Məhkəmə qərarları › İş №8(105)-115/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-115/2021

21.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-115/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, Cavabdeh icra məmuru Vahid Məmmədovun icraata başlamaq haqqında 26.02.2021-ci il tarixli qərarının ləğv olunması, yenidən icraata başlanılması, icraata başlamaq haqqında qərarda hərracda satılmalı əmlakların tam siyahısının və mövcud kredit borcunun dəqiq göstərilməsinə dair qərar qəbul edilməsi barədə X2 şikayət ərizəsinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 8(027)- 76/2021 saylı qərardadından icra sənədi üzrə borclu X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cavabdeh icra məmuru Vahid Məmmədovun 26 fevral 2021-ci il tarixli icraata başlama haqqında qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli, 2(105)-2473/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli, 2(105)- 2473/20 saylı icra sənədi üzrə borclu X1 cəmi 103 941,67 manat pul tutularaq “xxxx” ASC-nin hesabına ödənilməli, tutma ipoteka predmeti olan X3 və X4 məxsus Quba şəhəri, H.Əliyev prospekti, b 198 saylı binada yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 910 000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və qeyri-yaşayış sahəsinin satışından əldə olunacaq vəsait hesabına borclu X2 banka olan borcu ödənilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan borclu X3 və X4 verilməli, ipoteka predmeti olan Quba şəhəri, H.Əliyev pr, b 198 saylı binanın qeyri-yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin qeyri-yaşayış sahəsi məcburi boşaldılmalı, aparılmış ekspertiza tədqiqatının xərci olan cəmi 195 manatın 97,50 manatı tələbkardan və 97,50 manatı borclu X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi üzrə borclu X5 həmin qərardan şikayət verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(105)-2473 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmuru Vahid Məmmədov tərəfindən qəbul olunmuş 26.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv olunması, iş üzrə “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə riayət olunmaqla yenidən icraata başlanılması, icraata başlamaq haqqında qərarda hərracda satılmalı əmlakların tam siyahısını və mövcud kredit borcunun dəqiq göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 8(027)-76/2021 saylı qərardadı ilə (hakim R.Həsənov) şikayət ərizəsi təmin edilməmişdir. Qərardaddan icra sənədi üzrə borclu X5 şikayət verərək onun və Cavabdeh icra məmuru Vahid Məmmədovun 26 fevral 2021-ci il tarixli icraata başlama haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 8(027)-76/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə 7 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İcra sənədi üzrə borclu X5 qərardaddan verdiyi şikayət ərizəsini bununla əsaslandırmışdır ki, qərardad bir sıra prosessual normaların pozulması nəticəsində çıxarılmışdır. Belə ki, Cavabdeh icra məmuru Vahid Məmmədov 26.02.2021-ci il tarixdə Sumqayıt Apelyasiya məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(105)-2473 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə ona bildiriş göndərmişdir. Lakin həmin qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(105)-2473 saylı icra vərəqəsinə əsasən ondan ümumilikdə 103941,67 manat məbləğində pul alınıb “xxxx” ASC-yə verilməli, tutma ipoteka predmeti olan ona və X4 məxsus Quba şəhəri, H.Əliyev pr., B198 saylı binada yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 910000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və qeyri-yaşayış sahəsinin satışından əldə olunacaq vəsait hesabına onun banka olan borcu ödənilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa ona verilməli, ipoteka predmeti olan Quba şəhəri H.Əliyev pr., B198 saylı binada yerləşən qeyri-yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa həmin qeyri-yaşayış sahəsi məcburi boşaldılmalıdır. İcra məmuru işlə bağlı icraata başlamaq haqqında 26.02.2021-ci il tarixli qərarda onun iddiaçıya olan borcu 103941,67 manat göstərilmişdir. Halbuki, o, həmin borcundan 26000 manat məbləğində pul vəsaiti ödəmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qərardad ləğv edilməli, Cavabdeh icra məmuru Vahid Məmmədovun Sumqayıt Apelyasiya Məhkəməsinin 25.01 2021-ci il tarixli, 2(105)-2473 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarı ləğv olunmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını borclunun şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 8(027)-76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh icra məmuru Vahid Məmmədovun icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarı Sumqayıt Apelyasiya Məhkəməsinin 25.01 2021-ci il tarixli, 2(105)-2473 saylı icra vərəqəsinə əsasən qəbul edilmişdir və bu qərarın ləğv edilməsi üçün işdə hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” AR Qanununun 6.1 və 6.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarından görünür ki, məhkəmə tərəfindən göndərilmiş icra sənədi qeyd edilən Qanunun 7-ci maddəsinə uyğun olmuş, buna görə də icra məmuru qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində mübahisələndirilən icraata başlamaq haqqında qərarını qəbul etmişdir. Bu zaman icra məmurunun “İcra haqqında” AR Qanununun 8-ci maddəsinin tələblərini pozması iş materialları ilə öz təsdiqini tapmır. İcra sənədi üzrə tələb edilən ödənişdən müəyyən hissəni ödəməsi və buna görə də yenidən icraata başlanılması barədə borclunun dəlili isə əsassızdır, çünki bu hal, əvvəlki icra icraatına xitam verilməsi üçün əsas hesab edilmir. Digər tərəfdən, icra icraatına başlanılandan sonra icra sənədi üzrə edilmiş ödənişlər orada göstərilən borcdan çıxılır və bu hal, icra məmuru tərəfindən nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 8(027)-76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 8(027)- 76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar