Məhkəmə qərarları › İş №8(105)-123/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-123/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-123/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus torpaq sahəsi üzərinə həbs qoyulması barədə Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatının təmin edilməsi, Borclu adına **********93 qeydiyyat nömrəsi, JN335 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi üzərinə həbs qoyulması və açıq hərracda satılması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli, 8(012)-235/2021 №-li qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə Borclu torpaq sahəsi üzərinə həbs qoyulması və açıq hərracda satılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi rayon məhkəməsinin 2(001)- 11332/2017 saylı, 19.09.2017-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 137 manat miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus Tovuz rayonu Düz Qırıqlı kəndində 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-335 qeydiyyat nömrəli, **********93 reyestr nömrəli) qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 50-ci maddəsinə əsasən Borclu (02.01.1987 təvəllüdlü, Tovuz rayonu) oğlunun adına Tovuz rayonu, Düz Qırıqlı kəndində 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-335 qeydiyyat nömrəli, **********93 reyestr nömrəli) üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu qərardaddan şikayət verərək, Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ona məxsus torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsi 19.03.2021-ci il tarixli qərardadı ilə təqdimatı təmin edərək onun adına olan **********793 saylı JN-335 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi üzərinə həbs qoyulması və açıq hərracda satılması haqqında qərar qəbul etmişdir. Abşeron rayon Məhkəməsinin qərardadının aşağıda göstərilən səbəblərə görə qanunsuz hesab edir və ləğv olunmalıdır. Binəqədi rayon Məhkəməsinin 2(001)-11332/2017 saylı 19.09.2017-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 137 manat miqdarında aliment tutularaq Tələbkar ödənilməsi haqqında olan icra sənədləri Abşeron İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra o, bildirmişdir ki, qanuna uyğun olaraq icra sənədləri onun iş yeri üzrə əmək haqqına yönəldilsin, onun borcu əmək haqqından tutularaq Tələbkar hesabına ödənilsin. Lakin müvafiq İcra və Probasiya şöbələri hər dəfə ona borcun tutulmasını əmək haqqına yönəldiləcəyi barədə vəd versələr də indiyədək borc onun əmək haqqına yönəldilmir, səbəbi indiyədək məlum deyildir. Bəlkə də İcra və Probasiya şöbələri insanları özlərindən asılı etmək üçün və ya vətəndaşları dövlətdən narazı salmaq üçün edirlər. İndi isə Abşeron İcra və Probasiya şöbəsi ona məxsus torpaq sahəsini açıq hərrac yolu ilə satmaq istəyir ki, tələbkara olan borcu ödənilsin. İcra məmuru fikirləşmir ki, bu qədər işi görmək üçün nə qədər vaxt gedəcək, dövlət məmurları əlavə iş yükü ilə yüklənəcək və s. Bütün bunlardansa vaxtında borcun ödənilməsini onun əmək haqqına yönəltsə idilər nə bu qədər borc toplanardı, nə də bu qədər əlavə yazışmalar. O, dəfələrlə icra məmurlarına bildirmişdir ki, onun borcunun miqdarı ona bildirilsin, o, borcunun imkanı çatan qədər olan hissəsini nağd qaydada ödəyib qalan hissəsini əmək haqqına yönəldilsin. İcra məmurları bunu vaxtında etməmiş, bu qədər borc yarandıqdan sonra borcun tutulmasını həm onun əmək haqqına yönəldirlər, həm də ona məxsus torpağın açıq hərrac yolu ilə satılmasına. Bütün bunlar icra məmurlarının qanunsuz hərəkətlərindən ibarətdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara və Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və borclunun izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli və onunla bağlı 27 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini onun əsaslı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan Tovuz rayonu, Düz Qırıqlı kəndində 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-335 qeydiyyat nömrəli, **********93 reyestr nömrəli) üzərinə həbs qoyulması və icra sənədi üzrə tələbin həmin torpaq sahələrinə yönəldilməsi xahiş etmiş, birinci instansiya məhkəməsi təqdimatı təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır (İcra haqqında Qanunun 44.1.1., 44.1.2. və 44.1.3. maddələri). Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. (İcra haqqında Qanunun 45.1., 45.2., 45.3., 45.4., 45.5. və 45.6. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Belə ki, ilk öncə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Birinci instansiya məhkəməsi təqdimata baxarkən icra sənədi əsasında toplanmış sənədləri ətraflı araşdırmamış, bu məqsədlə icra məmuru tərəfindən icra hərəkətlərinin aparılma ardıcıllığına riayət edib-etməməsini, borclu tərəfindən qətnaməsinin icrasının gecikdirilmə səbəbini aydınlaşdırmamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli və onunla bağlı 27 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu mülkiyyətində olan torpaq sahəsi üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli və onunla bağlı 27 aprel 2021ci il tarixli qərardadları ləğv edilsin. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu torpaq sahəsi üzərinə həbs qoyulması və açıq hərracda satılmasına dair təqdimatı təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar