Məhkəmə qərarları › İş №8(105)-113/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-113/2024

17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-113/2024 17.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 maraqlı tərəf Maraqlı şəxs qarşı iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) X23 Süleymanovanın sədrliyi və məruzəsi, X26 Məmmədov və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İcra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadından tələbkar Gözəlova (Daştəmirova) Gülnar Rəşid qızının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi - tələbkar Gözəlova (Daştəmirova) Gülnar Rəşid qızı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 339 saylı yenidən icra prosesi təyin etməməsi barədə imtina məktubunun qanunsuz hesab edilməsi, icra prosesi zamanı yalnız bir tələbkarın təqdim etdiyi "xxxx" MMC-nin göstərilən rəyinə əsaslanmasının qanunsuz hesab edilməsi və tərəflərlə birlikdə sonrakı prossesual hərəkətlər yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələbkar Gözəlova (Daştəmirova) Gülnar Rəşid qızı şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 4435/2017 saylı qətnaməsinə əsasən Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X9 tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi X5 qanunsuz istifadəsindən alınaraq mərhum atası Daştəmirov Rəşid Balasoltan oğluna verilməlidir. Bildirir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatında olan işlə bağlı icra məmuru tərəfindən heç vaxt tələbkar kimi onlara məlumat verilməmişdir. Onlar da mərhum atalarının hüquqi varisləridir və icra məmuru onları iş üzrə tələbkar kimi tanımışdır. Əksinə bütün proseslər onlardan xəbərsiz getmişdir. Bunun səbəbi İcra məmuru Vidadi Dadaşovun yalnız bir tələbkar - babaları Maraqlı şəxs nümayənədəsi Nümayəndə2 sifarişlərini yerinə yetirməsidir. Əgər belə olmasa idi onlara icra məmuru tərəfindən görülən işlərlə bağlı məlumat verilərdi. Lakin hazırki vaxtdək onlardan xəbərsiz gizlin şəkildə bir tərəfli qaydada torpaq bölgüsü aparılaraq icra məmuru paylı mülkiyyətdə olan torpaq sahəsini yalnız Nümayəndə2 təhvil verməyə cəhd etmişdir. Bu isə kobud qanun pozuntusudur. İcra məmuru etibarnamə üzrə nümayəndələrinə bildirmişdir ki, digər tələbkarlar müraciət etmədiyi üçün onlara məlumat vermirlər. Hansı ki, İcra Haqqında qanunda tələbkarın üzərinə elə bir öhdəlik qoyulmamış, əksinə icra məmurunun vəzifəsidir ki, icra sənədi ilə bağlı tərəflərə məlumat versin və icra sənədi üzrə tərəflərin hüquqlarının pozulmasının qarşısını alsın. İcra haqqında qanunun 28.3-cü maddəsinə əsasən xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. Göründüyü kimi icra məmuru onları tələbkar kimi tanısada xeyirlərinə və maraqlarına zidd addımlar ataraq hüqüqlarını kobud şəkildə pozmuşdur. Tərəflərindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə yenidən icra prosesinin keçirilməsini və onlara məxsus torpaq sahəsinin ayrılıb onlara verilməsini təmin etməyini xahiş etsələr də o, müraciətlərinə imtina cavabı vermişdir. Həmçinin İcra məmuru heç bir hüquqi qüvvəsi olmayan ekspert rəyinə əsaslanaraq torpaq sahəsini qanunsuz olaraq yalnız tələbkarlardan birinin hüquqi varisinə təhvil vermişdir. Məlumat üçün bildirir ki, həmin MMC-nin verdiyi rəyin etibarsız hesab edilməsi ilə bağlı cavabdeh tərəfindən Nizami rayon Məhkəməsinə müraciət olunmuş, Nizami rayon Məhkəməsinin qərarına əsasən həmin rəyin məhz icra icraatı zamanı dəvət edilmiş mütəxəsis tərəfindən verilmədiyi üçün heç bir hüquq müəyyən edici qüvvəsi olmadığına əsaslanaraq iş məhkəmə icraatına götürülməmişdir. Göründüyü kimi icra məmuru tələbkarlardan birinin nümayəndəsinin sifarişlərini yerinə yetirərək qanunsuzluqlara yol verir. Yəni Həmin “Məhkəmə Ekspertizası Xidmətləri “MMC-nin rəyi icra icraataı zamanı verilməyib və icra məmuru həmin rəyə əsaslana bilməz.

3. Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadı ilə (hakim Nərmin Abiyeva) tələbkar Gözəlova (Daştəmirova) Gülnar Rəşid qızının icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməmişdir.

4. X3 nümayəndəsi və vəkili Nümayəndə1 Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 saylı qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadı ilə (hakim Nərmin Abiyeva) Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 saylı qərardadından X3 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X13 31 yanvar 2024-cü ildə tərtib etdiyi “torpaq sahəsinin ayrılıb verilməsi barədə” Aktdan müəyyən olunur ki, qeyd olunan icra sənədi ilə bağlı xx.xx.2024-cü il tarixdə icra tədbiri yerində olmuşlar, lakin borclu X10 tələbin icrası ilə bağlı torpaq sahəsinə daxil olmağa imkan verməmiş və icra məmuruna maneəçilik törətmişdir.

7. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin Daştəmirov Rəşid Balasoltan oğlunun qanun üzrə vərəsələri iş üzrə tələbkarlar X14 və Daştəmirova Gülnar Rəşid qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ünvanladığı 24 aprel 2024-cü il tarixli, 339 nömrəli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 4435/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X8 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə X8 məxsus olan 0.57 ha torpaq sahəsi X6 qanunsuz sahibliyindən alınaraq, X8 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə sonuncu dəfə xx.xx.2024-cü il tarixində icra tədbiri təyin edilmişdir. Həmin tarixdə tərəfin icra şöbəsinə təqdim etdiyi "xxxx" MMC-nin rəyi ilə tələbkar Rəşid Daşdəmirovun vəsiyyət üzrə vərəsəsi tələbkar X2 2.30 ha torpaq sahəsindən (çoxillik əkmələr gilas bağından) 0.57 ha torpaq sahəsi şimal istiqamətindən göstərilərək verilmiş və bu barədə akt tərtib edilmişdir. Qeyd olunan icra sənədi üzrə X21 və Daştəmirova Gülnar Rəşid qızı X7 qanun üzrə vərəsələri qismində tanınsalar da icra tədbirində iştirak barədə Xaçmaz rayon icra və probasiya şöbəsinə müraciət etməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Gödəkli kəndində yerləşən mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması öhdəliyinin cavabdehin qoyulması tələbinə dair iddiası vardır. Mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verildikdən sonra müvafiq payların verilməsi ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edə bilərlər.

8. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)- 54/2022 saylı qərarından müəyyən olunur ki, Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən mərhum X7 adına olan 0.57 ha torpaq sahəsinə dair həmin şəxsin adına planölçü sənədi verilmədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(105)- 19/2024 saylı qərarından müəyyən olunur ki, iddiaçı Maraqlı şəxs və iş üzrə üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2- 1(118)-54/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilərək Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə üzərinə qoyulması qərara alınmışdır.

10. İcra məmuru X13 21 noyabr 2023-cü il tarixli tərəfin onun vərəsəsi ilə əvəz edilməsi haqqında qərarından müəyyən olunur ki, icra məmuru X22 ölmüş tələbkar Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsləri Daştəmirova Gülnar Rəşid qızı və X21 ilə əvəz etmişdir.

11. "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-158 seriyalı, kod 30204028 saylı Dövlət Aktına əsasən X7 mülkiyyətində olan Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0,57 ha torpaq sahəsinin yerləşmə mövqeyi, koordinatları və ölçüləri müəyyən edilərək, naturada ayrılmasına dair bölgü planı və yerləşmə cizgisi tərtib edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

13. X3 nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir və göstərilən qərardad ləğv olunmalıdır. Belə ki məhkəmə qərardadın əsaslandırma hissəsində Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 339 saylı məktubunu hüquqi akt saymadığından, həmin məktubun ləğv edilməsi məsələsinə məhkəmə qaydasında baxılamsının nəzərdə tutulmadığını göstərmişdir. Məhkəmə əgər ərizəsinə nəzər yetirsə aydın olar ki, onlar şikayət ərizəsində göstərilən məktubun ləğv edilməsi ilə bağlı heç bir tələb irəli sürməmişlər. Onların tələbi İcra və Probasiya şöbəsinin tələbkar kimi onları yenidən icra prosesi təyin edilməsi ilə bağlı ərizələrinə imtina cavabının verilməsinin və icra məmurunun "xxxx" MMC-nin icra icraatı zamanı deyil, yalnız tələbkarların birinin müraciəti əsasında verilmiş heç bir hüquqi sənəd olmayan rəyə əsaslanmasının qanunsuz hesab edilməsi ilə bağlıdır. Göründüyü kimi məhkəmə göstərilən qərardadda ümumiyyətlə ikinci tələbinə dair heç bir əsaslandırma apara bilməmişdir. Keçirilən iclasda protokollara və video görüntülərə nəzər yetirilsə icra məmuru özü etiraf etmişdir ki, icra sənədi üzrə beş tələbkar olsa da o, yalnız bir tələbkarı icra prosesi barədə məlumatlandırmış və icra prosesinə dəvət etmişdir. Göründüyü kimi artıq icra məmuru özü hərəkətlərinin qanunsuz olmasını məhkəmədə etiraf etsə də, məhkəmə göstərilənləri nəzərə almamışdır. Hesab edir ki, icra məmuru hamıya məlum olan səbəbdən icra prosesinə tələbkar kimi onları dəvət etməmiş, beş tələbkardan yalnız birinin maraqlarına xidmət edən hərəkətlər etmişdir. Halbuki, icra məmuru özü qərar qəbul edərək ölmüş tələbkarın yerinə beş hüquqi varisi tələbkar kimi tanısa da, sonrakı prosesual hərəkətlərində yalnız bir tələbkarın iştirakını təmin etmiş, digər tələbkarları isə ümumiyyətlə icra icraatındakı proseslərə cəlb etməmiş və icra hərəkətləri barədə digər tələbkarları məlumatlandırmamışdır. Əgər icra məmuru yenidən icra prosesi təyin edib bütün tələbkarları icra prosesinə cəlb edib icra sənədini icra etsə, icra daha qanuni həyata keçirilər. Mövcud qanunvericilik də bunu tələb edir. Ehtimal edir ki, icra məmuru israrla yenidən icra prosesi təyin etməməsinə səbəb maraqlarına xidmət etdiyi bir tələbkarın nümayəndəsindən çəkinməsidir. Əgər belə olmasa idi icra məmuru yenidən icra prosesi təyin edib bütün tələbkarları icra prosesinə dəvət edərək icra sənədini icra edib icrasına xitam verilməsi ilə bağlı qərar qəbul edərdi. Məlumat üçün bildirir ki, icra məmuru göstərilən icra sənədinin icrası ilə bağlı xitam qərarı qəbul etmir, həmçinin yenidən icra prosesi təyin etməkdə maraqlı deyil. İcra məmurunun bildirdiyinə görə guya torpaq sahəsini ölçərək tələbkarlardan birinə təhvil verib və öz işini yerinə yetirib. Əgər elədirsə bəs nəyə görə icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul etmir? Göründüyü kimi məhkəmə bütün bu göstərilənlərin heç birini nəzərə almamış, ümumi cümlələrlə qərardadın çıxarılması üçün əsas olmayan normalara əsaslanaraq qərardad qəbul etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri

14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya baxışının hədləri

15. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

16. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli və bununla bağlı 19 avqust 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş materiallarından müəyyən olunur ki, tələbkar Gözəlova (Daştəmirova) Gülnar Rəşid qızı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 339 saylı yenidən icra prosesi təyin etməməsi barədə imtina məktubunun qanunsuz hesab edilməsi, icra prosesi zamanı yalnız bir tələbkarın təqdim etdiyi "xxxx" MMC-nin göstərilən rəyinə əsaslanmasının qanunsuz hesab edilməsi və tərəflərlə birlikdə sonrakı prossesual hərəkətlər yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir.

21. Məhkəmə mövqeyni Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli, 339 saylı məktubunun hüquqi akt sayılmadığından, həmin məktubun ləğv edilməsi məsələsinə məhkəmə qaydasında baxılmasının nəzərdə tutulmaması, həmçinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli aktının qanunsuz hesab edilməsi və həmin icra işi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün heç bir əsasın olmaması ilə əsasladırmışdır.

22. Məhkəmə qərardadı ilə razılaşmayan X3 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

23. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

24. İş materialları ilə müəyyən edilir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 4435/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkar vəfat etmiş, araşdırılan mübahisə üzrə ərizəçi və digər şəxslər hüquqi varis qismində tanınmışlar, icra sənədi üzrə icra hərəkətləri aparılaraq tələb olunan torpaq sahəsi tələbkarın hüquqi varislərindən X2 ayrılıb verilmiş, sonuncu müvafiq payların verilməsi ilə bağlı aiddiyyəti quruma müraciət etmişdir.

25. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi, icra sənədinin icrasının təmini istiqamətində hər hansı qanun pozuntusu aşkar edilməmişdir. Kollegiyanın qənatincə tələb olunan sahənin ayrılıb tələbkarın hüquqi varislərindən birinə təhvil verilməsi icra sənədənin mahiyyətinə zidd deyildir.

26. Kollegiya hesab edir ki, ərizəçi vərəsə kimi pay hüququnun pozulduğunu hesab etdiyi halda həmin məsələni müvafiq icraatı qaydasında mübahisələndirə bilər.

27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli və bununla bağlı 19 avqust 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Ərizəçi - tələbkar Gözəlova (Daştəmirova) Gülnar Rəşid qızının nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli və bununla bağlı 19 avqust 2024-cü il tarixli, 8(067)-106/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar