Məhkəmə qərarları › İş №8(105)-114/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-114/2024

18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-114/2024 18.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, X1 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: X2 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Zəngilan Rayon Məhkəməsinin 2(034)- 638/2012 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı etdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi, borcun onun əmək haqqına qanuni şəkildə yönəildilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33, 15 nömrəli mənzilin satışından əldə edilmiş 52.000 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan 47.556 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ondan (iş üzrə cavabdeh) 47.556 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. Yəni bu qərar əsasında o, borclu şəxs kimi qeyd edilmiş və iddiaçı Cavabdeh2 47.556 manat məbləğində pul vəsaiti ödəməlidir. Lakin bildirir ki, onun adına heç bir əmlak yoxdur və onun bu məbləği birdəfəlik ödəməyə də imkanı yoxdur. Məcburi icra edilmə zamanı borclunun əmlakı, borclunun əmək haqqı, borclunun başqa üçüncü şəxslərdə olan pul vəsaitləri və s. nəzərə alınmalıdır. Bu işdə isə onun əmlakı yoxdur. Lakin qanunun tələbinə əsasən məcburi icra zamanı ikinci mərhələ olaraq borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi əks olunmuşdur. O, əvvəllər formal olaraq işləmiş, sınaq müddətini keçdikdən sonra rəsmi olaraq işə qəbul olunmuşdur. O, rəsmi olaraq «AZKOMP GROUP»-da çalışır. O, artıq uzun müddətdir ki, burada çalışır və əmək haqqı alır. Buna görə də düşünür ki, bu iş üzrə icra onun aylıq əmək haqqısına yönəldilə bilər. Bu səbəbdən də o, dəfələrlə Sumqayıt şəhər İcra Şöbəsinə müraciət etmiş, lakin bu ərizəsi nəticəsində heç bir qərar qəbul olunmadığı üçün o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət etmişdir. Bütün bunların nəticəsində ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən 06/680 nömrəli, xx.xx.2024-cü il tarixli cavab göndərilmişdir. Bu cavabda aşağıdakılar qeyd edilmişdir. "Onun borclu tərəf olduğu məhkəmə qərarının icrası ilə bağlı Sumqayıt Regional Ədliyyə İdarəsinə daxil olmuş müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bununla belə, "İcra haqqında" Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər”. Bütün bunlardan da görünür ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün məhkəmə qərardad qəbul edə bilər. Bu məsələ ilə bağlı qeyd edir ki, hal-hazırda buna ehtiyac vardır. Çünki o, artıq rəsmi olaraq işləyir. Lakin icraçı borcun onun maaşına yönəldilməsi üçün onun xahişlərinə rəğmən heç bir iş görmür. Bu isə onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Belə ki, icra məmuru barəsində protokol verəcəyi, həbs etdirəcəyi və ölkədən çıxışına məhdudiyyət qoyacağı ilə bağlı təhdidlər edir, lakin bu tamamilə qanunsuz əməllərdir. O, əmək haqqı aldığı vaxtdan etibarən hər bir zaman öz maaşından hər ay tələbkara ödəniş edir. Lakin bu rəsmi qaydada olmalıdır. Çünki bu qanunvericilikdə də əks olunmuşdur. Lakin icra məmuru “İcra haqqında” qanunun tələblərinə zidd hərəkət edir və onun müraciətlərinə nəzərən hərəkətsizlik nümayiş etdirir. Onun tələb olunan məbləği birdəfəlik ödəməyə imkanı yoxdur. Buna görə də bu məbləğ hissə-hissə icra olunmalıdır. Bu məsələ ilə bağlı onun müraciətləri belə olmadan icra məmuru bunu etməli olsa da, indiyədək bu məsələ öz həllini tapmamışdır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) X7 ərizəsi qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək, borcun X7 əmək haqqısının 50 faizinə yönəldilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiaysının 2(102)-4808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli 2(105)1072/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, cavabdeh X6 47.556 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı borclu şəxs bildirmişdir ki, onun həmin məbləği iddiaçıya birdəfəlik ödəmək kimi bir imkanı yoxdur, hazırda işləyir, əmək haqqısı 550 manat təşkil edir. Dəfələrlə barəsində olan qərarın icra üsülünün və qaydasının dəyişdirilməsi, borcun onun əmək haqqısına yönəldilməsi ilə bağlı qərarı icra edən orqana müraciət etsə də bunun heç bir nəticəsi olmamış, hətta bununla bağlı borclu şəxs tərəfindən Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət olunmuş, cavab olaraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Araşdırma zamanı o, da məlum olmuşdur ki, məhkəmənin sorğusu əsasında Cavabdeh1 məhkəməyə ünvanlanmış məktubunda tutulmanın borclunun əmək haqqısının 50 faizinə yönəldilməsini qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Ərizəçi icra məmuruna dəfələrlə tutmanın onun əmək haqqısına yönəldilməsi ilə bağlı müraciət etsə də, icra məmuru tərəfindən onun iş yerinə heç bir göstəriş göndərilməmişdir. Qərardaddan tələbkar Cavabdeh2 şikayət verərək Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, belə bir qərarın qəbul edilməsindən məlumatsız olmuş, yalnız icra şöbəsində olarkən belə bir qərarın qəbul edilməsi bildirilmiş və xx.xx.2024-cü il tarixdə qərarın surətini əldə etməklə şikayət vermişdir. Məhkəmə qarşı tərəfin ərizəsinə onun münasibətini öyrənmədən qərar qəbul etmişdir. Halbuki, ərizəçnin ona böyük məbləğdə borcu vardır, onun bir sıra banklara da borcu vardır. Bundan başqa əgər əmək haqqısının yarısı bu borca görə ondan tutularsa, bu təxminən 230-250 manat edər ki, ona olan borcu qaytarmaq üçün 20 il ömür lazımdır ki, bu da absurd bir məsələdir. Digər tərəfdən o həmin pulu bir dəfəyə almışsa və həmin pulun bir dəfəyə qaytarılması barədə məhkəmə qərarı varsa, nə üçün böyük məbləğdə olan bu pulu cüzi bir məbləğlə almalıdır. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)- 2/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardad ləğv edilməli, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X7 ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 iddiası qismən təmin edilmiş, cavabdeh X6 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1072/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh X8 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiaysının 2(102)-4808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli 2(105)-1072/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, cavabdeh X6 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallaırnda olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin Rasif Hüseynəliyevə ünvanladığı xx.xx.2024-cü il tarixli, 06/680 nömrəli məktubun məzmunudan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, həmçinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir, bununla belə "İcra haqqında" Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.” İş materiallarında olan əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 “Kontli» Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyir və aylıq əmək haqqısı 550 manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 15446/4 nömrəli Kontli» Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı tələbdən görünür ki, icra sənədi üzrə tutmanın borclunun əmək haqqının 50 faizinə yönəldilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il atrixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat Cavabdeh2 ödənişlər edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra İdarəsinin Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6793/8 nömrəli məktubun məzmunudan aydın olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4808/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X3 47.556 manat borc pulu iddiaçı Cavabdeh2 ödəməlidir. Göstərilən icra sənədi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, X3 barəsində elektron icra informasiya sistemindən əldə olunan məlumata əsasən "xxxx" MMCdə işlədiyi aşkar edilmiş, tutulma borclunun əmək haqqının 50 faizinə yönəldilmiş, lakin bu vaxtadək heç bir ödəniş daxil olmamış, daha sonra borclu barəsində İXM 528.1-ci maddəsinə əsasən protokol tərtib olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 2208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, təqdimata əsasən Sumqayıt şəhər Məhkəməsinin 8(060)-396/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X3 dəfələrlə idarəyə dəvət olunsa da çağırışlara gəlməmiş, tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak aşkar edilməmiş, qərarın icrasından yayınmış, həmçinin borclu barəsində icra məmuru tərəfindən “borclunun axtarılması barədə” qərar qəbul olunmuş və icra edilməsi üçün Zəngilan rayon Polis şöbəsinə göndərilmiş və orada xx.xx.2024-cü il tarixdə axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Qətnamənin icra üsulunun dəyişdirilməsi dedikdə, bir icra üsulunun digəri ilə əvəz edilməsi və ya qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun dəyişdirilməsi, bir qayda olaraq, borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Məsələn, pul məbləğinin alınması və ya əmlakın verilməsi ilə əlaqədar olmayan hərəkətləri etməyə borclu olan cavabdeh həmin hərəkəti etmədikdə, iddiaçıya cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkəti cavabdehin hesabına etmək hüququ verilir. Bundan başqa qeyd olunur ki, hazırki işdən göründüyü kimi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu tələbkarın xeyrinə 47.556 manat məbləğində pul ödəməlidir. Lakin, ərizəçi ərizəsində Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2012 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi də Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2012 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasını dəyişdirmişdir. Halbuki, hazırki iş üzrə icra hərəkətləri Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı deyil, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar olmuşdur. Yəni, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi verilmədiyindən həmin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi qanunsuz olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materaillarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 15446/4 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı tələbdən görünür ki, icra sənədi üzrə tutmanın borclunun əmək haqqının 50 faizinə yönəldilməsi təmin edilmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsinin qətnamənin icra üsulu və qaydasını dəyişmək yolu ilə borcun X7 əmək haqqısının 50 faizinə yönəldilməsi ilə bağlı gəldiyi nəticə də anlaşılan olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)- 2/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardad ləğv edilməli, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X7 ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(034)-2/2024 nömrəli qərardad ləğv edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2012 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı etdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi, borcun onun əmək haqqına qanuni şəkildə yönəldilməsi ilə bağlı qərardad qəbul edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar