Məhkəmə qərarları › İş №8(105)-122/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-122/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-122/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar Hüseynova (İsmayılova) Nigar Adıgözəl qızı hazırda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, həmin məhkəmənin 2(074)-1040/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu tələbkar Hüseynova (İsmayılova) Nigar Adıgözəl qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində indeksasiya edilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov) . Hazırda Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2025-ci il üçün Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. 2025-ci il üçün Azərbaycan Respublikasında uşaqların minimum yaşayış məbləği 246 manat müəyyən edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında yazılanlarla hesablansa 400 manatın 0,71 misli - 284 (iki yüz səksən dörd) manat edir. Deməli 2025-ci il üçün o, hər ay hər uşağa 284 manat olmaqla iki uşağa görə hər ay cəmi 568 (beş yüz altmış səkkiz) manat aliment ödəməlidir. Bu isə qanunvericilikdə nəzərdə tutulduğundan çoxdur. Çünki ölkə üzrə 2025-ci il üçün uşaqların minimum yaşayış məbləği 246 manat müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə aliment təyin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrini nəzərə almamışdır. Tibbi müayinə sənədindən görünür ki, o, “Meteorizm, Hepatomeqaliya Qaraciyərdə İİ – dərəcəli steatoz. Hər iki böyrəklərdə mikrolitlər” tibbi diaqnozu ilə xəstədir və müntəzəm olaraq stasionar müalicə olunmağına ehtiyacı vardır. xx.xx.2025-ci il tarixli olan “Özünəməşğulluq proqramı”, “ünvanlı dövlət sosial yardımı”, “məşğulluq” və “sosial müavinət və təqaüd” arayışlarından görünür ki, o, işsizdir, heç yerdən gəliri yoxdur, sosial müavinət və təqaüd, dövlət sosial yardımı almır və özünəməşğulluq proqramı ilə də qeydiyyata götürülməmişdir. Ona görə də qanunda nəzərdə tutulmuş məbləğdən daha çox aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, 2025-ci il üzrə bir uşaq üçün qanunda 246 manat yaşayış məbləği nəzərdə tutulsa da məhkəmə bu normativ həddi keçmiş və onun maddi və ailə vəziyyətini nəzərə almadan qeyri-qanuni olmaqla hər ay hər uşağa görə alimentin məbləğini ölkə üzrə minimum əmək haqqının 0,71 misli məbləğində (yəni 284 manat) indeksasiya etməklə hüquqlarını pozmuşdur. Halbuki, qanunvericiliyin tələbinə görə uşaqları saxlamaq təkcə atanın deyil, həm də ananın borcudur. O, hər uşağa hər ay 100 (yüz) manat olmaqla, iki uşaq üçün hər ay cəmi 200 (iki yüz) manat alimenti tələbkara ödəyə bilər. Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(105)-122/2025 nömrəli qərardadı ilə şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, işin hallarına əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1040/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 75 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü il sentyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 105 manat müəyyən edilmiş və 2016-cı ildə həmin məbləğ sabit qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları əsasında müəyyən olunmuşdur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1040/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 75 manat sabit pul məbləğində alimentin Borclu tutularaq, X2 ödənilməsi qət edilmişdir. Məhkəmə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, alimentin sonuncu dəfə 2016-cı ildə 75 manat müəyyən olunmasını və həmin ildə minimum aylıq əmək haqqının məbləğinin 105 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2016-cı ildə minimum aylıq əmək haqqının 0,71 misli həddində alimentin tutulması qət edildiyindən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşsa da, qeyd edir ki, hazırkı məhkəmə qərardadı ilə indeksasiya olunan aliment məbləğinin hansı tarixdən hesablanmalı olmasına məhkəmə münasibət bildirməmişdir. Aliment məbləğinin hansı tarixdən hesablanmalı olmasına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad edilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016- cı il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təyin olunmuş alimentin məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 07 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Kollegiya həmçinin izah edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-65/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şamaxı Rayon Məhkəməsinin 2(074)-1040/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində indeksasiya olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar