Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-12/2022 14.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Zahid Tahir oğlu Məmmədovdan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 8(012)-817/2021 saylı qərardadından ərizəçi-Tələbkar QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-06/2019 saylı, 07.10.2019-cu il tarixli icra sənədinə əsasən X1 və Borclu cəmi 23459.92 ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumu tutularaq Tələbkar’ QSC-yə ödənilməlidir. 27.10.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev borclunun ümumi mülkiyyətində olan əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)06/2019 saylı, 07.10.2019-cu il tarixli icra sənədinə əsasən X1 və Borclu cəmi 23459.92 ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi 05.11.2019-cu il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası barədə bildiriş borclulara göndərilmişdir (şəxsən təqdim edilmişdir). Lakin hazırkı günədək icra sənədi üzrə tələb könüllü olaraq borclular tərəfindən təmin edilməmişdir. Belə olan halda məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron İcra" İnformasiya sistemi vasitəsilə borcluların əmlak vəziyyəti yoxlanılan zaman hər hansı əmlak aşkar edilməmişdir. Eyni zamanda, ümumi mülkiyyətdə olan əmlakla bağlı sorğular edilən zaman müəyyən edilmişdir ki, borclulardan Borclu həyat yoldaşı X2 adına “Ford Cargo 2524 Yük” markalı, 90-LS413 dövlət qeydiyyat nişanlı, “X6” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 2524 Yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240 minik” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən edilmişdir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu həyat yoldaşı X2 mülkiyyətində olan “Ford Cargo 2524 Yük” markalı, **- LS-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 2524 Yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240 minik” markalı, 90-KZ331 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və tələbin borclunun ümumi mülkiyyətdə olan payına yönəlməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 8(012)-817/2021 saylı qərardadı ilə Borclu ümumi mülkiyyətində olan əmlakının üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 8(012)-817/2021 saylı qərardadından ərizəçi-Tələbkar QSC 21.12.2021-ci il tarixdə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 8(012)-817/2021 saylı qərardadı tamamilə əsassız olduğu üçün həmin qərardad ləğv olunmalıdır. Kəlbəcər Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli 2(040)- 06/2019 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin olunmuş, cavabdehlər X1 və Borclu Tələbkar QSC-nin xeyrinə 18742.62 ABŞ dolları əsas, 4501.88 ABŞ dolları faiz, 305.42 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 23459.22 ABŞ dolları, həmçinin 30 manat dövlət rüsumu tutulmalıdır. Borclu tərəfindən borc könüllü qaydada ödənilmədiyi üçün icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru Vadim Əliyev avtomobillərin üzərinə həbsin qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı təmin etməməsi barədə qərardadında heç bir maddi hüquq normalarına istinad etməmiş, işin faktiki halını, yəni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunub-olunmamasını, tələbkara olan borcun ödənilib-ödənilməməsini araşdırmadan hazırki qərardadı qəbul etmişdir. Məhkəmə qərardadında qeyd olunur ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu hallar hazırki işin halları ilə uzlaşmır. Çünki iş materiallarından görünür ki, bank tərəfindən nə ərə, nə də arvada qarşı əmlakla bağlı hər hansı bir iddia qaldırılmamışdır. Digər tərəfdən 22.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı bankın nümayəndəsinin, borclunun və icra məmurunun səsləndirdiyi fikirlər qərardadda öz əksini tapmamışdır. Halbuki, proses zamanı Borclu öz izahatında bildirmişdir ki, “onun həyat yoldaşına məxsus təqdimatda adları sadalanan avtomobillər Qasımova Rozanın atası tərəfindən ona hədiyyə edilmişdir”. Lakin əfsuslar olsun ki, borclu tərəfindən bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, qərardad kifayət qədər əsaslandırılmamış, işin halları obyektiv şəkildə araşdırılmamış, yalnız şəxsi mülahizələr əsasında qərardad qəbul edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən təqdimatda qeyd olunan avtomobillərə DİN-in aidiyyəti orqanına sorğular edilmiş və sorğuların cavablarından müəyyən olunmuşdur ki, Qasımova Rozanın adına olan avtomobillər məhz birgə nikah dövründə alqı-satqı yolu ilə əldə olunmuş və **-LS-*** dqn-lı maşın 21.09.2021-ci il tarixdə, **-VO-*** dqn-lı avtomobil 28.07.2020-ci ildə, **-KZ-*** dqn-lı avtomobil 23.02.2015-ci ildə, **-TS-*** dqn-lı avtomobil 25.01.2020-ci ildə Roza Qasımovanın adına rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə həmin avtomobillərin üzərinə həbsin qoyulması barədə təqdimatın təmin olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış Kəlbəcər Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli 2(040)-06/2019 saylı qətnaməsi bu gün də tam olaraq icra olunmamışdır, bu gün də borcluların tələbkar icra sənədinə əsasən Tələbkar QSC-yə 21730.79 ABŞ dollarından artıq borcu qalmaqdadır, borclu icra sənədinin icrasından və borcu ödəməkdən qəsdən yayınır. Bu gün də faktiki olaraq Borclu həyat yoldaşı X2 mülkiyyətində olan avtomobillər vardır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunmuşdur. Məhkəmə tərəfindən təqdimatın təmin edilməməsi icra sənədinin icra olunmasına mane olur, tələbkara olan borcun vaxtında ödənilməsinin və qətnamənin vaxtında icra olunmasının qarşısını alır. Qeyd edilənlərə əsasən şikayətin təmin olunması xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 8(012)-817/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Habil Əhmədov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun həyat yoldaşının əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. İcra işinin əmlaka dair kompüter çıxarışından görünür ki, Borclu həyat yoldaşı X2 adına “Ford Cargo 2524 Yük” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı 99- VO868 dövlət qeydiyyat nişanlı, “Ford Cargo 2524 Yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240 minik” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 06/2019 saylı, 07.10.2019-cu il tarixli icra sənədinə əsasən X1 və Borclu cəmi 23459.92 ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumu tutularaq Tələbkar’ QSC-yə ödənilməsi müəyyən olunmuş, həmin icra sənədi üzrə tələbkara olan borc ödənilmədiyindən icra məmuru Borclu ümumi mülkiyyətində olan, həyat yoldaşı X2 adına olan “Ford Cargo 2524 Yük” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 2524 Yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240 minik” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmaqla borclunun həmin əmlakdakı payına yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 Xidmətinin 13.11.2021-ci il tarixli 05/110644/19 saylı məktubundan görünür ki, Borclu ilə R.Qasımovanın (Baxşəliyevanın) nikahı 02.11.2012-ci il tarixdə Ağdam rayonunun Üçoğlan icra nümayəndəliyində Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikah dövründə əldə etdikləri əmlaklar daxildir ki, həmin əmlaklar barəsində Konstitusiya Məhkəməsinin Plenum Qərarı kreditor qarşısında ər-arvadın birgə öhdəlik daşıdığını istisna etməmişdir. Göründüyü kimi, kreditor qarşısında ər-arvadın birinin öhdəliyi müqabilində onların birgə borclu kimi birgə öhdəlik daşıması üçün borclunun şəxsi vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə kreditor ümumi əmlakdakı paya yönəldilməsi üçün əmlakın bölünməsi tələbinə dair ərizə ilə müraciət etməlidir. Lakin kollegiya qeyd edir ki, ümumi əmlakdakı avtomobillərin üzərinə həbs qoyulması və borclunun həmin əmlaklardakı payına borcun yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edərkən icra məmuru təqdimatını tam şəkildə əsaslandırmamış, tələbinin əsası kimi təqdim etdiyi Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 Xidmətinin 13.11.2021-ci il tarixli 05/110644/19 saylı məktubuna əsasən isə Borclu ilə R.Qasımovanın (Baxşəliyevanın) nikahının 02.11.2012-ci il tarixdə Ağdam rayonunun Üçoğlan icra nümayəndəliyində Dövlət qeydiyyatına alınması təqdimatda qeyd olunan əmlakların ər-arvadın həqiqətən də birgə nikah dövründə əldə olunmasını sübuta yetirməmiş, eyni zamanda, icra sənədi üzrə borclunun həmin avtomobillər üzərində payı müəyyən edilməmişdir. Bu isə icra məmurunun təqdimatda istinad etdiyi halların sübuta yetirilməməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə istinad etməklə, borclunun həyat yoldaşının adına olan avtomobillərin ümumi birgə mülkiyyət olması, həmçinin borclunun həmin əmlaklar barəsində payının müəyyən edilməməsi şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəyindən təqdimatın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi-Tələbkar QSC-nin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 8(012)-817/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-12/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-12/2022
14.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver