Məhkəmə qərarları › İş №8(105)-118/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-118/2020

29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-118/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin 2(067)-3220/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Xaçmaz rayon məhkəməsinin 8(067)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon məhkəməsinin 2(067)-3220/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Borclu, X3, X2 və X1 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 011KK000000201 nömrəli kredit razılaşması üzrə 999,28 manat (doqquz üz doxsan doqquz manat iyirmi səkkiz qəpik) məbləğində əsas kredit borcu, 149,54 manat məbləğində faiz borcu, 60 (altmış) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1208,82 manat məbləğində borcun, xx xxxxxx 2014-cü il tarixli, 011R********** nömrəli kredit müqaviləsi üzrə 13659,8 ABŞ dolları məbləğində əsas kredit borcu, 5395,36 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəm i 19655,16ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı «xxxxxxxxxx» QSC-nin xeyrinə verilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək ondan 19655.16 ABŞ dolları alınaraq “xxxxxxxxxx” ASC-nə verilməsinə dair Xaçmaz rayon məhkəməsinin qətnaməsinin hər ay 40-50 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Anar Sadıqov) Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 8(067)-83/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Borclu şikayətini onunla əsaslandırmışdır ki, üçüncü qrup əlildir, bank ona faizləri güzəşt etsəydi kredit müqaviləsi üzrə krediti ödəyərdi. Odur ki, Xaçmaz rayon məhkəməsinin 8(067)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş edir. Borclu məhkəməyə teleqram vuraraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkarın və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qətnamə üzrə cəmi 141 ABŞ dolları məbləğində ödəniş olmasını, borcun hissə-hissə icra edilməsinin tələbkarın haqlı menafeyinə zidd olduğundan ərizəni təmin etməmiş, gəldiyi nəticəni də AR MPM-in 231.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası, eləcə də möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə qətnaməsi üzrə tutulan məbləğ 1208,82 manat və 19655,16ABŞ dolları təşkil edir. Borclu isə ərizə ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, qətnamə üzrə tutulan borcun hər ay 40-50 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə tutulan 1208,82 manat və 19655,10 manat pulun hər ay 40-50 manat olmaqla ödənilməsi 650-700 ay müddəti edir ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını heçə endirir, tələbkarı məhkəmə qərarından gözləyə biləcəklərindən məhrum edir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X7 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X7 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə xx xxxxxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası borclunun dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmiş və ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclunun şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin 8(067)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar