Məhkəmə qərarları › İş №8(105)-119/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-119/2022

20.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-119/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadından iş üzrə X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Borclu X1 Rayon Məhkəməsinin 2(012)-1398/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 07 fevral 2022-ci il tarixli “icraata başlamaq haqqında qərarının ləğv edilməsini və qanunsuz hərəkətlərinə görə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadı ilə X2nun Abşeron Rayon Məhkəməsinin 2(012)- 1398/2014 nömrəli, 24 dekabr 2014-cü il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 07 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. (hakim Cəmilə Səfiyeva) Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadının ləğv olunmasına dair borclu Şakir Abdullayevin ərizəsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan borclu tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şikayət hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, işdən görünür ki, borclu X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadından şikayət versə də, həmin şikayətin məzmunu konkret və anlaşılan deyil. Habelə şikayət verilən məhkəmə aktını qəbul etmiş hakimin adı soyadı düzgün qeyd edilməmiş, ən əsası isə şikayət qeyd olunan iş üzrə qəbul edilmiş məhkəmə aktlarının formal sadalanması ilə tərtib olunmuşdur. Şikayətdə ümumiyyətlə tələb yoxdur, hansı qərardadın hansı əsaslardan ləğv edilməli olması barədə hər hansı dəlil mövcud deyildir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi hazırkı şikayət MPM-in daha öncə sadalanan forma və məzmun baxımından prosessual tələbinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadından iş üzrə X2 tərəfindən verilmiş şikayət forma və məzmun baxımından düzgün verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilən şikayət araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 8(012)-230/2022 nömrəli qərardadından iş üzrə X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar