Məhkəmə qərarları › İş №8(105)-12/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-12/2025

05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-12/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-750/2023-019 saylı, nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş şikayə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-750/2023-019 saylı, nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair Maraqlı şəxs icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 750/2023 saylı, xx.xx.2023-cü il larixli icra sənədinə əsasən o azyaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə cavabdeh Borclu faktiki məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Maraqlı şəxs icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarına əsasən 2(067)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Maraqlı şəxs icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarını 16 oktyabr 2024cü il tarixdə alaraq, məlumatlı olmuşdur. Maraqlı şəxs icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarından narazıdır. Belə ki, icra məmuru əsassız onun hüquqlarını pozaraq düzgün və əsaslı araşdırma aparmadan qərar qəbul elmişdir. İcra məmuru onun hüquqlarını pozub əsassız qəbul etdiyi qərar onda stress yarataraq, bütün ailə üzvlərində gərginlik yaratmışdır. İcra məmuru iş üzrə icraatı ona görə dayandırmışdır ki, Borclu ona qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xilam verilməsi tələbinə dair iddia ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, borclunun qaldırdığı iddia iş üzrə icraatın dayandırılmasına əsas ola bilməz. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim vüsalə Qasımova) şikayət ərizəsi təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-750/2023-019 saylı, xx.xx.2023-cü il larixli icra sənədinə əsasən tələbkar X3 azyaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü, X4 ilə birlikdə cavabdeh Borclu faktiki məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunan icra işinin icraatı icra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Borclu qeyd olunan icra sənədinə əsas olmuş tələb ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İş materialları ilə müəyyən olunur ki, hazırki icra sənədi üzrə borclu tərəfindən yeni qaldırılmış iddia tələbi X1 verilməklə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədədir. Məhkəmə verilmiş tələbləri müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, icra vərəqəsinə əsas olmuş tələb ilə borclunun məhkəmədə qaldırdığı iddiaya dair tələb arasında birbaşa səbəbli əlaqə yoxdur. Başqa sözlə tələbkarın mübahisəli yaşayış sahəsinə köçürülməsi, sonradan kompensasiya ödənilməklə onun oradan çıxarılmasına maneçilik törətmir. Məhkəmənin qənaətinə görə icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsini səhv təfsir edərək, düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi icra məmuru əsassız olaraq tələbkarın hüquqlarını pozmuş, düzgün araşdırma aparmadan icra işinin icraatın dayandırmışdır. Bu qərar icra sənədinin vaxtında və operativ icra edilməməsinə, tələbkarın hüquqlarının pozulmasına şərait yaradır və məhkəmənin qənaətinə görə məqbul hesab edilə bilməz. Borclu şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin göstərilən qərardadına əsasən icra sənədi üzrə tələbkar X3 icra məmurunun icra sənədinin dayandırılması ilə bağlı qərarından verdiyi şikayət ərizəsi təmin edilmişdir. Hesab edir ki, məhkəmənin göstərilən qərarı qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-750/2023 saylı icra vərəqəsinə əsasən iş üzrə tələbkar Cəmilə Gülməmmədova azyaşlı uşağı ilə birlikdə Borclu məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürlüməlidir. İcra prosesi zamanı iş üzrə cavabdeh məhkəməyə iddia qaydasında ərizə verərək iş üzrə tələbkara kompensasiya verməklə mənzildən istifadə hüququna verilməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş və iş hazırda Xaçmaz Rayon Məhkəməsinin icraatında baxılır (hakim Aynur Əliyeva). Göründüyü kimi hazırda icra sənədi üzrə mübahisə predmeti olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə dair hazırda məhkəmənin icraatında iddia qaydasında işə baxılır. Yəni həmin iş yekunlaşmamış icraatda olan icra sənədinin icra olunması digər baxılan işin gələcəkdə icra olunmasına maneələr yaradacaqdır. Göstərilən qərardada nəzər yetirilsə hakim qərardadı onunla əsaslandırmışdır ki, icra vərəqəsinə əsas olmuş tələb ilə borclunun məhkəmədə qaldırdığı iddiaya dair tələb arasında səbəbli əlaqə yoxdur. Hansı ki, cavabdehin iddia tələbi yaşayış hüququna kompensasiya verilməklə xitam verilməsi ilə bağlıdır. İcraatda olan icra sənədi isə mənzilə köçürülmə tələbi ilə bağlıdır. Göründüyü kimi baxılan işin icraatda olan işlə səbəbli əlaqəsi olduğu birbaşa öz təsdiqini tapır. Əgər icra məmuru icra sənədi üzrə işi icra etsə cavabdehin iddiası isə təmin olunsa artıq cavabdeh məhkəməyə yenidən evdən çıxarılma ilə bağlı yeni iddia qaldırmalıdır. Hesab edir ki, məhkəmənin gərgin iş yükünü artırmaqdan başqa bir addım olmayacaq. Yəni icra məmurunun xx.xx.2024-cü il tarixli icraatın dayandırılması ilə bağlı qəbul etdiyi qərar əsaslıdır və ləğv edilməməlidir. Mövcud icra praktikasında da göstərilən işlər üzrə icra məmuru icra haqqında qanunun 17.1.4-cü maddəsinə əsasən icraatı dayandırıaraq digər mübahiəsnin nəticəsini gözləməlidir. Hansı ki, göstərilən maddənin tələbindən də görünür ki, icra sənədinə və ya onun verilməsinə əsasən olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icraat dayandırılmalıdır. Göründüyü kimi hakim bütün bu göstərilənləri nəzərə almadan formal cümlələrlə qərardadın çıxarılması üçün əsas olmayan normalara əsaslanaraq ərizəni təmin etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Nərmin Abiyeva) ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 62-ci bəndində qeyd olunmuşdur ki, barışıq sazişinin etibarsız sayılması barədə iddianın qaldırılması, həmin sazişi təsdiqləyən məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasına əsas vermir. Belə ki, “İcra haqqında” Qanunda icraatın dayandırılmasının belə bir əsası nəzərdə tutulmamışdır. Həmin Qanunun 17.1.4-cü maddəsi isə məhkəmə tərəfindən verilmiş icra sənədlərinə aid deyil. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 17.1.4-cü maddəsində icra sənədi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulmuş əsas məhkəmə tərəfindən verilmiş icra sənədlərinə aid hesab olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayət üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə əssasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat dayandırılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar