Məhkəmə qərarları › İş №8(105)-119/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-119/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-119/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlunun və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə X20 iclas katibliyi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş “icra sənədinin məhkəməyə geri qaytarılması” haqqında Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə X4nın ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(067)-143/2024 nömrəli qərardadından Borclu Özəl Ticarət Mərkəzi MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi : İşin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-78/2021 saylı icra sənədə əsasən Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələrinin sökülməsi və obyektin giriş-çıxışının bərpa edilməsinə dair icra vərəqəsi verilmişdir. –

2. xx.xx.2022-ci il tarixli “İcra sənədinin məhkəməyə geri qaytarılması” haqqında qərardan görünür ki, icra sənədinin icrası ilə əlaqədar icra tədbiri zamanı qeyd olunan ərazinin fəaliyyətini müvəqqəti olaraq dayandırmış "xxxx" MMC-nin deyil, X5 icarəsində olduğu əsası ilə, eyni zamanda “DƏDKR X50 5 Saylı Xaçmaz Ərazi İdarəsinin” rəyinə əsasən məhkəmənin iş materiallarına qeyd olunan giriş-çıxış yolunun və qanunsuz inşa edilmiş tikililərin koordinatları, ölçüləri, bölgüsü əlavə edilmədiyindən icra sənədinin icrası mümkünsüz hesab edilmiş və geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2021 saylı, xx.xx.2021-ci nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra sənədinin məhkəməyə geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində tələbkarın (yəni onun) istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yoluna borclu tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin girişçıxış yolu bərpa edilməlidir. Maraqlı şəxs icra məmuru Natiq Müslümov xx.xx.2022-ci il tarixli qərarla həmin icra sənədini icra edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. O icra məmuru Natiq Müslümovun həmin qərarında Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verərək qərarın ləğv edilib icra sənədinin icra edilməsi üçün Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Həmin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(105)-78/2021 saylı məktubla cavab verilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 78/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılır. Lakin bu günə kimi Maraqlı şəxs icra etməmiş, bununla bağlı sonuncu şikayətinə şöbənin rəisi Taleh Bayramovun xx.xx.2023-cü il tarixli, 372 nömrəli məktubla rədd cavabı verilmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə təkrar icraya yönəltsə də, icra məmurunun “İcra sənədinin məhkəməyə qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmədiyinə görə geri qaytarılmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

5. Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(067)-143/2024 nömrəli qərardadı ilə (hakim V.Qasımova) şikayət təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

6. Bu qərardaddan "xxxx" MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 8(067)-143/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, icra sənədinin geri qaytarılması üçün əsas icra vərəqəsi üzrə qeyd olunan Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunun və qanunsuz inşa edilmiş tikililərin koordinatlarının, ölçülərinin, mübahisəli əraziyə dair bölgüsünün olmaması səbəbindən icra sənədinin icra olunmaması göstərilmişdir. Bundan başqa qeyd olunan ərazinin fəaliyyətini müvəqqəti olaraq dayandırmış "xxxx" MMC-nin deyil, X5 icarəsində olması əsası ilə də icra olunmaması səbəblərdən biri kimi göstərilmişdir. Lakin bu hal, qüvvədə olan qanunvericiliyə görə icra sənədinin geri qaytarılması üçün əsas deyildir, yəni icra sənədinin icra edilmədən geri qaytarılması və ya icrası mümkün olmayan icra sənədinin geri qaytarılması üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş heç bir hal baş verməmişdir, yəni icra məmurunun qərarı kifayət qədər əsaslandırılmamışdır. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, mübahisəni həll edən qətnamə 2021-ci ildə icraya yönəldilməsinə baxmayaraq, icra məmurunun icra sənədini bu əsasla geri qaytarması vətəndaşların ədalət mühakiməsini həyata keçirən məhkəməyə inamın azalmasına səbəb ola bilər. Başqa sözlə, məhkəmə hesab edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilmə imkanı hələ də mövcuddur, bu imkanları isə icra məmuru yetəri qədər araşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmə şikayəti təmin etmişdir.

9. Məhkəmə öz qərarını “İcra haqqında” Qanunun 2.1, 23.1, 23.2, 23.3, 23.7, 70-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,15.2, 15.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-78/2021 saylı qətnaməsi ilə X21 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinin qismən təmin edilməsi, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələrinin sökülməsi və obyektin giriş-çıxış yolunun bərpa edilməsi qət edilmişdir. İddiaçı Arifə Rzayevanın (hazırki icra işində tələbkar) iaşə xidməti obyektinin yerləşdiyi daşınmaz əmlakın həmin cavabdeh olmuş "xxxx" MMC ilə hər-hansı hüquqi bağlılığı mövcud deyil. Belə ki, həmin əmlak kompleksi (kolxoz bazarı) mərhum X15 və onun rəhbəri olduğu əmək kollektivi tərəfindən özəlləşdirilmiş və Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 000788 saylı Şəhadətnamə ilə əmlak kompleksi üzərində X6, X2, X12, X22, X23, X3 və qeyrilərinin mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Sonradan, X9, X25, X34, X35, X10 və qeyriləri öz paylarını X1 və Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 000818 nömrəli Şəhadətnamə ilə əmlak kompleksi üzərində X6 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Daha sonra bu əmlak Nəcimə Babayeva tərəfindən övladları – X16, X13, X17 və X24 bağışlamış, əmlak kompleksi üzərində mülkiyyət hüququ 01 mart 2006-ci il tarixli 00276 nömrəıi Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Mülkiyyətçilərdən X16 28 mart 20212-ci il tarixində vəfat etdiyindən AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi verilmiş 01 mart 2006-cı il tarixli 00276 qeydiyyat nömrəli mülkiyyət haqqında Şəhadətnaməyə əsasən əmlak kompleksi müəssədən ona çatan hissə X18 və X14 verilmişdir. Xaçmaz rayonu notariat kontorunda bağlanmış 02 noyabr 2015-ci il tarixli daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X30, X17, X26, X19 əmlak kompleksi kimi müəssisənin birgə mülkiyyət üzrə onlara məxsus hissələri X7 bağışlanmışdır. xx.xx.2017-ci ildə həmin əmlak kompleksi üzərində sonuncunun mülkiyyət hüququ RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, həmin əmlak kompleksi heç vaxt hazırkı işdə borclu, mülki işdə isə cavabdeh olmuş "xxxx" MMC-nin mülkiyyətində olmamışdır. İşə baxan məhkəmə işin bu halını nəzərə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 23.1, 23.2 və 23.3-cü maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.

14. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur

15. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2024cü il tarixli, 8(067)-143/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(067)-143/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(105)-78/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı 29 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələrinin sökülməsi və obyektin giriş-çıxış yolunun bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC-dən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 (üç yüz on bir) manatın alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir.

21. Mübahisələndirilən Maraqlı şəxs xx.xx.2022- ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarın məzmunundan görünür ki, icra məmuru icra sənədini iki əsasla geri qaytarmışdır. - Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunun və qanunsuz inşa edilmiş tikililərin koordinatlarının, ölçülərinin, mübahisəli əraziyə dair bölgüsünün olmaması, - qeyd olunan ərazinin fəaliyyətini müvəqqəti olaraq dayandırmış "xxxx" MMC-nin deyil, X5 icarəsində olması.

22. Kollegiya iş üzrə məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin göstərilən əsaslarla icrasının mümkünsüzlüyü qanunvericilikdə nəzərdə tutulmadığı kimi, həm də əsassız mövqedir.

23. Belə ki, icra sənədi üzrə icra edilməli ərazinin digər şəxsin icarəsində və s. olması heç də icra sənədinin geri qaytarılmasına əsas ola bilməz. Bu halda yalnız hüququ pozulmuş şəxsin qətnaməni mübahisələndirməsi hüququ istisna edilmir.

24. Digər əsasla bağlı isə kollegiya bildirir ki, məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş halların icra çərçivəsində icraçının təşəbbüsü ilə yenidən müəyyənləşdirilməsi yolverilməzdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

26. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.

28. Məhkəmə nəzərə alır ki, cavabdehlərin üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarda konkret öhdəliyin yerinə yetirilməsi cavabdehin üzərinə qoyulmuşdursa, borclu bu hərəkəti tam icra etdikdə icra baş tutmuş sayılır.

29. Bu vəziyyətdə qiymətləndirilmə olan əsas məsələ ondan ibarətdir ki, tələbkarın (iddiaçının) müraciətinə yenidən baxarkən, borclunun (cavabdehin) bu qaydaya uyğun davranıb-davranmadığı təhlil olunmalı, müəyyən edilmiş müddət ərzində icranın nəyə görə başa çatmamasının səbəbləri araşdırılmalı, həmçinin, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini məzmununu nəzərə almaqla qiymət verməlidir

30. Beləliklə, məhkəmə kоllegiyаsı hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 357, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu Özəl Ticarət Mərkəzi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 8(067)-143/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar