Məhkəmə qərarları › İş №8(105)-113/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-113/2025

17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-113/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar icra vərəqəsi ürə ödənilməli olan pul məbləğinin indeksasiya olunmasına dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Ərizəçi Tələbkar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 91/2013 nömrəli, xx.xx.2019-cu tarixli icra vərəqəsi ürə ödənilməli olan pul məbləğinin indeksasiyasına dair Quba Rayon Məhkəməsinin 8(027)-69/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, N-1(101)-91/2013 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs Alxasova (Süleymanova) Sabrina Cavidovnadan 6600 ABŞ dolları məbləğində pulun tutularaq dəymiş maddi zərərə görə Tələbkar ödənilməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

2. Tələbkar ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-34/2-80/02-2/2023 saylı məktubu ilə müəyyən olunan inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi səviyyəsinə uyğun olaraq, 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin indeksasiya olunub artırılmış hisssi olan 11259 ABŞ dollarının borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnadan tutularaq Tələbkar (yəni mənə) ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Quba Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 8(027)-69/2025 saylı qərardadı ilə (hakim Aydın Babayev) ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarımışdır

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

5. Qərardaddan Tələbkar şikayət verərək ərizənin aidiyyəti üzrə məhkəmədə baxılmasını xahiş etmişdir.

6. Quba Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 8(027)-69/2025 saylı qərardadı ilə (hakim Aydın Babayev) şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, o, indeksasiyanın həyata keçirilməsi üçün bundan əvvəl xx.xx.2023-cü il tarixdə borclunun qeydiyyatda olduğu ünvan üzrə Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 8(027)-278/2023 nömrəli qərardadla ərizə və ona aid edilmiş sənədlər geri qaytarıldı. Daha sonra xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 1(101)-91/2013 saylı cavab məktubundan aydın olmuşdur ki, ərizə icra olunması üçün Quba Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra ərizənin aidiyyəti üzrə göndərilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən ərizənin birbaşa borclunun qeydiyyatda olduğu yer üzrə Quba Rayon Məhkəməsinə təqdim edilməsi tövsiyyə edildi. Sonda yenidən Quba Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmək qərarına gəlmiş, lakin Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 8(027)-69/2025 saylı qərardadla yenidən ərizə və ona aid edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bu cür qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə prosedur qaydaya uyğun olaraq Quba Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 8(027)-69/2025 saylı qərardaddan Quba Rayon Məhkəməsinə şikayət vermək zərurəti yaranmışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

10. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

11. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

13. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

17. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, N-1(101)-91/2013 nömrəli hökmünə əsasən Alxasova (Süleymanova) Sabrina Cavidovna 6600 ABŞ dolları məbləğində pulu Tələbkar ödəməlidir.

18. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 1(101)-91/2013 nömrəli məktubundan görünür ki, Tələbkar icra vərəqəsi üzrə ödənilməli olan pul məbləğinin Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən indeksasiyası barədə ərizəsi icra olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəni məhz mübahisələndirilən qərardadda göstərilən əsasla qaytarılması mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ərizəçinin mövcud tələbi məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiya məsələsi ilə bağlı deyildir. İndeksasiya olunması tələb olunan pul məbləği məhkəmənin cinayət işi üzrə çıxardığı hökmlə bağlıdır. Birinci instansiya məhkəməsinin qərardadda göstərdiyi hüquqi mövqeyə görə ərizəçi hazırkı tələblə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etməlidir. Cinayət Prosssual Məcəlləsində isə hökmün icrası zamanı tutulmalı olan pul məbləğinin indeksasiyası nəzərdə tutulmamışdır.

22. Belə olan halda, mövcud ərizənin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı olması əsası ilə qaytarılmasını məhkəmə kollegiyası əsaslı hesab etmir. Odur ki, birinci instansiya məhkəməsi ərizəyə yenidən baxmalı, ərizəçinin bu hüququnun bərpasına dair məsələni müzakirə edib müvafiq izah verməli və çıxaracağı qərarda göstərməlidir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-69/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar