Məhkəmə qərarları › İş №8(105)-118/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-118/2023

20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-118/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1nun icra hərəkətinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Cavabdeh1 böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1na məxsus ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə oluna vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8361/2015 nömrəli iş üzrə verilmiş xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X4 məxsus ********** qeydiyyat nömrəli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 59/16 nömrəli hərracın keçirilməsi haqqında sifariş məktubuna əsasən müəyyən edilir ki, icra sənədi üzrə icraatda X4 məxsus ünvan 1 nömrəli fərdi yaşayış evi 120000 manat məbləğində qiymətləndirilmiş və həmin avtomobilə dair hərracın keçirilməsini xahiş etmişdir.

4. X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 icra məmurunun xx.xx.2023-cü il tarixli, 59/16 nömrəli sifariş məktubuna əsasən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli fərdi yaşayış evinin hərracda satılması ilə bağlı icra hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən X5, X7 və X2 müştərək qaydada “Finka Azərbaycan” MMQBKT-nın xeyrinə 4205.66 manat əsas borc, 809 manat faiz borcu, cərimə borcu 41,50 manat, cəmi 5056,16 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzr İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1na məxsus ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, elektron portaldan əldə edilən məlumatlara əsasən X1na məxsus ********** reyestr nömrəli fərdi yaşayış evinin olduğu məlum olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-889/2022 nömrəli, 11.11.202 ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli iş üzrə verilmiş xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X4 məxsus ********** qeydiyyat nömrəli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara almışdır. Bundan sonra, Cavabdeh1 icra məmuru tərəfindən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli evin Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-də satılması ilə bağlı xx.xx.2023-cü il tarixli 59/16 nömrəli sifariş məktubu göndərmişdir. Hal-hazırda Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən hərracın keçirilmə vaxtı xx.xx.2023-cü il saat 11:00-a təyin edilmişdir. Cavabdeh1 icra məmurunun xx.xx.2023-cü il tarixli 59/16 nömrəli sifariş məktubunu əsassız və qanunsuz hesab etdiyindən hazırki şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Belə ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 №-li qərarının 1-ci bədində qeyd olunur ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) əmlakla tələbin yönəldilməsinə yol verilmir. Hazırki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli fərdi yaşayış evi onun yeganə yaşayış yeri olmasına baxmayaraq icra məmuru tərəfindən qanunsuz olaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədi olaraq hazırki əmlakın hərracda satılması ilə bağlı sifariş məktubu göndərmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Cavabdeh1 icra məmurunun xx.xx.2023-cü il tarixli, 59/16 nömrəli sifariş məktubuna əsasən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli fərdi yaşayış evinin hərracda satılması ilə bağlı icra hərəkətinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icranın könüllü həyata keçirilməsi qərara alınmış, bu isə yerinə yetirilməmiş, daha sonra icra məmuru tərəfindən müvafiq orqanlara, banklara sorğular verilmiş, həmin sorğulardan cavablar (qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsi, vətəndaşın adına filialda heç bir cari əmanət hesabının olmaması və s.) daxil olmuş, daha sonra vətəndaşın adına ********** reyestr nömrəli fərdi yaşayış evi aşkar olunmuş, icra məmuru qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, icra işinin materiallarında icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şikayətin dəlillərində yalnız yeganə yaşayış yerinin olması ilə əlaqələndirsə də, onu təsdiq edən sübutları şikayətə əlavə etməmiş, yuxarıda qeyd olunan qərardadla təqdimatın qismən edilməsi yalnız hərracın keçirilməsinin icra məmurunun səlahiyyətlərinə aid olduğundan (həmin qərardadı mübahisələndirməmiş) və həmin əmlakın açıq hərracda satılması üçün icra məmuru sifariş məktubu göndərmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə zəruri prosessual hərəkətlər (icra tədbirləri) aparılmış, lakin qətnamə icra edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə həmin əmlak üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, tələb borcluya məxsus olan əmlaka yönəldilərkən yalnız həmin əmlakın üzərinə həbs qoyulması məhkəmə qərardadına əsasən həyata keçirilir. Həmin əmlakın açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi isə icra orqanının səlahiyyətlərinə aid olan məsələdir.

8. Qərardaddan X1 şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 №-li qərarının 1-ci bəndində qeyd olunur ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) əmlakla tələbin yönəldilməsinə yol verilmir. Lakin buna baxmayaraq birinci inistansiya məhkəməsi fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 №-li qərarının 1-ci bədində qeyd olunana halları nəzərə almayaraq əsassız olaraq şikayətini təmin etməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası

45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən icra işinin materiallarında icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsasların müəyyən edilmədiyinə, fərdi yaşayış evinin yeganə yaşayış yerinin olmasını təsdiq edən sübutların şikayətə əlavə edilmədiyinə istinad etmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.

19. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (İcra haqqında Qanunun 45.1. maddəsi).

20. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri).

21. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, icra sənədi üzrə ödəməli olduğu borcu borclu tələbkara ödəməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyinə görə, icra məmuru məcburi icra tədbirlərini həyata keçirilməsindən ötrü müvafiq sorğu vermiş, **-FX-*** qeydiyyat nişanlı, “BMW-528” markalı avtomobil barəsində axtarış elan edilməsi qərara alınmış, borclu Z.Niyazovun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir. İcra sənədi üzrə icraatın təmin edilməsindən ötrü həmin əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8361/2015 nömrəli iş üzrə verilmiş xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X4 məxsus ********** qeydiyyat nömrəli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.

23. Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 59/16 nömrəli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraatda X4 məxsus ünvan 1 nömrəli fərdi yaşayış evi 120000 manat məbləğində qiymətləndirilmiş və hərracın keçirilməsini xahiş etmişdir.

24. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun təqdimatına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-889/2022 nömrəli xx.xx.2022ci il tarixli qərardadı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli evin üzərinə həbs qoyulmuşdur. Qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. O cümlədən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Evin üzərinə həbs qoyulması ilə bağlı qanuni qüvvəyə minmiş qərardad icra məmuru tərəfindən mübahisələndirilən icra hərəkətinin görülməsinə əsas verir. Odur ki, icra hərəkətinin qanunsuz hesab edilməsi barədə mövcud ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)- 553/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar