Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-119/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və aliment borcunun silinməsinə dair şikayəti təmin edilməməsi qərara alınmışdır. X3 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərardadı ilə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və aliment borcunun silinməsinə dair şikayətinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 156/2025 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X3 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs hərəkətlərinin qanunsuz hesab edilərək, Tələbkar evi tərk edib, nikahın pozulması, uşaq tələbinə dair iddia ilə məhkəməyə müraciət etdiyi vaxtdan bu günədək, onun yanında olduğundan-X6 üçün təyin edilmiş aylıq 200 manat məbləğində aliment borcunun, məhkəmə qərar qəbul edənədək hesablanacaq hissəsinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi X2 Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə uşağın onda olması ilə bağlı kifayət qədər sübutlar təqdim etsə də məhkəmə tərəfindən bunların heç biri nəzərə alınmamışdır. Əsassız olaraq bir iki cümlə ilə Ali Məhkəmənin qərarına istinad etmişdir. Həmin qərardadda birbaşa olaraq göstərilmişdir ki, borcun silinməsi ilə bağlı məsələ əgər şəxsin xəstəliyi ilə bağlı deyilsə icra məmuruna borcun silinməsi ilə bağlı müraciət edilir. Bundan sonra əgər o borcu silmirsə məhkəməyə müraciət edilir. Lakin Abşeron Rayon Məhkəməsi bu halların heç birinə qiymət verməmişdir. Məhkəmə bu hallara yanlışlıqla qiymət vermiş göstərilən tələblər nəzərə alınmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş və formal olaraq qərara qəbul edilmişdir. Məhkəməyə təqdim etdiyi sübutlar uşağın onun yanında olması ilə bağlı borclunun videogörüntüsü, qonşuları aktı, məhkəmənin iddianın təmin tədbiri ilə bağlı qərardadı nəzərə alınmamış, heç bir araşdırma aparılmadan sübutları qeyd etmədən qərar qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini hazırki ərizəçinin verdiyi şikayətin mahiyyət etibarilə alimentin silinməsi tələbidir ki, həmin tələbə iddia icraatı qaydasında baxılan iş olması, aliment borcunun silinməsinin icra məmurunun səlahiyyətinə aid olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Məlum olduğu kimi, Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru həyata keçirdiyi üçün aliment borclarının müəyyən edilməsi də onların səlahiyyətlərinə aid edilib. Bu zaman aliment borcları alimentin ödənilməsi qaydasından asılı olaraq hesablanıb verilir. Aliment üzrə borcların müəyyən edilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət edilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi aliment üzrə borcların hesablanmasını icra məmuru həyata keçirir və bununla razılaşmayan tərəflərin icra məmurunun hərəkətlərindən MPM-nin tələblərinə uyğun şikayət vermək hüququ yaranır. İşdən görünür ki, Əlizadə Məmmədov icra məmuru tərəfindən borcun düzgün müəyyən olunmasını deyil, alimentin tutulduğu vaxtdan bu günədək övladının onun yanında qaldığını əsas gətirərək həmin dövrədək olan borcdan onun azad edilməsini xahiş edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aliment üzrə borcları ödəməkdən azad etmənin əsasları və qaydası Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuşdur. Azad etmənin əsaslarına aliment borcunu onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətlərinə aid etmişdir. Başqa sözlə, aliment üzrə borcların qalması üzrlü səbəblərlə əlaqədar olduqda, məhkəmə bu borcların miqdarını azaltmağa və ya ödəməkdən azad etməyə haqlıdır. Lakin bunun üçün aliment ödəyicisi bu barədə məhkəmədə iddia qaldırmalı və məhkəmə qətnaməsi ilə aliment borclarının azaldılması, yaxud ödəmədən azad edilməsi həyata keçirilməlidir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli və onunla bağlı 23 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-119/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-119/2025
24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver