Məhkəmə qərarları › İş №8(105)-116/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-116/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-116/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-296/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim V.Şirəliyeva) təqdimatın təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 2(013)-1242/2021 nömrəli, 09 mart 2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərardadı ilə Borclu verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin qərardaddan şikayət verilməsi müddəti ötürüldüyünə geri qaytarılması qərara alınmışdır. Borclu 05 avqust 2024-cü il tarixli qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(060)- 296/2024 nömrəli qərardadının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 8(060)-296/2024 nömrəli qərardadından iş üzrə Borclu verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımov təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılan Ağdam rayon Məhkəməsinin 2(013)-1242/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 70000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildirişi rəsmi alsa da, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcundan cəmi 9300 manat ödəniş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1242/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 60733 manat qalıq borcu vardır. İcra sənədinin icrasini təmin etmək məqsədi ilə borclunun əmanəti, əmlakı və gəlirləri barəsində müvafiq idarə və təşkilatlara sorğular edilərək heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin borclu xx.xx.1982-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisədən görünür ki, borclunun konstitusiya ilə qorunan hüquq və azadlıqları pozulmuşdur. Qərardad qəbul edilərkən Sumqayıt Şəhər Məhkəməsi mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur. Bundan əlavə, məhkəmə hazırki mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktları ətraflı araşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin qərardadında prosessual pozuntulara yol verilmişdir və bu səbəbdən şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli 8(060)-296/2024 nömrəli qərardad ləğv edilməlidir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən düzgün baxılmamışdır. Belə ki, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmamışdır, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halları araşdırılmamışdır, Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamadan təqdimatla razılaşmış və təsdiq etmişdir. Ümuniyyətlə icra sənədinin Sumqayıt şəhəri üzrə İcra idarəsində icra edilməsini zəruri edən sübutlar mövcud deyildir. Məhkəmə bu pozuntulara diqqət etməmişdir. İcra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə borcun ödənilməsi təmin edilməməsi, icra məmuru tərəfindən borcun ödənilməsinə yönəldilməli olan borcluya məxsus əmlakların, gəlirlərin aşkar edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra tədbirləri həyata keçirildiyindən, borcun üzrlü səbəbdən icra edilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1. maddəsinə görə bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə görə bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsas şərti kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə borclu şəxsdən 70000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmiş, borclu isə bu öhdəliyini tam icra etməmişdir. Halbuki məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun icrası borclu üçün məcburidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli və onunla bağlı 22 avqust 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli və onunla bağlı 22 avqust 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar