Məhkəmə qərarları › İş №8(105)-123/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-123/2023

25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-123/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-650/2023 nömrəli 19 sentyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Hüseynov) təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-440/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-440/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 650/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-440/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-440/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 10375,12 manat məbləğində pulun və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəfimizdən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya göndərilmişdir. xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onların qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmalarının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüquqlarının məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardadı əsassız hesab edir. Qərardad hüquqi cəhətdən əsaslandırılmamış, işin faktiki halları öz hüquqi qiymətini almamış, məhkəmə formal mülahizələrlə onun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, icra sənədi üzrə tələb olunan məbləğ üzrə ödənişləri edir. Belə ki, icra məmuru tərəfindən borc onun əmək haqqıma yönəlməklə, hər ay maaşından tutulur. O, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağı var. Daimi yaşayış yeri olmaqla, iş yeri var. İcradan boyun qaçırmaq, ölkəni daimi tərk etmək niyyəti yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, «Borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda tərəfindən üzürsüz səbəbdən icra edilməməsini təsdiq edən heç bir mötəbər sübutlar əlavə edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borclunun icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1. maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsas şərti kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə borclu şəxsdən 10375,12 manat məbləğində pulun və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə verilməsi qət edilmiş, borclu isə bu öhdəliyini icra etməmişdir. Halbuki məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun icrası borclu üçün məcburidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli və onunla bağlı 06 oktyabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli və onunla bağlı 06 oktyabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar