Məhkəmə qərarları › İş №8(105)-120/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-120/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-120/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızının borclu X9 qarşı iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətsizliyi) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Borclu X8 Maraqlı şəxs İcra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinə dair şikayət ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Borclu X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs İcra X17 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızına borclu olduğu aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə ərizənin təmin olunmasından imtinası barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Borclu X14 şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X14 ilə Şahmarova (Qasımova) Könül Adıgözəl qızı arasında xx.xx.2002-ci il tarixdə Sumqayıt Nikah evində bağlanmış 152 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X6 ananın Şahmarova (Qasımova) Könül Adıgözəl qızının yanında qalması, X7 Şahmarova (Qasımova) Könül Adıgözəl qızının xeyrinə xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, ayda hər bir uşağa görə 108 manat olmaqla ümumilikdə 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutulması, qalan hissədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)100/2015 saylı qətnaməsi xx.xx.2015-ci il tarixində qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhər üzrə İcra idraəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə cavabdehə müəyyən müddət ərzində aliment ödəsə də, sonradan aliment ödəməyi dayandırmışdır. Buna səbəb birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra onun yanında yaşamaları səbəb olmuşdur. Həmin faktı xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti MKS X1 16 saylı MKS-nin və qonşularının tərtib etdiyi akt da təsdiq edir. Həmçinin, birgə nikahlarından doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X6 da məhkəmə qaydasında nikah pozulduqdan sonra cavabdehin deyil onun himayəsində yaşadıqlarını təsdiq edə bilərlər. Bununla əlaqədar Maraqlı şəxsnə rəsmi qaydada ərizə ilə müraciət edərək, həmin icra sənədi üzrə aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İcra X17 tərəfindən ərizənin təmin olunmasından imtina olunmuş və ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, " Sizin ərizənizə cavab olaraq bildirilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 100/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Sizdən xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Borclu Adigözəl qızının xeyrinə ödənilməlidir. Bildirilir ki, icra sənədi üzrə yığılmış aliment borcunun silinməsi barədə qərar qəbul etmək səlahiyyətimiz yoxdur. Bununla bağlı müvafiq məhkəməyə müraciət edə bilərsiniz ". Hazırda İcra məmurunun hərəkətləri ilə razı olmadığına görə şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi ilə X14 ilə Şahmarova (Qasımova) Könül Adıgözəl qızı arasında xx.xx.2002-ci il tarixdə Sumqayıt Nikah evində bağlanmış 152 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X6 ananın Şahmarova (Qasımova) Könül Adıgözəl qızının yanında qalması, X7 Şahmarova (Qasımova) Könül Adıgözəl qızının xeyrinə xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, ayda hər bir uşağa görə 108 manat olmaqla ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X9 göndərilmiş xx.xx.2025-ci il tarixli, 145/46 nömrəli məlumatda borcluya icra idarəsinin borclu olduğu icra sənədi üzrə yığılmış aliment borcunun silinməsi barədə qərar qəbul etmək səlahiyyətlərinin olmaması bildirilmiş və müraciətlə bağlı müvafiq məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Maraqlı şəxs İcra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə borclu X14 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

6. Borclu X14 qeyd edilən qərardaddan şikayət vermişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-53/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu X14 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, ərizə və ona əlavə olunmuş sənədlərin işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır.

9. Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) borclu X8 Maraqlı şəxs İcra X17 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızına borclu olduğu aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə ərizənin təmin olunmasından imtinası barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır.

10. Borclu X14 qeyd edilən qərardaddan şikayət vermişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri:

13. Borclu X14 şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadının ləğv edilməsini, Maraqlı şəxs İcra X17 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızına borclu olduğu aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə ərizənin təmin olunmasından imtinası barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə lazımınca araşdırma aparmamışdır, əsassız olaraq şikayət ərizəsini təmin etməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti MKS-nın X1 16 saylı MKS-nın və qonşuların tərtib etdiyi aktda təsdiq edir ki, nikah pozulduqdan sonra xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X4 borclu X8 yanında yaşamasını təsdiq etmişlər. Birinci İnstansiya Məhkəməsində tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızı izahatında bildirmişdir ki, uşaqlar onunla yaşamış və yetkinlik yaşına çatdıqdan sonra atalarının yanında yaşamağa başlamışlar. Həmçinin, uşaqlara özünün baxdığını və böyük övladının 24, kiçik övladının isə 21 yaşında olduğunu qeyd etmişdir. Tələbkar uşaqların onun yanında yaşadığını qeyd etsə də, bununla bağlı hər-hansı möhtəbər sübutu məhkməyə təqdim etməmişdir. Həmçinin, icra materiallarından göründüyü kimi 2018-ci il tarixindən bu günə kimi tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızı borclu X14 tərəfindən alimentin ödənilməməsi ilə bağlı icra qrumuna şikayət ərizəsi ilə müraciət etməmişdir. Həmçinin, işin tam və obyektiv həlli ilə bağlı övladları xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X4 məhkəmə prosessində şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatət verməyinə baxmayaraq məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmadan əsassız olaraq şikatəyi təmin etməmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

17. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 69. Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs İcra X17 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızına borclu olduğu aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə ərizənin təmin olunmasından imtinası barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir.

23. Məhkəmə qərardadı ilə razılaşmayan borclu X14 şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

24. Şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

25. Kollegiya həmçinin aşağıda şərh olunanları vurğulamağı zəruri bilir:

26. İcra haqqında Qanunun 20-ci maddəsində İcraata xitam verilməsinin əsasları və qaydası müəyyən edilmişdir.

27. Həmin hüquq norması üzrə qiymətləndirmə aparan kollegiya qeyd edir ki, araşdırılan mübahisə üzrə icra sənədi üzrə icraata xitam verilməsi əsasları müəyyən edilməmişdir.

28. Həmçinin iş materialları öyrənilərkən müəyyən edildi ki, borclu birgə nikahdan olan uşaqların illərdir onun yanında yaşadığına əsaslanaraq alimentin hesablanması ilə razılaşmır və aliment borcunun silinməsini mübahisələndirmişdir.

29. Ailə Məcəlləsi Maddə 107.2-ci maddəsinin tələbinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borclarını ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

30. Göründüyü kimi icra məmuru tərəfindən borcluya icra idarəsinin icra sənədi üzrə yığılmış aliment borcunun silinməsi barədə qərar qəbul etmək səlahiyyətlərinin olmaması və müraciətlə bağlı müvafiq məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur.

31. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun mübahisələndirilən hərəkətsizliyinin qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu X14 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 8(060)-116/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar