Məhkəmə qərarları › İş №8(105)-114/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-114/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-114/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Maraqlı şəxs1 icra məmuru Q.M.Mirhəşimovun 04 avqust 2023-cü il tarixli qərarından və Abşeron rayon Xırdalan Bələdiyyəsinin 25 iyul 2023-cü il tarixli, 01/02-935 nömrəli icra sənədindən şikayət ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması- ərizə imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə) X5 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə X1 Maraqlı şəxs1 icra məmuru Q.M.Mirhəşimovun 04 avqust 2023-cü il tarixli qərarından və Abşeron rayon Xırdalan Bələdiyyəsinin 25 iyul 2023-cü il tarixli, 01/02-935 nömrəli icra sənədindən şikayət ərizəsinə dair Abşeron rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 8(012)-414/2023 nömrəli qərardadından X11 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X3 Maraqlı şəxs1 icra məmuru Q.M.Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarından və Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-935 saylı icra sənədindən şikayət ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 8(012)-414/2023 saylı qərardadına əsasən, X1 Maraqlı şəxs1 icra məmuru Q.M.Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarından və Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02- 935 saylı icra sənədindən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Bu qərardaddan X11 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 8(012)-414/2023 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 8(012)-414/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şikayətin məzmunundan görünür ki, hazırki iş üzrə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş ərizəçi icra sənədinin və qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi X3 tərəfindən verilməsinə baxmayaraq, ərizə onun nümayəndəsi X11 tərəfindən imzalanmış, nümayəndə onun səlahiyyətini təsdiq edən etibarnaməni əlavə etməsinə baxmayaraq, nümayəndə olaraq ərizəçinin adından çıxış etmək üçün zəruri olan sənədi (doğum, nikah haqqında şəhadətnamə və sairə) şikayətə əlavə etməmiş, bununla da şikayətin verilməsinin forma və məzmununa riayət etməmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 13.4, 73.1, 149.1, 150.0, 152.1.1, 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin ərizənin geri qaytarılması barədə mövqeyi əsasszdır. Belə ki, X11, ona xx.xx.2022-ci il tarixində verilmiş AR-İİ№ 804625 nömrəli (bar kod: **********366) etibarnamə üzrə, X4 nümayəndəsidir. Etibarnamə notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxsin (notariusun) möhürü və imzası ilə təstiq edilmişdir və qüvvədədir. Bu etibarnamədə ona etibar edilmiş bütün səlahiyyətlər qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Məcəlləyə, xx.xx.2018-ci il tarixindən qüvvəyə minmiş 69.1-1-ci maddə əlavə edilmişdir və ona əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yəqin ki, Məcəlləyə edilmiş bu dəyişiklikdən sözügedən etibarnaməni verən notarius xəbərdar idi, və buna görə etibarnaməni vermək üçün əsas sayılan zəruri sənədin ona təqdim edilməsini tələb etmişdir. Hazırkı şikayət ərizəsinin başlıq hissəsində şikayətin nümayəndə tərəfindən verildiyi qeyd edilmişdir, şikayət nümayəndə tərəfindən imzalanmışdır. Məhkəmənin qərardadda qeyd etdiyi mövqe qəbul edilməzdir. Göründüyü kimi, rəsmi etibarnamə üzrə nümayəndə olaraq ərizəçinin adından çıxış etmək üçün hakimin zəruri hesab etdiyi sənədi (doğum, nigah haqqında şəhadətnamə və sairə) şikayətə əlavə etməmək heç də şikayətin verilməsinin forma və məzmununa zidd deyildir. Bundan başqa, hakimin zəruri hesab etdiyi sənəd MPM-nin 150-ci, yəni iddia ərizəsinə əlavə edilən sənədlər sırasında qeyd edilmir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4. barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1. nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 149.1. iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.0. maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; hakim iddia ərizəsini geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 8(012)-414/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

12. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

15. Məlum olduğu kimi ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru Q.M.Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarının və Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01/02-935 saylı icra sənədinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Şikayətdə ləğvi xahiş edilən qərarlar ərizəçi Gülşən Məhərrəmova barəsində qəbul edilmişdir. Şikayət ərizəsi X3 tərəfindən verilsə də, ərizə onun nümayəndəsi X11 tərəfindən imzalanmışdır. Lakin nümayəndə onun səlahiyyətini təsdiq edən etibarnaməni əlavə etməsinə baxmayaraq, nümayəndə olaraq ərizəçinin adından çıxış etmək üçün zəruri olan sənədi, yəni qohumluq münasibətini təsdiq edən (doğum, nikah haqqında şəhadətnamə və s.) şikayətə əlavə etməmiş, bununla da şikayətin verilməsinin forma və məzmununa riayət etməmişdir.

17. Halbuki daha öncə istinad olunan MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Konkret işdə vəkil olmayan nümayəndə Rüfət Kərimov nümayəndə qismində yaxın qohum olmasını təstiq edən sənədi məhkəməyə təqdim etməmiş, habelə şikayətə əlavə etməmişdir. Belə olan halda işə baxan məhkəmənin qeyd olunan əsasla ərizəni geri qaytarmaq barədə mövqeyi qanuni və əsaslı hesab edilməlidir.

18. Beləliklə prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi X1 ərizəsini (şikayəti) geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 8(012)-414/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 8(012)-414/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar