Məhkəmə qərarları › İş №8(105)-113/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-113/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-113/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə məhkəmə iclas katibi X3 iştirakı ilə Cavabdeh icra məmuru X4 28 iyul 2023-cü il tarixli “icra ödənişinin alınması haqqında” qərarından X7 verdiyi şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-621/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh icra məmuru X17 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X12 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh icra məmuru X5 28 iyul 2023-cü il tarixli “icra ödənişinin alınması haqqında” Qərarının ləğv edilməsi və X7 icra ödənişi öhdəliyindən azad edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra X7 nümayəndəsi Vəkil Rafulla qızı şikayət ərizələrinə dəqiləşmə verərək Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh icra məmuru X5 28 iyul 2023cü il tarixli “icra ödənişinin alınması haqqında” Qərarının ləğv edilməsi və X6 icra ödənişinin tutulmasının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixə cavabdehlər X1, X8 və X6 müştərək qaydada 7571,29 ABŞ dolları əsas borc, 1839,93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9761,22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 12.547,17 (on iki min beş yüz qırx yeddi ABŞ dolları on yeddi sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı QSC cavabdehlər X9 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)- 155/2017 saylı qətnaməsi ilə X1, X8 və X6 müştərək qaydada 7571, 29 ABŞ dolları əsas borcu, 1839,93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9761,22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə X1 xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11504, 44 ABŞ dolları kredit borcu, 942, 73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 12547 (on iki min beş yüz qırx yeddi) ABŞ dolları 17 sent məbləğində borcun və 22 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv metr ümumi, 31,2 kv metr yaşayış, 21,4 kv metr yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, 22308,39 ABŞ Dolları məbləğində borc, 52 manat dövlət rüsumunun və hazırki iş üçün məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, X8 və X6 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-129/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə X1, X8 və X6 müştərək qaydada tutulması qət edilən cəmi 9761,22 ABŞ dolları borc (ödəniş gününə manata məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi; Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə X1 tutulması qət edilən cəmi 12547,17 ABŞ dolları məbləğində borc (ödəniş gününə manata məzənnə ilə) və 22 manat dövlət rüsumunun əvəzinin 1-ci və 2-ci bənddə qeyd edilən iki qətnamə üzrə cəmi 22308,39 ABŞ dolları borc və 52 manat, həmçinin hazırki iş üzrə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişin qeydə alınmasına və 30 manat xidmət haqqına görə ödənilmiş vəsaitin ümumilikdə 22308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manatın Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv metr ümumi, 31,2 kv metr yaşayış, 21,4 kv metr yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi,mənzilin ilkin satış qiymətinin 50 000 manat olmaqla açıq hərracdan satılması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Bu qətnamə bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından sonra X12 -ipotekaya qoyulmuş əmlakın sahibi olaraq ailə üzvləri ilə yaşadığı mənzili itirməmək üçün kreditor Qeys Hüseynovun banka olan borcunu- 22308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manatı ödəmiş və borcun tam olaraq X12 tərəfindən ödənilməsi barədə bank tərəfindən ona rəsmi arayış da verilmişdir. Məhkəmə qətnamələrindən və kredit müqavilələrindən göründüyü kimi həmin vəsaitləri bankdan Q.Hüseynov götürmüş və öz şəxsi məqsədlərinə (ət alveri,fermer təsərrüfatı) sərf etmiş, lakin pulu ödəməyərək X10 və ailə üzvlərini ağır bir duruma salmışdır. Lakin kreditor tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinə və borcdan bir manat da olsun vəsaitin ödənilməməsinə baxmayaraq bu iş üzrə digər zamin X13 xx.xx.2023-cü ildə X12 ilə əlaqə saxlamaqla ona bildirmişdir ki, icra məmuru tərəfindən belə bir qərar qəbul olunmuş və həmin qərarla qeyd edilən pula görə 1561,58 ABŞ dolları məbləğində icra xərci müəyyən olunaraq bu vəsaitin də ödənilməsi X7 üzərinə qoyulmuşdur. Bildirir ki, icra məmuru tərəfindən X11 münasibətdə hər hansı bir icra hərəkəti aparılmamış,hətta bu iş üzrə icraata başlamaq barədə qərarın surəti ona verilməmişdir. Bundan başqa X11 münasibətdə hər hansı bir məcburi icra hərəkətləri görülməmiş və X12 özü icra məmurunun iştirakı olmadan bankla danışığa və razılaşmaya getmiş, hər hansı bir qiymətləndirmədən və hərracdan məlumatsız olmuş, bu barədə də ona icra məmuru hər hansı bir məktub və ya bildiriş göndərməmiş, ümumiyyətlə X12 xx.xx.2023-cü il tarixə kimi bu işin icra məmuru T.Rüstəmovun icraatında olduğunu belə bilməmişdir. Lakin bütün bunlara baxmayaraq icra məmuru T.Rüstəmov icra xərclərinin X6 tutulmasına qərar vermiş və bu qərar qanunsuzdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh icra məmuru X5 28 iyul 2023-cü il tarixli “icra ödənişinin alınması haqqında” Qərarı ləğv edilmiş və X6 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-129 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra ödənişinin tutulmasının əsassız hesab edilməsi qərara alınmışdır. Bu qərardaddan Cavabdeh icra məmuru Tural İsayev şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçinin əsaslandığı hallara əsasən hesab etmişdir ki, guya icra məmuru tərəfindən X11 münasibətdə hər hansı bir icra hərəkətləri aparılmamış, hətta bu iş üzrə icraata başlamaq haqqında qərarın surəti ona verilməmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, X12 özü icra məmurunun iştirakı olmadan bankla danışığa və razılaşmaya getmiş, hər hansı bir qiymətləındirmədən və hərracdan məlumatsız olmuş, bu barədə ona icra məmuru hər hansı bir məktub və bildiriş göndərməmişdir. Aşağıda göstərilən səbəblərə görə Sumqayıt şəhər məhkəməsinin 8(060)-621/2023 saylı, 22 avqust 2023-cü il tarixli qərardadı qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir: İcra məmuru “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədini icraata qəbul etdiyi gün icraata başlamış və qərarın surətini, könüllü icra barədə bildirişlə məhkəməyə və tərəflərə göndərilmişdir. Göndərişi təstiq edən reyestrin surəti şikayətə əlavə edilmişdir. Məhlkəmə qətnaməsi ilə icra sənədinin icrası üsulu müəyyən edilərək tələbin ipoteka predmetinə yönəldilməsi nəzərdə tutulduğundan, icra üsuluna uyğun olaraq, icra sənədi xx.xx.2023cü il tarixdə 60/16 saylı məktubla icra məmuru tərəfindən icra üçün "xxxx" MMC-yə, məlumat üçün məhkəməyə və tərəflərə göndərilmişdir. (reyestrin surəti şikayətə əlavə olunur). Hərracın keçirilməsi haqqında “Sifarış” Hərrac Mərkəzi tərəfindən qəbul edilmiş, hərracın keçirimə vaxtının xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubla tərəflərə və sifarişçiyə məlumat verilmişdir. Yalnız bundan sonra ipoteka qoyan mənzilin itirilməməsi məqsədilə mənzilin ipotekadan çıxarılması üçün banka olan kredit borcunu ödəmişdir. Bildirilir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda tələbin ipoteka və ya girov predmetinə yönəldilməsini nəzərda tutan icra sənədlərinin icrası ilə əlaqədar icra məmuru tərəfindən hərrac mərkəzinə sifarif verilməsindən başqa (ipoteka predmetinin qiyməti müəyyən olunduğu halda) digər icra tədbirlərinin görülməsi,həmçinin ipoteka qoyulmuş əmlakın (mənzilin) ipotekadan çıxarılması üçün “bankla danışıqlara və razılaşmaya getməsi” vəzifəsi icra məmurunun üzərinə qoyulmamışdır. Həmçinin, X7 hər hansı bir qiymətləndirmə və hərracdan məlumatsız olması da əsassız dəlildir. Belə ki, mənzilin qiyməti məhkəmə tərəfindən 50 000 manat olmaqla qiymətləndirilməsi məhkəmənin yekun qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda Etibar Novruzovun əmlakın qiymətləndirilməsindən məlumatsız olması həqiqəti əks etdirmir. Eyni zamanda “İcra haqqına” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum qərarında göstərilir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Sumqayıt şəhər Məhkəməsi həmin mübahisəyə baxmaqla məhkəmə aidiyyətinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenimunun qərarının tələbini pozmuşdur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 8(060)-621/2023 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan iş materiallarından göründüyü kimi Cavabdeh icra məmuru Toğrul Rüstəmovun xx.xx.2023- cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 129/202 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X6 1561,58 ABŞ dolları məbləğində icra ödənişinin tutulması qərara alınmışdır. İşə baxan məhkəmə Cavabdehndən e46605/2023-47-23-001 saylı icra işi tələb etmişdir və məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində icra sənədi üzrə icraata başlanılmış, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Həmin qərarın surəti X11 göndərilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-129 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatda X11 məxsus Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil 50000 manat qiymətləndirilmiş və həmin əmlaka dair hərracın keçirilməsi xahiş edilmişdir. Həmin məktubun surətinin X11 göndərilməsi məktubda əks olunsa da, həmin məktubun həqiqətən də X11 çatmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Ərizəçinin dəlilləri sübutlarla təsdiq edilən ərizəsindən və iş materiallarından aydın olur ki, icra məmuru tərəfindən X11 münasibətdə hər hansı bir icra hərəkəti aparılmamış, hətta bu iş üzrə icraata başlamaq barədə qərarın surəti ona verilməmişdir. Bundan başqa X11 münasibətdə heç bir məcburi icra hərəkətləri görülməmiş və X12 özü icra məmurunun iştirakı olmadan bankla danışığa və razılaşmaya getmiş, hər hansı bir qiymətləndirmədən və hərracdan məlumatsız olmuş, bu barədə də ona icra məmuru hər hansı bir məktub və ya bildiriş göndərməmişdir. «İcra Haqqında» Azərbayçan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bu Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Eyni Qanunun 78.4-cü maddəsinə görə icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır. Sadalanan normaları hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, şikayətə əlavə edilmiş sənədlər ərizəçi Etibar Novruzovun qeyd olunan icra işinin icra mərhələsi barədə məlumatlı olmasını sübut etmir. Hərracın keçirilməsi və digər məktublarda ərizəçinin ünvanına göndəriş qeyd edilsə də, bu hallar sonuncunun həmin sənədləri qəbul etməsini təstiq etmir. Başqa sözlə icra ödənişinin tutulması üçün qanunverici birbaşa şərt müəyyən etmişdir ki, bu şərt icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi ilə bağlıdır. Konkret işin hallarından görünür ki, ərizəçi (icra sənədi üzrə borclu) tələbin könüllü icrasından nəinki boyun qaçırmış, əskinə tələbin ödənilməsi ilə bağlı tələbkar bankla razılığa gəlmiş, son nəticədə tələb ödənilmişdir. Bu halda hər hansı üzrsüz səbəbdən tələbin ödənilməməsindən söhbət gedə bilməz. Kollegiya şikayətin digər dəlili, yəni “işə inzibati icraat qaydasında baxılması”na münasibət bildirərək qeyd edir ki,aşağıda göstərilənlərə əsasən hazırkı halda inzibati mübahisə mövcud olmadığı üçün ərizəyə ümumi məhkəmədə baxmaqla hər hansı pozuntuya yol verməmişdir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh icra məmuru X17 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-621/2023 saylı, 22 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar