Məhkəmə qərarları › İş №8(105)-117/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-117/2022

23.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-117/2022 23.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Ərizəçi-borclu "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi-borclu "xxxx" MMC-nin Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə şikayəti üzrə Abşeron rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(012)-457/2022 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq baxaraq, müəyyən etdi: Ərizəçi-borclu "xxxx" MMC şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(012)-457/2022 saylı qərardadı ilə ərizəçi-borclu "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi qərara alınmışdır. (hakim Habil Əhmədov) Abşeron Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(012)-457/2022 saylı qərardadından Tələbkar şikayət vermiş, qərardadın ləğv edilməsini və borclunun şikayətinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən tələbkarın xahişi olduqda icraatın dayandırılması məcburidir. Bu da o deməkdir ki, icra məmuru həmin qərarı tələbkarın ərizəsi əsasında qəbul etdiyinə görə tələbkarın xahişi ilə də həmin qərar ləğv edilməlidir. Həmçinin borclu "xxxx" MMC şikayət ərizəsində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarının guya xx.xx.2022-ci il tarixdə təqdim olunduğunu və bu səbəbdən də şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmədiyini göstərmişdir ki, bu da öz növbəsində qətiyyən həqiqəti əks etdirmir. Belə ki, borclu "xxxx" MMC cavabdehlər X3 və ona qarşı əmlak tələbinə dair xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində "xxxx" MMC qeyd etmişdir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı icra sənədinin icrasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, borclu "xxxx" MMC Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından hələ 2021-ci ilin sentyabr ayından məlumatlı olmuş və hətta icra işinin 14 vərəqədən ibarət təsdiq edilmiş surətini, o cümlədən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarını da iddia ərizəsinə əlavə etmişdir. Bu fakt Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən qətnamədə göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsi rəhbər tutularaq icra sənədinin dayandırılması qərara alınmışdır. Həmçinin borclu "xxxx" MMC şikayət ərizəsində icra işinin dayandırılmasının onun maraqlarına toxunduğunu bildirsə də, bunu şikayət ərizəsində bir cümlə ilə belə əsaslandıra bilməmişdir. Odur ki, borclu "xxxx" MMC-nin Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət yuxarıda qeyd edilən səbəblərə görə əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən təmin edilməməlidir. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 8(012)457/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Məlahət Abbasova) Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi-borclu "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, qətnamənin bir hissəsinin icrası ilə bağlı olan 500 min manat tələbkara digər borclu tərəfindən qaytarıldıqdan sonra tələbkar həmin icra sənədinin icrasının dayandırılması ilə bağlı icra məmuruna müraciət etmişdir. Əmlak kompleksi "xxxx" MMC-nin hesabına tikilmişdir. Hazırda həmin kompleksin fəaliyyətinə həbs qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Tələbkar lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Vəkil1 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş edərək bildirmişdir ki, icra icraatı yalnız tələbkarın ərizəsi əsasında təzələnə bilər. Məhkəmə qətnaməsi üzrə pulun ödənilməsi başqa bir borclu tərəfindən həyata keçirilmişdir. Qarşı tərəf bir neçə dəfə məhkəmələrdə iddia qaldıraraq hansısa əmlak tələbi ilə çıxış etmiş, lakin iddiaları rədd olunmuşdur. Hazırki iş üzrə qərardad qüvvədə qalsa belə, təkrar ərizə ilə müraciət edərək icra işinin dayandırılmasını xahiş etmək hüquqları var, çünki bu qanunun tələbidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, tələbkar icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən də həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırki müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Tələbkar Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən icraatın dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi İcra haqqında Qanunun 17.1.10-cu maddəsinin tələbləri əsasında icrasının dayandırılması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin, X2 cavabdeh Tələbkar qarşı cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37.500 manat), Forklift LiuGong CLG2035H 1 ədəd (dəyəri 20.000 manat), Notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), Polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270.348 ABŞ dolları), Panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), Qızdırcı fen 2 ədəd (dəyəri 1346,40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12.500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırki bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli 17/75-784/22-4N saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq bildirilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. İş üzrə Tələbkar xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən dayandırılmağını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası icra məmurunun müvafiq qərarı ilə Qanunun 17.1.10-cu maddəsinə əsasən dayandırılmışdır. İcra sənədinin icrasının davam etdirilməsi üçün iş üzrə tələbkarın Abşeron rayon İcra və Probasiya şöbəsinə icra işinin icrasının yenilənməsi barədə ərizə ilə müraciət etməsi vacibdir. İşin müəyyən edilmiş hallarından görünür ki, icra sənədi üzrə Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində borclular SV-Qrup MMC, X4 və X5 tərəfindən inşa edilmiş özbaşına tikililərin borcluların öz hesabına sökülməklə torpaq sahəsinin həmin borcluların qanunsuz sahibliyindən və istifadəsindən geri alınması, torpaq sahəsinin tələbkarın sahibliyinə və istifadəsinə qaytarılması qərara alınmış və bu barədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2(105)329/2019 saylı qətnamə qəbul edilərək icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş, lakin sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi çox qiymətli və bahalı olması səbəbindən ərizəçi-Tələbkar ərizəsi əsasında icra sənədi üzrə icraat Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında İcra haqqında Qanunun 17.1.10-cu maddəsinə əsasən dayandırılmışdır. Hazırda icra sənədi üzrə borclu SV-Qrup MMC icra sənədi üzrə icraatın dayandırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi borclunun şikayətini təmin etmiş və qərardadını onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən icra hərəkətləri tələbkarın ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə dayandırıldığı halda və iki ildən artıq müddətdir ki, təzələnməsinə əsas olan halların müəyyən olunmaması icra sənədinin qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə əsassız şəkildə icra edilməməsi ilə nəticələnmiş olur. Eyni zamanda, icra sənədi üzrə borclunun icraatın dayandırılması barədə qərarın ləğvinə dair şikayət verməsi tərəf olaraq onun da icra sənədinin icrasında marağının olmasını ehtiva edir, dolayısı ilə, borclunun sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi nəticəsində onun mülkiyyət hüququnun bərpa olunması ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, Tələbkar şikayəti qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(012)-457/2022 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 15 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Bu aşağıdakılardan irəli gəlir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarını borclu yalnız 2022-ci ildə mübahisələndirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsi rəhbər tutularaq icra sənədinin dayandırılması qərara alınmışdır. Qeyd olunmalıdır ki, həmin qətnamə üzrə SV qrup MMC iddiaçı olmuş və iş materiallarına əlavə edilmiş həmin iddia ərizəsində "xxxx" MMC qeyd etmişdir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı icra sənədinin icrasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli qərardan hazırki iş üzrə borclu olan SV qrup MMC hələ xx.xx.2021-ci il tarixdə məlumatlı olmuş və istinad olunan iddia ərizəsinə Abşeron rayon İcra və Probasiya Şöbəsində olan icra işinin müvafiq qaydada təsdiqlənmiş surəti 14 səhifədə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əlavə olunmuşdur. Tələbkarın şikayətinin bir dəlili məhz həmin qərarın borclu tərəfindən bir neçə il keçdikdən sonra mübahisələndirilməsi olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hala qiymət verilməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi nəticəsində borclunun mülkiyyət hüququ bərpa olunacaqdır. Bununla bağlı kollegiya qeyd edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçılar əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində adları çəkilən əmlakların onlara qaytarılması vəzifəsinin cavabdeh Tələbkar üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bundan başqa, icraatın dayandırılmasının məcburiliyi əsaslarını müəyyən edən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 19.1.7-ci maddəsinə əsasən, icraatın dayandırılması səbəbləri aradan qalxanadək icraat dayandırılır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işini tələb etmədən və hazırki iş üzrə tərəflərin iştirakı ilə icraatın dayandırılmasına hansı halın səbəb olduğu, icraatın dayandırılmasına səbəb olmuş halın aradan qaldırlıbqaldırılmadığını araşdırmadan hazırki qərardadı qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Tələbkar şikayəti qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(012)- 457/2022 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 15 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Tələbkar şikayəti qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 8(012)-457/2022 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 15 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. 8(012)-457/2022 saylı iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar