Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-114/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar, onun vəkili X2, Borclu iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-177/2019 saylı icra vərəqəsinə əsasən icra icraatına xitam verilməsi barədə qərardan şikayət üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(012)-193/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-177/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 cavabdeh Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru H.Nəcəfovun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-177/2019 saylı icra sənədi üzrə işə xitam verilmiş, qərarın surəti Şamaxı Rayon Məhkəməsinə və tərəflərə göndərilmişdir. Tələbkar Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra icraatına xitam verilməsi barədə qərarından şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(012)-193/2020 saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv edilərək şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-193/2020 saylı qərardadı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayəti müdafiə edərək göstərdi ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərini pozaraq xx xxxx 2020-ci il tarixli, 8(012)-193/2020 saylı qərardadı qəbul etmişdir. Kommersiya və inzibati məhkəmələrin verdiyi icra sənədinə əsasən bağlanmışicraat istisna olmaqla məhkəmələrin verdiyi icra sənədlərinə əsasən başlanılmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən dayandırılır və xitam verilir. Bu qayda MPM-nin 231-ci maddəsi ilə tənzimlənir. Məhkəmələrin verdiyi icra sənədlərinə əsasən başlanmış icraat üzrə icra məmurunun icraata xitam verilmə barədə qərarından şikayət icra qurumunun yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılır. Odur ki, şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(012)- 193/2020 saylı qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra icraatına xitam verilməsi barədə qərarından şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkarın vəkili X3 şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra icraatına xitam verilməsi barədə qərarından şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(012)-193/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməli olmasını müəyyən edərək şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində müəyyən olunmuşdur ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli, Qərarında göstərilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxx 2017-ci il tarixli, Qərarında belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər; Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad tələbkar icra sənədinin verildiyi məhkəməyə şikayət verməli olduğu halda, icra məmurunun olduğu yerin məhkəməsinə şikayət vermişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq şikayəti geri qaytarmışdır. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarına düzgün istinad etmiş və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(012)-193/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-114/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-114/2020
15.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver