Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-120/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1054/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə (Açar sözlər: icra sənədinin hissə-hissə icra edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə X3 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1054/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müracət edərək “qətnamə ilə müəyyən olunmuş borcunun hissə-hissə, ayda 800 manat məbləğində ödənilməsi barədə” qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 52-ci məhəllə, 55A saylı fərdi yaşayış evinin tikinti və təmirinə sərf edilmiş 47 000 manat məbləğin 1/2 hissəsi, yəni 23500 manat pulun borcludan tələbkarın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə icraya yönəlmişdir. Mübahisəli fərdi yaşayış evi sənədsiz tikili olduğundan borclu sözügedən evi 3 il öncə satdıqdan sonra yeni bir ev almışdır. Daha sonra həmin evi də satmışdır. Maddi imkanı olmadığından və həmin dövrdə işsiz olduğundan əldə etdiyi pulu uşaqların aliment xərclərinə, gündəlik dolanışıq xərclərinə və xaricdə işləməyi üçün təhsil xərclərinə sərf etmişdir. Hazırda ümumilikdə 23665 manat məbləğində pulu ödəmək imkanı yoxdur. Tələbkar ilə birgə nikahlarından olan uşaqların saxlanılması üçün ayda 520 manat məbləğində aliment ödəyir. Həmin alimentin ödənilməsində də heç bir gecikdirilmə və əskilmə yoxdur. Təzəlikcə ölkə xaricində yeni işlə təmin olunmuş və əldə edəcəyi gəlirlə o, borcunu hissə-hissə ödəyə bilər. Qətnamənin icrasından əsla yayınmır. Sadəcə olaraq borcun ödənilməsini bütöv formada həyata keçirməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1054/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin X1 tərəfindən tələbkar İddiaçı hər ay 800 (səkkiz yüz) manat ödəniş edilməklə hissə-hissə icra edilməsi qərara alınmışdır.
4. Qərardaddan tələbkar İddiaçı şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1054/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1054/2022 saylı, 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu barəsində “Elektron məhkəmə” informasiya sistemindən əmlak məlumatlarından çıxarışlara əsasən onun mülkiyyətində avtomobil və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5101/2020 saylı qətnaməsi ilə borclu ilə tələbkar arasında olan nikahın pozulması, onların birgə nikahlarından olan yetkinlik yaşına çatmayan tələbkarın himayəsində qalmaları və uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 130 manat olmaqla, ümumilikdə 520 manat məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir ki, həmin qətnamə əsasında borclu hər ay 520 manat məbləğində aliment ödəyir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, hazırkı halda borclunun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan tələbkarın xeyrinə tutulmalı olan 23000 manat pulu birdəfəlik ödəmək imkanı olmadığından ərizə təmin edilməli, qətnamə hər ay borcludan tələbkarın xeyrinə 800 manat pul tutulmaqla hissə-hissə icra edilməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 231.1, 231.2, 231.4, 231.5-ci maddələri, «İcra Haqqında» Qanununun 15-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəni təmin edərkən, tələbkarın mənafeyini nəzərə almamış, habelə borclunun gerçək niyyətinin nədən ibarət olmasına əhəmiyyət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qərarardadda qeyd olunan formada hissə-hissə icra edilməsi üçün təxminən 2 il 6 aya yaxın bir müddət vaxt sərf edilməlidir ki, əslində borcluya məhz belə bir vaxt qazanmaq lazımdır. Çünki borclunun borcunu ödəmək fikri yoxdur. Əgər onun borcunu ödəmək fikri olsaydı, keçən müddət ərzində borcdan ödəniş edərdi. O bu vaxt ərzində ölkəni tərk etmək üçün tədbirlər görəcək və sonda ölkəni tərk etməklə borcunu ödəməkdən yayınacaqdır. Onun ölkəni tərk etməsinə məhdudiyyət qoyulmasını məhkəmə təmin etməmişdir. Hazırkı qərardad da, yalnız borclunun maraqlarına xidmət edir. Borclu tərəflər arasında məhkəmə mübahisəsi zamanı fərdi yaşayış evini təcili və gizlin şəkildə satmışdır. Nəticədə o və 4 uşağı valideynlərinin evində yaşayırlar. Bu hal onlar üçün çətinlik yaratdığı kimi, ev sahiblərinin də normal yaşayışlarına maneəçilik törədir. Sadalanan diqqətəlayiq hallar nəzərə alınmalı və şikayət təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1054/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
“İcra haqqında” Qanunun”
12. Maddə: 8.1-ci icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarı
13. Həmin qərarda göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı.
16. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəyə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Şikayətdən görünür ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 8(060)-1054/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
18. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.
20. Belə ki, borcun tutulması barədə məhkəmə qərarının buna mötəbər əsaslar olmadan hissə-hissə icrası bilavasitə tələbkarın qanunla qorunan mənafelərini pozur, məhkəmə qərarının icrasını yubatmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirir. Eyni zamanda qeyd olunmalıdır ki, borclu tərəfindən qeyd olunan dəlillər, habelə onun hər ay aliment ödəməsi öhdəliyi onun maddi imkanının məhdud olmasını təsdiq etmir. Bu səbəbdən, tələbkarın da mənafeyinin müdafiəsi baxımından hər hansı bir tutarlı əsas olmadan qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilə bilməz.
21. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gələrkən işin faktiki halından çıxış edərək qeyd edir ki, məlum olduğu kimi hazırkı icra sənədi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmişdir ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, tərəflərin birgə nikahları dövründə əldə etdikləri Sumqayıt şəhəri, 52-ci məhəllə, 55A saylı fərdi yaşayış evinin tikinti və təmirinə sərf edilmiş 47 000 manat məbləğin 1/2 hissəsi, yəni 23500 manat pulun borcludan tələbkarın xeyrinə tutulması qət edilmişdir. Tələbkar şikayətində mübahisəli evin borclu tərəfindən satılması nəticəsində sonuncunun dörd övladı ilə birlikdə öz valideynlərinin yanında qaldığını və bu halın mənzilin bütün sakinləri üçün təbii narahatçılıq yaratdığını qeyd etmişdir.
22. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın şikayətinin dəlilləri, onun mənafeyinin müdafiəsi ilə uzlaşdığından hazırkı ərizə təmin edilə bilməz. Çünki, borclunun ərizəsində qeyd olunan dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid olmadığı kimi, icra sənədi üzrə borcun tam şəkildə ödənilməsi tələbkarın yeni yaşayış sahəsi əldə etməsi üçün əsas vəsait kimi çıxış edə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
23. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır.
24. Şərh olunanlara əsasən, kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 8(060)-1054/2022 nömrəli qərardadı ləğv edilməli, X1nun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir.
25. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi
Q ə r a r a a l d ı:
Tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 8(060)-1054/2022 nömrəli qərardadı ləğv edilsin. X3 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.