Məhkəmə qərarları › İş №8(105)-114/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-114/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-114/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin icrasına möhlət verilməsnə dair iş üzrə (Açar sözlər: qətnamənin icrasına möhlət verilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi əsasında çıxarılmış Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X7 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1524/2024 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1524/2024 saylı qətnaməsi ilə ona kompensasiya verilməklə dörd ailə üzvü ilə birlikdə (içində 3 azyaşlı uşaq olmaqla) yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid ünvanından çıxarılması təmin edilmişdir. O, bu ilin may ayının sonuna kimi ona möhlət verilməsini xahiş etmişdir, belə ki, övladı hazırda burada təhsil alır. Qeyd edir ki, o özü rayonda yaşamaq istəyir. Onun və həyat yoldaşının mübahisəli ev üzrə qeydiyyatdan çıxarılmasından xəbəri olmamışdır. O, qarşı tərəfi inzibati məhkəməyə verəcəkdir. Belə ki, o, atasına ona iki otaqlı ev almasını təklif etmiş, lakin atası bu təklif ilə razı olmamışdır.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X4, Borclu azyaşlı övladları X8 və X11 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılması və iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına 3 ay möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

5. Borclu Abşeron Rayon Məhkəməsinin 8(012)-274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, məhkəmə qərardadının ləğv edilərək qətnamənin icrasına 3 ay möhlət verilməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) Abşeron Rayon Məhkəməsinin 8(012)- 274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu xx.xx.2025-ci il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

8. Borclu şikayətini onunla əsaslandırmışdır ki, X7 xx.xx.2022-ci il tarixli qətnamənin (mənzildən çıxarma) icrasına 3 ay möhlət verilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə 28 aprel 2025-ci il tarixli, 8(012)- 274/2025 saylı qərardadı ilə ərizəni təmin etməmişdir. Onların himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 saylı qərardadının ləğv edilməsini və qətnamənin icrasına 3 aylıq möhlət verilməsini xahiş edirlər.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

15. Göründüyü kimi qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur və qətnamənin icrasına möhlət verilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır.

16. Eyni zamanda qətnamənin icrasına möhlət verilməsi qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir.

17. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».

18. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.

19. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.

20. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

21. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.

22. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, məhkəmə aktının icrasına möhlət verilməsi məhkəmə aktının icra müddətini həddən artıq uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olar.

23. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ərizəçi Tələbkar ilə borclu X7 arasında ailə münasibətləri korlandığından aralarında mübahisələr yaranmış və bu səbəbdən ərizəçi borclular X7 və Borclu kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi ilə iş üzrə cavabdeh X4 yaşayış sahəsindən istifadə hüququna 12000 manat kompensasiya ödənilməklə xitam verilmiş, digər cavabdeh Borclu isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış, lakin X7 qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kompensasiya məbləğini heç bir əsas olmadan qəbul etməyərək mübahisə predmeti olan fərdi yaşayış evini ailəsi ilə birlikdə tərk etməli olduğu halda qanunsuz olaraq tərk etməmişdir. Daha sonra Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və Borclu ailə üzvləri ilə birlikdə özlərinə məxsus əşyaları götürməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X4, Borclu azyaşlı övladları X8 və X11 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılması və iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir.

24. X7 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1524/2024 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsini xahiş etsə də birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara və işin faktiki hallarına əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinin tələbkarın qanunla qorunan mənafelərinin pozulması, həmçinin tələbkarın pozulmuş hüquqlarının müdafiəsinin uzadılması ilə nəticələnə biləcəyindən ərizənin təmin olunmasını mümkün hesab etməmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiya bu nəticəyə gələrkən həmçinin birinci intansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan hazırki vaxtadək keçən müddəti, bu müddət ərzində borclunun məhkəmə aktının icrasına möhlət verilməsinin əsası kimi istinad etdiyi halların aradan qaldırılması ilə bağlı hər hansı hərəkt etməməsi ilə bağlı xüsusatları da nəzərə alır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(012)-274/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar