Məhkəmə qərarları › İş №8(105)-122/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-122/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-122/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə katibi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 8(012)-144/2021 saylı qərardadından tələbkar C.C.Əliyevanın verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 8(012)-144/2021 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) X1 ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsinin icra üsulu dəyişdirilərək 28 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X5 hər ay qazancının ¼ hissəsi miqdarında, yəni 784,5 AVRO miqdarında tutulan alimentin 50 faizinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X9 adına açılacaq bank hesabına köçürülməsi qərara alınmışdır. Tələbkar C.C.Əliyeva qərarddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(012)-144/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsi ilə onunla X8 arasında 04 mart 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 493 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş 28 dekabr 2017-ci il təvəllüdlü X9 anası X6 himayəsində saxlanması və azyaşlının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X6 xeyrinə hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda ondan uşağı X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqından 784,5 Avro məbləöğində aliment tutulur. Aliment uşağa məxsus olan hüquqdur, yəni uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn isə bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Yəni bu vəsait uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməlidir. Sərəncamına aliment daxil olan valideyn aliment ödəyənin və aliment tutan orqanın qarşısında hesabatlı olmalıdır və alimentin uşağın mənafeyi üçün xərclədiyi barədə sübutlar təqdim etməlidir. “2020-ci il Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Ondan tutulan 784,5 AVRO aliment isə 1569 manat, yəni təqribən 10 dəfə artıq məbləğ edir. X6 yaşayış minimumundan 10 dəfə artıq bu qədər yüksək məbləğin hamısının sadəcə uşağın saxlanmasına xərcləməsi inandırıcı deyildir. Bu səbəbdən də ödənilən alimentin 50 faizi uşağı X9 adına açılacaq bank hesabına köçürülməlidir. Çünki ödədiyi alimentin hətta 50 faizi olan 784,5 manat yaşayış minimununun 5 misli miqdarını təşkil edir. Uşağın saxlanması, tərbiyəsi və təhsilinə kifayət edir. Digər 50 faizin X9 adına açılacaq bank hesabına köçürülməsi onun yetkinlik yaşına çatdıqda bank hesabında yığılacaq həmin pul vəsaitinə sərəncam vermək hüququ əldə edəcək və həmin vəsait hesabına özünə daha yaxşı həyat şəraiti yaradacağına şərait yaradacaqdır. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək, 28 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında, yəni 784,5 Avro miqdarında tutulan alimentin 50 faizinin X9 adına açılacaq bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Tələbkar C.C.Əliyeva verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 19 mart 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, X1 Abşeron Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(012)- 2146/2020 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsi ilə X7 və X8 arasında 04 mart 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 493 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X9 anası X6 himayəsində qalması, 28 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X6 xeyrinə X5 hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. X1 ərizəsi isə qeyd olunan maddənin təsiri altına düşmür, onun ərizəsi Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsi ilə 28 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X5 hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında X6 xeyrinə tutulması müəyyən edilmiş alimentin məbləğinin 50 faizinin X9 adına açılacaq bank hesabına köçürülməsindən ibarətdir ki, bu hal da müstəqil tələb hesab olunur yalnız boclunun iddia ərizəsi əsasında həll olunması mümkündür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Sadalanan maddi və prosessual hüquq normalarının tələblərindən də göründüyü kimi birinci instansiya məhkəməsi borclu M.Ə.Əliyevin ərizəsinə hüquqi qiymət verdikdə «8» indeksi altında baxmışdır. Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılması qaydalarına dair Təlimatın 147-ci bəndinə əsasən qətnamələrin icra qaydasında icraatı «8» indeksi altında siyahıya alınaraq baxılır. Göründüyü kimi borclu M.Ə.Əliyevin qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi müstəqil tələb olaraq ayrıca «2» indeksi altında baxılaraq hüquqi qiymət verilməlidir. Ona görə də, tələbkar C.C.Əliyeva tərəfindən verilmiş şikayət təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 8(012)-144/2021 saylı qərardadı və şikayətin təmin edilməyib işin apelyasiya məhkəməsinə göndərilməsi barədə 15 aprel 2021-ci il tarixli, 8(012)- 144/2021 saylı qərardadı ləğv edilib, X1 Abşeron Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar C.C.Əliyeva tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 8(012)-144/2021 saylı qərardadı və şikayətin təmin edilməyib işin apelyasiya məhkəməsinə göndərilməsi barədə 15 aprel 2021-ci il tarixli, 8(012)-144/2021 saylı qərardadı ləğv edilsin. X1 Abşeron Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar