Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-120/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərardadından borclu Məmməd Elçin Məmməd oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) borclular Məmməd Elçin Məmməd oğlunun və Məmmədli Səbinə Məmməd qızının Cavabdeh hərəkətlərindən şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu Məmməd Elçin Məmməd oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, borclu Məmməd Elçin Məmməd oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayəti ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Borclular Məmməd Elçin Məmməd oğlu və Məmmədli Səbinə Məmməd qızı Cavabdeh hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 2(060)-1311/2011 nömrəli, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimatın verilməsi və Məmmədli Səbinə Məmməd qızının əmək haqqından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Məmməd Elçin Məmməd oğlu Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə şikayətçi Məmmədli Səbinə Məmməd qızı ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 336K/08SU saylı kredit müqaviləsinə əsasən onun bank qarşısında borc öhdəliyi yaranıb. Digər şikayətçi Elçin Məmməd isə həmin öhdəliyin təminatı kimi kredit üzrə zamin olub. Tərəflər məhkəmə mübahisəsi yaranıb və borclu şəxslərdən ümumilikdə 16.193.09 ABŞ dollar borcun tutulması qət edilib. Həmin qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2013-cü il tarixdə icraya yönəlib. Bu müddət ərzində borclu tərəfindən öhdəlik tam icra edilsə də, tələbkar bank tərəfindən icra idarəsinə hər hansı məlumat verilməyib. Göstərilən borc müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh tərəfindən 2020-ci ilin sonlarından etibarən yenidən tutulmalara başlanılıb və borclu şəxs Səbinə Məmmədliyə məxsus əmək haqqından indiyə qədər tutulma həyata keçirilməkdədir. Borc alanın bağlanmış öhdəliyini ASAN xidmət tərəfindən Azərbaycan Kredit Bürosundan verilmiş 02 may 2019-cu il tarixli çıxarış da təsdiq edir. Hətta kredit üzrə zamin Elçin Məmmədin Azərbaycan Kredit Bürosundan verilmiş eyni tarixli çıxarışdan da görünür ki, onun da Unibank KB ASC qarşısında zamin kimi öhdəliyi yoxdur. Şikayətçilər məhkəməyə müraciət edib və Sumqayıt şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməyib. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi hazırki iş üzrə qeyd edilən halları düzgün nəzərə almayıb, iş üzrə bütün sübutları tam və hərtərəfli qiymətləndirməyib. Bununla da mövcud vəziyyətin zamin kimi onu da əlverişsiz vəziyyətə saldığından məhkəmə obyektiv nəticəyə gəlməyib. Ona görə də qərardad ləğv edilməli və şikayətçilərin ərizəsi təmin edilməlidir. Belə ki, tərəflər arasında mübahisəli məbləğlərin araşdırılması, şərh olunan hallarla bağlı anlaşılmazlıqların aradan qaldırılması üçün 11 dekabr 2023-cü ildə məhkəmə mühasibatlıq ekspertizası təyin edilib. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi 18 iyul 2024-cü ildə məhkəməyə daxil olub. Həmin rəy natamam olub, obyektivliyi şübhə doğurub, həqiqətə uyğun deyil və qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilib. Ekspertiza üçün bankın təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 3624nkSUM/20 saylı kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün mühüm sənəd və tədiqat obyekti ola bilməz. Həmin sənədlər qeyd edilən tarixdə istehlak krediti üçün tərəflər arasında bağlanmış müqavilədir. Bu sənədlərin hazırda mübahisələndirilən məhkəmə predmetinə isə aidiyyatı yoxdur. Bundan əlavə, "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilir ki, mübahisələndirdikləri kredit müqaviləsi barədə icra işləri (hazırki iş) 2022-ci il tarixindən BOA Kollektor Agentliyinə satıldığı üçün borc vəziyyəti barədə maliyyə arayışını təqdim etmək mümkün deyildir. Görünən odur ki, bank özü də etiraf edir ki, bağlanmış öhdəliyin aqibəti barədə onlarda hər hansı məlumat yoxdur. Tələbkar bankın özünün belə aqibətindən məlumatı olmadığı borc üzrə öhdəliklərin icrası İcra İdarəsi tərəfindən necə icra edilir? Eyni zamanda Unibank KB ASC tərəfindən borc tələbi satılan Maraqlı şəxs ASC-nin 22 avqust 2024-cü il tarixli arayışından görünür ki, həmin kredit müqaviləsi üzrə Səbinə Məmmədlinin 5696,29 ABŞ dolları borcu qalıb. Halbuki artıq 4 ildir ki, əmək haqqından tutulmalar davam edir və indiyə qədər borcun qalması praktiki mümkün deyildir. Məhkəmə bu ziddiyətli məqamları aradan qaldırmadan tələm-tələsik qərardad qəbul edərək şikayətçilərin hüquqlarını kifayət qədər pozmuşdur. Belə ki, Azərbaycan Kredit Bürosunun 02 may 2019-cu il tarixli çıxarışından görünür ki, Unibank KB ASC qarşısında mübahisələndirilən kredit üzrə şikayətçilərin öhdəlikləri yoxdur. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli rəyindən görünür ki, borclunun (şikayətçinin) 21607,99 ABŞ dolları borcu vardır. Maraqlı şəxs ASC-nin 22 avqust 2024-cü il tarixli arayışından görünür ki, həmin kredit müqaviləsi üzrə Səbinə Məmmədlinin 5696,29 ABŞ dolları borcu qalıb. Mülki işin ədalətli araşdırılması məqsədilə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, Məhkəmənin 22 avqust 2024-cü il tarixli qərardadı ilə (iş üzrə çıxarılan qərardadla eyni tarixdə) təmin edilməyib. Məhkəmə qərardad qəbul edərkən işə aid zəruri olan bütün halları nəzərə almayıb, yalnız Məhkəmə Ekspertiza Mərkəzinin rəyi və Maraqlı şəxs ASC-nin arayışı əsasında mübahisələndirilən icra sənədi üzrə borc məbləğinin mövcud olması qənaətinə gəlib. Lakin məhkəmə tərəfindən Azərbaycan Kredit Bürosunun şikayətçilərin öhdəliklərinin olmaması ilə bağlı 02 may 2019-cu il tarixli çıxarışına heç münasibət belə göstərilməyib. Hər halda həmin rəsmi dövlət qurumunun təqdim etdiyi çıxarış borcla bağlı mövcud vəziyyət əsasında tərtib edilib. Tərəflər arasında mübahisə olduğu üçün həmin məbləğ araşdırılmalı, şərh olunan hallarla bağlı şübhə və anlaşılmazlıqları aradan qaldırmaq üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli idi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi borclular öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni icra sənədi üzrə borcun tam məbləğdə ödənildiyini sübut edə bilməməsi ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli və onunla bağlı 02 sentyabr 2024-cü il tarixli qərardadları ləğv edilməli, borclular Məmməd Elçin Məmməd oğlu və Məmmədli Səbinə Məmməd qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı qeyd olunanlara əsasən qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi təmin edilmiş, kredit üzrə 12718,37 ABŞ dolları, faiz üzrə 2937,29 ABŞ dolları, cərimə üzrə 537,43 ABŞ dolları, cəmi 16193,09 ABŞ dolları ABŞ dolları və dövlət rüsumu kimi 20 manat məbləğində pul vəsaitinin cavabdehlər (borcalan) Məmmədli Səbinə Məmməd qızı və (zamin) Məmməd Elçin Məmməd oğlundan müştərək qaydada tutularaq, iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə icra olunması üçün Cavabdehnə göndərilmişdir. Hazırda borclular icra vərəqəsi üzrə borcun tam ödənildiyini əsas gətirərək, icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimatın verilməsi və Məmmədli Səbinə Məmməd qızının əmək haqqından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Lakin şikayətə baxan birinci instansiya məhkəməsi barəsində şikayət verilən icra məmurunun, tələbkarın, o cümlədən xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb hüququ əldə etmiş, "xxxx" ASC-ni isə cəlb etməmiş, hazırkı işdə iştirakları zəruri olduğu halda, həmin şəxslərin bu məsələyə münasibətini öyrənmək üçün onları dəvət edib ətraflı müzakirə etməmiş, eləcə də borc tələbi üzrə mövcud olmuş icra işini tələb edib baxış keçirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Eyni zamanda şikayətin məzmunundan və "xxxx" KB ASC-nin məhkəməyə ünvanladığı ərizədən görünür ki, tələbkar "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə belə münasibət bildirməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Səbinə Məmmədliyə ünvanlanmış 22 avqust 2024-cü il tarixli maliyyə arayışında sonuncunun 5696,29 ABŞ dolları borclu olduğu göstərilmişdir. Lakin şikayəti müzakirə edən məhkəmə işin bu hallarına qiymət verməmişdir. Göründüyü kimi mövcud şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli və onunla bağlı 02 sentyabr 2024-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla borcluların şikayətinə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Məmməd Elçin Məmməd oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli və onunla bağlı 02 sentyabr 2024-cü il tarixli qərardadları ləğv edilsin. Borclular Məmməd Elçin Məmməd oğlu və Məmmədli Səbinə Məmməd qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-120/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-120/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver