narazı qalan Borclu ASC şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(060)-694/2023 nömrəli qərardadınının ləğv edilərək təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi haqqında məlumat olmamış, avtomobil qat-qat ucuz qiymətə satılmış, hərrac tərəflərindən məhkəmə qaydasında mübahisələndiriləcəkdir. Bundan əlavə, Kommersiya məhkəməsinin təsdiq etdiyi barışıq sazişinin qərardadına, icra vərəqinə aidiyyət qaydaları pozularaq ümumi məhkəmə tərəfindən nəzarət qaydasında qərardad qəbul edilmiş, həbs qoyulmuş nəqliyyat vasitəsi aidiyyət qaydaları pozulmaqla ümumi məhkəmə tərəfindən həbsdən azad edilmişdir. Ümumi məhkəmə Kommersiya məhkəməsinə aid məsələni həll etmişdir. Habelə nəqliyyat vasitəsinin üzərinə həbs tələbkara borcun ödənilməsi üçün qoyulsa da, nəqliyyat vasitəsi həbsdən başqa məqsəd üçün – mübahisələndirilən 7% icra ödənişinin ödənilməsi üçün həbsdən azad edilmiş, nəqliyyat vasitəsinin qanunsuz satışı, 7% icra ödənişinin tutulması ilə əlaqədar tərəflər arasında məhkəmədə mübahisə getməsi nəzərə alınmamışdır. İddiaçı Dövlət Sosial X4 Sığortaedənlərlə İş üzrə Departamenti cavabdeh Borclu ASC-dən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı qismində 819550,97 manat məbləğində borcun cavabdehin əmlakı hesabına ödənilməsi tələbi ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmışdır. Mülki işin məhkəmə baxışı zamanı tərəflər arasında qeyd olunan borcun ödənilməsi barədə xx.xx.2011-ci il tarixli, 07 saylı Barışıq Sazişi bağlanılmışdır. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-310/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə həmin Barışıq Sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. 27 may 2016-cı il tarixində Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-310/2011 nömrəli icra vərəqəsi verilmişdir. İcra vərəqəsində göstərilmişdir ki, Sığortaedən (Borclu ASC) tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda İri Sığortaedənlərlə İş üzrə Departamenti həmin sazişin birtərəfli qaydada ləğv edilməsi və sazişin ləğv olunduğu tarixə sığortaedən tərəfindən yaranmış borcun tam məbləğdə ödənilməsi barədə məhkəmədə iddia qaldıra bilər. İcra İdarəsinin təqdimatı əsasında xx.xx.2016-cı il tarixində, 8(060)-6491/2016 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsi Borclu ASC-yə məxsus avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, açıq hərracda satılması və əldə olunan vəsaitin borc hesabına ödənilməsi barədə qərardad qəbul etmişdir. Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti ilə Borclu ASC arasında əldə olunmuş razılığa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc, o cümlədən, xx.xx.2011-ci il tarixli 07 saylı Barışıq Sazişində nəzərdə tutulan məbləğ hissə-hissə könüllü qaydada ASC tərəfindən ödənilməyə başlanılmış və son ödəniş 2022-ci ilin yanvar ayında başa çatmışdır. xx.xx.2022-ci il tarixli **********90956 saylı arayışa əsasən Borclu ASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. Bundan sonra Sumqayıt İcra İdarəsi bu icra sənədi üzrə Borclu ASC-dən 7% həcmində icra ödənişini də tələb etməyə başladı. Təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq uzun müddət bu ödənişlər yalnız şifahi qaydada tələb edilir, hər hansı əsaslandırıcı sənəd təqdim edilmirdi. Cavabdehdən 7% həcmində icra ödənişinin tələbinə dair müvafiq qərarın onlara təqdim edilməsi xahiş olunsa da, müxtəlif bəhanələr gətirilərək həmin qərar təqdim edilmirdi. Nəhayət son məktuba xx.xx.2023-cü il tarixli 419/20 saylı məktubla cavab verilərək Sumqayıt İcra İdarəsinin guya istinad etdiyi həmin qərarları təqdim etmişdir. 2023-cü ildə tərtib edilmiş bu qərarların içində həmçinin 2(85)-310/2011 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2023-cü ildə tərtib etdiyi 7% icra ödənişi tutulması haqqında 27 iyun 2016-ci il tarixli qərarı da təqdim edilmişdir. 