Məhkəmə qərarları › İş №8(105)-119/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-119/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-119/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 8(074)-78/2023 nömrəli qərardadından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən “Tələbkar ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH ******* nömrəli çıxarışa uyğun olaraq, istifadə hüququ təmin edilsin” ifadəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas kimi başa düşülməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs 14 iyul 2023-cü il tarixli qərardaddan yenidən şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi 14 iyul 2023-cü il tarixli qərardaddan 25 sentyabr 2023-cü il tarixdə şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, bununla qərardaddan şikayət vermə müddəti başlamış, 20 avqust 2023-cü il tarixədək davam etmişdir. Ərazi İdarəsi prosessual müddətin bitməsinə 3 gün qalmış, yəni 17 avqust 2023-cü il tarixdə qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardad Ərazi İdarəsinə 24 avqust 2023-cü il tarixdə təqdim edilmiş, Maraqlı şəxs 25 avqust 2023-cü il tarixdə şikayət vermişdir. Birinci instansiya məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmış, həmin qərardad Ərazi İdarəsinə 14 sentyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Ərazi İdarəsi 14 iyul 2023-cü il tarixli qərardaddan 25 sentyabr 2023-cü il tarixdə şikayət verməklə, 10 günlük şikayət vermə müddətini ötürmüş, lakin bu zaman birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs tərəfindən Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar