Məhkəmə qərarları › İş №8(105)-12/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-12/2021

03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-12/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(060)-3127/2017 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakim T.Mahmudova) təqdimatın təmin edilməsi, Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu1 və Borclu2 Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu1 qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Taleh Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinin icra vərəqəsində göstərilən tələblərin təmin edilməsi məqsədilə Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti möhdudlaşdırılması barədə qərar qəbul edilməsi üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu1 və Borclu2 3975,49 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu alınıb “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 194B ünvanında qeydiyyatda olan Borclu2 Yadulla oğluna könüllü icra üçün bildiriş göndərilmişdir. Lakin borclular heç bir çağırışlara gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Əldə olunan məlumata əsasən borclular tez-tez ölkə ərazisini tərk edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu1 Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, onun ölkədən getmə hüququnun bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, himayəsində iki azyaşlı uşağı vardır, heç bir yerdə işləmir. Onun ölkədən çıxışına qadağan olunmaqla onun və ailəsinin dolanışığı çətin vəziyyətə salınmışdır. Anası ağır xəstədir, anasının müalicəsini təmin etmək və ailəni dolandırmaq indiki şəraitdə çətindir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini dinləyib, şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borclunun icra sənədinin könüllü icra etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, borclu şəxsin adına əmlak və müavinətlərinin alınmasının müəyyənləşdirilməsi üçün sorğu verilmiş, lakin borcluların adına qeydiyyata alınmış nəqliyyat vasitəsi və daşınmaz əmlak aşkar edilməmiş, pensiya və müavinət almadıqları müəyyən olunmuşdur. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1. maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsas şərti kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə borclu şəxsdən pul məbləğinin alınaraq tələbkara verilməsi qət edilmişdir. Borclu öhdəliyini icra etməmişdir. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir. Borclu icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildirişin ona təqdim edilməməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qənaətinə gəlmişdir. Borclu şəxs şikayətində onlara məlumat verilməməsini mübahisələndirsə də, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun əsaslandırılmış təqdimatına əsasən müəyyən edildiyindən, onların iştirak etməməsi əsaslı təqdimatın təmin edilməməsinə əsas ola bilmədiyindən, şikayətin qeyd edilən dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar