Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-116/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X7 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-840/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs1 hər ay hər uşağa görə tutulan 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs1 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-840/2018 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşma çatana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən başlayaraq Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 manat sabit məbləğdə aliment alınaraq X4 verilməlidir. Hesab edir ki, onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat aylıq minimum əmək haqqı məbləğində müəyyən edilməlidir. Cavabdeh Maraqlı şəxs1 maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir.
3. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim S.Bayramov) ərizə qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-840/2018 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013- cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs1 X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 1,15 misli həddində sabit pul məbləğində indeksasiya edilməsi qərara alınmışdır.
4. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2, 112-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2, 232.3-cü maddələri, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci maddələrinə istinadla əsaslandırmışdır.
5. Qərardaddan narazı qalan borclu Maraqlı şəxs1 şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və ondan azyaşlı uşaqların hər biri üçün 246 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, hazırda yalnız sürücü kimi fəaliyyət göstərir, sabit və əlavə gəlir mənbəyi yoxdur. Ağır maddi şəraitdə yaşamağına baxmayaraq, övladlarına qarşı valideynlik borcunu yerinə yetirməkdən imtina etmir. Lakin mövcud iqtisadi vəziyyəti səbəbindən aliment öhdəliklərini tam şəkildə icra etməkdə obyektiv çətinliklər yaşayır. Buna baxmayaraq, öz övladlarına daim qayğı və diqqətlə yanaşır. Aylıq gəlirindən onların saxlanması üçün aliment verməyə razıdır. Hazırda Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün 246 manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Maddi gəlirinin zəif olmasını nəzərə alaraq, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-62/2025 saylı qərardadını ləğv edib, aliment məbləğinin azaldılması barədə, yəni, hər bir uşaq üçün 246 manat sabit pul məbləğində aliment ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
13. Apellyatorun hazırkı şikayəti Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
14. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
17. Xaçmaz Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(067)-840/2018 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşağa görə tutulan 150 manat sabit məbləğində aliment alınaraq X3 qızına verilməsi qət edilmişdir.
18. Hazırda X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 840/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs1 hər ay hər uşağa görə tutulan 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs1 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razılaşır və mövqeyini bu cür şərh edir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
21. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2018-ci il üçün ölkə üzrə minimum əmək haqqı 130 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1.15 misli (150:130=1.15) həddində müəyyən edilmiş olur.
22. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-840/2018 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 1,15 misli həddində sabit pul məbləğində indeksasiya edilməsi qənaətinə gəlmişdir.
23. Bununla belə kollegiya qeyd edir ki, tələbkar borclunun gəlirləri (qazancı), onun hazırkı maddi vəziyyəti və ayda minimum əmək haqqının 1,15 misli həddində aliment ödəmək imkanına malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
24. Ona görə də kollegiya izah edir ki, indiyədək hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,15 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə borclunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
25. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.