2(85)-310/2011 saylı icra sənədi üzrə 7% məbləğində icra ödənişinin tutulmasına dair Sumqayıt İcra İdarəsinin xx.xx.2016-cı il tarixli qərarını nəzərdən keçirdikdə isə onun özündə də bir çox qanun pozuntularının olduğu aşkar edilmişdir. “İcra haqqında” Qanunun 85.2.7-ci maddəsinə əsasən qərarda mütləq şəkildə qərardan şikayət verilməsi qaydası və müddəti göstərilməlidir. Lakin qərarda nə şikayət vermə qaydası, nə də şikayət vermə müddəti göstərilməmişdir. Digər pozuntu qərarların çıxarılma tarixi ilə bağlıdır. Belə ki, 17 iyun 2016-cı il tarixində 2(85)-310/2011 saylı icra sənədini icraatına icra məmuru Kazım Kazımov qəbul etmiş və həmin tarixdə icraata başlama haqqında qərarı özü imzalamışdır. Yeni, 2023-cü ildə təqdim edilmiş, 7% məbləğində icra ödənişinin tutulması barədə qərarda isə icra məmuru Orxan Məmmədovun imzası ilə tarix olaraq keçmiş tarix - 27 iyun 2016-cı il yazılmışdır. Halbuki göründüyü kimi, 2016-cı ildə işin icraçısı Orxan Məmmədovun deyil, Kazım Kazımov olmuşdur. Yuxarıda göstərilən bütün bu faktlar həqiqətdə İcra idarəsi tərəfindən Borclu ASC-dən 7% məbləğində icra ödənişinin tutulması barədə heç bir qərarların olmadığını və 2023-cü ildə İcra İdarəsinin icra məmuru Orxan Məmmədov tərəfindən başqa icra məmurlarının icraatlarında olmuş icra işləri üzrə səlahiyyəti olmadığı halda geriyə tarixlə və özünün imzası ilə qanunsuz qərarlar hazırlanmışdır. Borc məbləğinin ASC tərəfindən tam olaraq könüllü qaydada ödənilməsinə baxmayaraq, indi də Sumqayıt şəhəri üzrə İcra İdarəsi qanunsuz hərəkətlərini davam etdirir və onun tərəfindən icra sənədi üzrə icraata xitam verilməli olduğu halda bunu etmir və qanunsuz olaraq Borclu ASC-yə qarşı 7% məbləğində icra ödənişinin ödənilməsi tələbi sürülür. Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu qanunsuz tələbini təmin etmək üçün isə Borclu ASC-nin həbs qoyulmuş əmlakına yönəltmək niyyəti ilə icra məmurları tərəfindən Borclu ASC-yə və onun əməkdaşlarına qarşı qanunsuz hərəkətlər edilmiş və qeyri-qanuni şəkildə, heç bir sənəd, qərar təqdim etmədən və zor tətbiq etməklə xx.xx.2022-ci il tarixində Borclu ASC-nin ərazisində olan və ona məxsus 3 ədəd - “Nissan Sunny” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “Foton Forland” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi götürülərək naməlum istiqamətdə aparılmışdır. Müraciətlərinə baxmayaraq qanunsuz götürülmüş bu nəqliyyat vasitələri də geri qaytarılmamışdır. Daha sonra icra məmuru Orxan Məmmədov tərəfindən qeyd olunan 3 avtomaşının qiymətləndirilməsi üçün müvafiq hərəkətlər həyata keçirilmiş və hərrac yolu satılması üçün sifarişlə "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən təşkil edilmiş hərrac prosesi zamanı “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə satılmışdır. Belə ki, hərrac zamanı X1 adlı şəxs qalib alıcı elan edilməklə “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili 5.600 manat dəyərində əldə etmiş, həmin pul vəsaiti İcra idarəsinin depozit hesabına ödənilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin həbsdən azad edilməsi ilə bağlı olaraq ASC tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə və Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmələrdə icraatın davam etməsinə baxmayaraq, artıq icra olunmuş icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ASC-nin mülkiyyətində olan “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac yolu ilə satılması və həmin əmlakın özgəninkiləşdirilməsi üçün üzərindəki həbsin götürülməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tələsik və qeyri-qanuni hərəkətlər edilmişdir. Lakin İcra İdarəsi öz qərarının mübahisələndirildiyini görərək, aidiyyət qaydasını pozaraq icra vərəqini vermiş Kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət edir. 27 may 2016cı il tarixli, 2(85)-310/2011 nömrəli icra vərəqi Sumqayıt İnzibati-İqtisad Məhkəməsi tərəfindən verilsə də, onun icrasına nəzarət, onun icrası ilə bağlı qərar qəbul edilməsi, eyni zamanda nəqliyyat vasitəsinin həbsdən azad edilməsi məsələsinə dair qərar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilə bilməzdi. Beləliklə, Sumqayıt Şəhər məhkəməsi tərəfindən xx.xx.2023-cü il, 8(060)-649/2023 saylı qərardad qəbul edilərkən aidiyyət qaydaları pozulmuş, nəqliyyat vasitəsinin üzərinə həbs tələbkara borcun ödənilməsi üçün qoyulsa da, nəqliyyat vasitəsi həbsdən başqa məqsəd üçün – mübahisələndirilən 7% icra ödənişinin ödənilməsi üçün həbsdən azad edilmişdir, nəqliyyat vasitəsinin qanunsuz satışı 7% icra ödənişinin tutulması ilə əlaqədar tərəflər arasında məhkəmədə mübahisə getməsi nəzərə alınmamışdır. 2(85)-310/2011 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2023-cü ildə tərtib etdiyi 7% icra ödənişi tutulması haqqında 27 iyun 2016-ci il tarixli qərarın ləğv edilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin həbsdən azad edilməsi ilə bağlı olaraq ASC tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə və Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmələrdə icraatın davam etməsinə baxmayaraq, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(060)-694/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-694/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərardadından Borclu ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Emin Abdullayev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. Həmin Qanunun 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə tələb könüllü müddətdə təmin edilmədiyindən icra məmuru tərəfindən tələbin 7% həcmində (57.368,56 manat) icra ödənişinin tutulması barədə 27 iyun 2016-cı il tarixdə qərar qəbul edilmiş və İcra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 50-ci maddəsinə uyğun olaraq Borclu ASC-yə məxsus 33 adda, o cümlədən “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə xx.xx.2016-cı il tarixli təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(060)-6491/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilərək müvafiq avtomobillər üzərinə həbs qoyulmaqla, açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır. Qərardadda üzərinə həbs qoyulmuş avtomobillərdən yalnız üçünün “Foton Forland” markalı, **-AE-***, “Nissan Maxima” markalı, **-AA-*** və “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yeri müəyyən edilərək tələbin təmin edilməsi məqsədilə götürülmüş və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müvafiq olaraq 19.000, 4.500 və 8.000 manat dəyərində qiymətləndirilmiş, habelə hərrac yolu satılması üçün sifarişlə "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən təşkil edilmiş hərrac prosesi zamanı “Foton Forland” markalı, **-AE-***, “Nissan Maxima” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alıcısı müəyyən edilməmiş, “Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hərrac mərkəzinin 40/01 nömrəli xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokoluna əsasən 5.600 manata satılmış və həmin pul vəsaiti İcra idarəsinin depozit hesabına ödənilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul etmiş, həmin qərarın icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlakların üzərinə həbsin qoyulması barədə təqdimat vermiş, təqdimat təmin edilərək əmlakların üzərinə həbs qoyulmuş, həmin əmlaklardan yalnız üçünün yeri müəyyən olunaq qiymətləndirilmiş və açıq hərracdan yalnız Nissan Sunny” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil satılaraq icra sənədinin icrasının təmini məqsədilə İcra idarəsinin depozit hesabına köçürülmüşdür. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırda icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ASC-nin mülkiyyətində olan “Nissan Sunny” markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac yolu ilə satıldığından həmin avtomobilin özgəninkiləşdirilməsi üçün üzərinə qoyulmuş həbsin götürülməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hərracın nəticələrinin borclu tərəfindən mübahisələndirilməsi ayrıca iddia tələbi üzrə mübahisə olmaqla həmin icraatla bağlı müvafiq müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə əlaqədar yenidən məhkəməyə müraciət olunmasını istisna etmir. Aidiyyat qaydalarının pozulması ilə əlaqədar təqdimata baxılmasına dair şikayətin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, hazırki iş üzrə təqdimat Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-6491/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə avtomobilin üzərinə qoulmuş həbsin götürülməsi ilə əlaqədar verilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(060)-694/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar