Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-121/2025 23.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar hazırda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilməsini xahiş etmişdir.
2. Tələbkar ərizəsini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.
3. Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim F.Yaqubov) ərizə qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-880/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
4. İşə baxan birinci instansiya məhkəməsi xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, alimentin sonuncu dəfə 2024-cü ildə 200 manat müəyyən olunmasını və həmin ildə minimum aylıq əmək haqqının məbləğinin 345 manat olmasını nəzərə alaraq müəyyən edib ki, 2024-cü ildə minimum aylıq əmək haqqının 0,58 misli həddində alimentin tutulması qət edildiyindən, lakin tələbkar əsas olmadan hazırda minimum aylıq əmək haqqının 1,01 misli həddində alimentin məbləğinin müəyyən edilməsini xahiş etdiyindən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır.
5. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 110.1, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2, 232.3-cü maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1, 8.4-2 -ci maddələrinə istinadla əsaslandırmışdır.
6. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının qismən ləğv edilməsini, ərizənin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı qismən ləğv edilməli, alimentin artırılması (indeksasiyası) barədə ərizə tam təmin edilməlidir. Belə ki, hazırda demək olar ki, bütün mülki işlər üzrə minimum əmək haqqı məbləğində (400 azn) aliment təyin edilir. Uşaqlar üçün yaşayış minimumunun 246 manat məbləğində müəyyənləşdirilməsi o demək deyil ki, az məbləğdə aliment təyin edilməlidir. Durmadan artan qiymətlər, uşağın qayğıları, dərsi, tərbiyəsi asudə vaxtının keçirilməsi və digər hallar nəzərə alınmaqla minimum həddə alimentin müəyyənləşdirilməsi qəbul edilməzdir. Nəzərə almaq lazımdır ki, borclu kifayət qədər imkanlı şəxsdir. Belə olan halda işləməyən şəxslərlə bir tutulması düzdün deyildir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Lakin məhkəmə qanunvericiliyin tələblərini nəzərə almadan yekun nəticəyə gəlmiş, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda göstərilən xüsusatlara dolğun hüquqi qiymət verməmiş, heç bir araşdırma aparmamaqla borclunun mənafeyinə uyğun qərar qəbul etmişdır ki, nəticədə onun konstitutsion hüquqları məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
14. Apellyator hazırkı şikayətində Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının qismən, ərizənin təmin olunmayan hissəsində ləğv olunmasını və ərizənin tam təmin edilməsini xahiş etmişdir.
15. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
18. Şamaxı Rayon Məhkəməsinin 2(074)-880/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 anası Tələbkar yanında qalması, birgə nikahdan olan uşağın saxlanılması üçün, hər ay 200 manat məbləğində alimentin Borclu tutularaq, Tələbkar ödənilməsi qət edilmişdir.
19. Hazırda ərizəçi Tələbkar hazırda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilməsini xahiş etmişdir.
20. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
22. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0.58 misli (200:345=0.58) həddində müəyyən edilmiş olur.
23. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Şamaxı Rayon Məhkəməsinin 2(074)-880/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması qənaətinə gəlmişdir.
24. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.