Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-123/2024 07.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətinin qanunsuz hesab edilməsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə torpaq sahəsinin yenidən qiymətləndirilməsi barədə X5 şikayətinə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətindən şikayət, qiymətləndirmə rəyinin əsassız hesab edilməsi) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 202 nömrəli rəydən görünür ki, Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin qiyməti 450000 manat təşkil edir.
2. "xxxx" MMC-nin E/363 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2009cu il tarixinə Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin cəmi bazar dəyəri 250000 manat təşkil etmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixli məktubla rəyin 13-cü səhifəsində texniki səhvə yol verildiyini, 2023-cü il əvəzinə, 2009-cu il yazıldığını bildirmişdir.
3. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 401 nömrəli rəydən görünür ki, Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin likvid dəyəri 650000 manat təşkil edir.
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01\23-662 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 850000 manat, likvid dəyəri 680000 manat təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2/462-10/534 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun bazar dəyəri təqribən 481000 manat, likvid dəyəri 457000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətinin qanunsuz hesab edilməsi və Binəqədi rayon məhkəməsinin 2(001)- 9/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X4 mülkiyyətində olan üzərinə həbs qoyulmuş Sumqayıt şəhəri, X12 cənub hissəsi ünvanında yerləşən 1.250 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsi məqsədilə qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. X2 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayon məhkəməsinin 2(001)- 9/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi Cavabdeh icra məmuru X7 icraatına qəbul edilmiş və borclu X4 mülkiyyətində olan Sumqayıt şəhəri, X12 cənub hissəsində 1.250 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Qiymətləndirici qismində "xxxx" MMC çıxış etmişdir. Qiymətləndiricinin 202 nömrəli xx.xx.2023-cü il tarixli "Əmlakm qiymətləndirilməsi barədə" hesabatında Sumqayıt şəhəri, X12 cənub hissəsində 1.250 ha torpaq sahəsinə dair tələblə təkliflərinin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan 1.250 ha torpaq sahəsinin dəyərinin 450000 manat məbləğində olduğu müəyyən edilmişdir. Sözügedən qiymətləndiricinin borcun ödənilməsi müqabilində təklif edilməsi ağlabatan olmadığı və likvid dəyərinin həddən artıq yüksək qiymətləndirilməsi icra məmurunun nəzərinə çatdırılmışdır. Sonradan tərəfindən müstəqil qaydada müqavilə əsasında "xxxx" MMC-yə müraciət edilmişdir. Qiymətləndiricinin QXM E/363 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı ilə Sumqayıt şəhəri, X12 cənub hissəsində 1.250 ha torpaq sahəsinin cəmi bazar dəyəri 250 000 manat təşkil etdiyi müəyyən edilmişdir. Yəni borclu tərəfindən Binəqədi rayon məhkəməsinin 2(001)- 9/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borc öhdəliyinin yerinə yetirilməsi məqsədilə təklif etdiyi Sumqayıt şəhəri, X12 cənub hissəsində 1.250 ha torpaq sahəsinin bazar dəyəri Cavabdeh icra məmuru X1 ilə "xxxx" MMC tərəfindən yüksək məbləğdə qiymətləndirilməsinə dair 202 nömrəli xx.xx.2023-cü il tarixli "Əmlakın qiymətləndirilməsi barədə" hesabatı ilə əmlakın real bazar dəyəri uyğunsuzluq təşkil etmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Cavabdehnə qiymətləndirmənin yekunlarının ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin ərizə üzrə icra məmuru tərəfindən daşınmaz əmlakın yenidən qiymətləndirilməsi üçün qiymətləndiricinin təyin edilməsi təşkil edilməmiş, hərəkətsizlik nümayiş etdirilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən yenidən İcra idarəsinə daşınmaz əmlakın qiymətləndirilməsi məqsədilə qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilməsi barədə ərizə ilə müraciət edilməsinə baxmayaraq icra məmuru tərəfindən yenidən hərəkətsizlik nümayiş etdirməklə icra işi üzrə tələbkar olaraq onun qanunla qorunan hüquqları məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) ərizə təmin edilməmişdir.
9. Bu qərardaddan X2 şikayət vermiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan rəylər ("xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 202 nömrəli rəyi, "xxxx" MMC-nin E/363 nömrəli xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 401 nömrəli rəyi və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01\23-662 nömrəli rəyi) nəzərə alınmaqla və rəylər arasında olan ziddiyyətlər aradan qaldırılmaqla Sumqayıt şəhəri, X12 cənub hissəsi ünvanında yerləşən 1.250 ha torpaq sahəsinin real bazar qiymətinin (likvid qiymət də daxil olmaqla) müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2/462-10/534saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun bazar dəyəri təqribən 481000 manat, likvid dəyəri 457000 manat təşkil edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən təyin edilmiş qiymətləndirmə nəticəsində verilmiş rəy, o cümlədən həmin rəydə mübahisəli əmlakın müəyyən edilmiş bazar qiyməti hal-hazırki bazar qiymətlərinə uyğundur. Bu səbəbdən məhkəmə hesab edib ki, Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə X2nun şikayət ərizəsi təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 103, 206 və 267-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun istifadəsində olan torpaq sahəsinin icra mərhələsində qiymətləndirilməsi barədə rəyi əsassız hesab edən tələbkar müvafiq şikayətlə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsində icraat zamanı X2 vəsatəti müdafiə edərək bildirmişdir ki, hazırda iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Belə ki, icrada qiymətləndirilən zaman mübahisəli torpaq sahəsinin qiyməti 450000 manat kimi müəyyən edilib. Qanuna görə mübahisəli obyektin dəyəri 450000 manatdan artıq qiymətləndirilə bilməz. Hazırda isə ekspert mübahisəli torpaq sahəsinin qiymətini 7000 manat artıq qeyd edib. İcrada torpaq sahəsinin 450000 manat kimi qiymətləndirilməsininin səbəbi qiymətləndiricinin işinə müdaxilə edilməsi olub. Bununla bağlı o, müvafiq şikayətlər edib, İcra İdarəsinə məlumat verib. Bu hal iş üzrə ekspertiza keçirilən zaman da təkrarlanmışdır. Belə ki, borclu yenə də qiymətləndirmə prosesinə müdaxilə etmişdir. Halbuki, qanunla, nə tələbkar, nə borclu, nə də onların vəkilləri ekspertə müdaxilə edə bilməz. İş üzrə borclu məhkəmə prosesində vəkillə təmsil olunmur. Lakin məhkəmədən kənar vəkili kimi bir şəxsi torpağın yerini göstərmək bəhanəsi ilə ekspertin yanına göndərib. Nəticədə onlar ekspertlə torpağın qiymətini müzakirə edərək, ümumi razılığa gəliblər və nəticədə borclunun istəyinə uyğun rəy verilib. Bundan əlavə mübahisəli topraq sahəsi borclunun deyil, həmin torpaq sahəsi Bələdiyyəyə aiddir, sadəcə borclunun istifadəsinə verilib. İstifadədə olan torpaqla, şəxsi mülkiyyətin qiymətləri arasında böyük fərq olur. Onun iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin edilməyib. Halbuki iş materillarında olan rəylər arasında ziddiyətli məqamlar vardır. Bu səbəbdən məhkəmənin təkrar ekspertiza təyin edilməsinə dair vəsatəti təmin etməməsi başa düşülən deyil. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq işin şifahi məhkəmə icraatına keçirilməsini xahiş etsə də, kollegiya birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırma aparılmasını nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).
18. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür . 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, şikayətin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə tələbkarın şikayətinin predmetini mübahisəli torpaq sahəsinin icra mərhələsində qiymətləndirilməsinə dair rəyin ləğvi və əmlakın likvid dəyərinin müəyyən edilməsi təşkil edir. Yəni tələbkarın mübahisələndirdiyi məsələ icra məmurunun qərarı ilə əldə olunmuş rəyin əsassız sayılması barədədir.
23. Tələbkarın şikayətində qeyd etdiyi halların obyektiv araşdırılması, eləcə də iş materiallarına əlavə edilmiş fərqli rəylərin olmasını nəzərə alan birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin real bazar qiymətinin (likvid qiymət də daxil olmaqla) müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2/462-10/534saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, X12 cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun bazar dəyəri təqribən 481000 manat, likvid dəyəri 457000 manat təşkil edir.
25. Göründüyü kimi işə baxan məhkəmə tələbkarın şikayəti əsasında mübahisələndirilən məsələ üzrə səlahiyyətləri çərçivəsində araşdırma aparmış, məhkəmə qərarı əsasında əldə edilən ekspert rəyi ilə icra məmuru tərəfindən təyin edilmiş qiymətləndirmə nəticəsində verilmiş rəydə mübahisəli əmlakın müəyyən edilmiş bazar qiyməti arasında ciddi uyğunsuzluq aşkar edilməmişdir.
26. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı halda mübahisələndirilən qərardadın apellyasiya qaydasında ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər .
29. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.