Məhkəmə qərarları › İş №8(105)-117/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-117/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-117/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının icrası məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X5 təqdimatına dair iş üzrə (təqdimat- borclunun əmlakının üzərinə həbs qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından müəyyən olunur ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4 və 541-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir.

2. İş materiallarında olan Borclu oğlunun Xaçmaz rayon İcra və Probasiya Şöbəsində verdiyi 19 aprel 2024-cü il tarixli izahatından və 17 may 2023-cü il və 04 aprel 2024-cü il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra etmədiyi təqdirdə, barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağına dair xəbərdar edilmişdir.

3. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu oğluna məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən ümumi sahələri 0.5883 ha və 1.0272 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X10 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan 0,5883 ha daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 1288096/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4800 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Xaçmaz rayonu Müşkür kəndində 1,0272 ha və 0,5883 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

6. Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir (hakim N.Abıyeva).

7. Bu qərardaddan Borclu şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarı Borclu tərəfindən icra edilmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən Borclu məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən ümumi sahəsi 0.5883 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına məhdudiyyət olmadığından, təqdimat təmin edilməli və yuxarıda qeyd olunan icra sənədlərinin icrası məqsədi ilə Borclu məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən ümumi sahəsi 0.5883 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyin icra haqqında Azərbaycan Respublikasının Qanunun 45.6, 49.1, 49.2, 50.1, 50.2, 50.3, 50.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatı təmin edən məhkəmənin mövqeyi əsassızdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin **********7 reyestr nömrəli çıxarışa əsasən üzərinə həbs qoyulmuş 0.5883 torpaq sahəsi o, X3, X9, X1, X4, X13, X2maqla, ümumi birgə mülkiyyətdədir. Məhkəmə digər hüquq sahiblərini işə cəlb etməmiş, onların mülkiyyətinə əsassız həbs qoymuşdur. Həmçinin bu torpaq sahəsi mülkiyyət hüququnu təsdiq edən sənəddən də göründüyü kimi, kənd təsərrüfatlı torpaq sahəsidir. Bu torpaq sahəsinə də həbs qoymağı qanunvericilik birbaşa qadağan etmişdir. Bundan başqa o hazırkı cəriməyə görə şəxsi mülkiyyətində olan əmlakla deyil, yalnız Bələdiyyə mülkiyyətindəki bələdiyyə əmlakı ilə məsuliyyət daşıyır. Çünki cərimə ona deyil, Bələdiyyə sədri olduğundan vəzifəli şəxs kimi yazılmışdır. İş üzrə əsassız və qanunsuz qərardad qəbul edildiyindən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə görə bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)- 137/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)-137/2024 saylı qərardadı tam, onunla əlaqəli 19 avqust 2024-cü il tarixli qərardadı isə qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Öyrənilən işdən müəyyən edildi ki, hazırkı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmuru yuxarıda qeyd edilən təqdimatla məhkəməyə müraciət etmiş və göstərmişdir ki, Borclu məxsus olan Xaçmaz rayonu Müşkür kəndində yerləşən 0,5883 ha torpaq sahəsinin üzərinə həbs qoymaq, onu satmaq və əldə edilən vəsaitlə icra sənədi üzrə tələb təmin edilməlidir. Araşdırılan işdən müəyyən edilir ki, təqdimatı təmin edən məhkəmə üzərinə həbs qoyulan torpaq sahəsinin (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) hazırkı borclu ilə birlikdə 7 nəfərin ümumi birgə mülkiyyətində olmasına diqqət yetirməmiş, sözügedən torpaq sahəsini yalnız borclunun əmlakı kimi qəbul edərək təqdimatı təmin etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, sözügedən torpaq sahəsi hazırkı borclu ilə birlikdə 7 nəfərin ümumi birgə mülkiyyətindədir. Kollegiya hesab edir ki, belə olan halda qeyd edilən torpaq sahəsinə yalnız Borclu xüsusi mülkiyyəti kimi (tam pay hüququ ilə) qiymət verib, üzərinə həbs qoyulması barədə məhkəmənin mövqeyini əsaslı və qanuni hesab etmək olmaz. Digər tərəfdən təqdimatı təmin edən məhkəmə hazırkı iş üzrə torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına aid edilən kateqoriyalardan hər hansı birinə uyğun olmadığını qəti şəkildə qeyd etsə də, işin bu halını ətraflı araşdırmamış, eyni zamanda digər mülkiyyətçiləri də cəlb edərək, onların mövqeyini öyrənməmişdir. Apellyasiya kollegiyası qeyd olunan təqdimatın və ona dair qəbul edilmiş qərardaddan verilən şikayətin dəlillərini birlikdə təhlil edərək bildirir ki, mübahisənin hüquqi müstəvidə həlli kimi İcra Haqqında Qanunun 45.8-ci maddəsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsini paralel şəkildə nəzərdən keçirmək olar. AR MM-in 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2-ci maddəsinə görə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “İcra haqqında Qanunun” 45.8-ci maddəsinə görə borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Anoloji mübahisələrə dair mövqe “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarında da göstərilmişdir. Belə ki, həmin Qərarın 6.42-ci bəndionə əsasən Ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma isə yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur. 6.43. Eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Beləliklə kollegiya hesab edir ki, sadalanan hallar işə baxan məhkəmə tərəfindən yenidən araşdırılmalı və iş üçün əhəmiyyətli bütün hallar dəqiq müəyyən edildikdən sonra təqdimatın həllinə dair yekun ədalətli və qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)- 137/2024 saylı qərardadı tam, onunla əlaqəli 19 avqust 2024-cü il tarixli, 8(067)-137/2024 saylı qərardadı isə qismən şikayətin təmin edilməyən hissəsində ləğv edilməli, qərardadda göstərilən hallar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadı tam, onunla əlaqəli 19 avqust 2024-cü il tarixli, 8(067)-137/2024 nömrəli qərardadı isə qismən “şikayətin təmin edilməyən” hissəsində ləğv edilsin. Qərardadda göstərilən hallar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar