Məhkəmə qərarları › İş №8(105)-123/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-123/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-123/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ borclu X3 icra məmurunun qərarından verdiyi şikayət üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, Xaçmaz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(067)-360/2025 nömrəli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs böyük icra məmuru Nümayəndə2 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, alimentin silinməsi barədə imtina məktubunun etibarsiz sayılması və 2850 manat əsasız hesablanmış aliment üzrə borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3804/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Hazırda onun borclu olduğu aliment tutulmasına dair icra sənədi Maraqlı şəxs böyük icra məmuru Nümayəndə2 icraatındadır. O, hər ay ona təyin edilmiş alimenti və qətnamədən sonra yaranmış borcu vaxtında ödəmişdir. Alimet üzrə ödənişləri iş üzrə Tələbkar icra məmuru vasitəsi ilə təqdim etdiyi bank hesabına ödəmişdir. İş üzrə Tələbkar və ailəsi 1990-cı illərdən Belçika krallığında yaşayırlar. O da nikahdan sonra bir müddət Günellə birlikdə 10 ay Belçika Krallığında yaşamışdır. Tələbkarı həmin zamandan görməmişdir. Bundan başqa aliment ödədiyi övladını bir dəfə belə olsa görə bilməmiş, uşağın mövcudluğu, harada yaşaması, şəkili, doğum haqqında şəhadətnaməsi və s. mövcudluğu bəlli deyil. Aliment təyin edilən zaman təkcə xəstəxanadan doğum haqqında arayış təqdim edilib, başqa heç bir sənəd mövcud olmamışdır. Alimenti tam həcmdə və vaxtında ödəməyinə baxmayaraq icra məmuru ona xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 2850 manat aliment üzrə borc hesablayıb. Halbu ki, o həmin tarixə olan aliment ödənişlərini rəsmi olaraq bank hesabına ödəmiş və qəbzlərin əslini icra məmuruna təqdim etmişdir. Bu səbəbdən onda qəbzlərin surəti qalmamışdır. İcra məmuru həmin müddət üçün ödəniş qəbzlərinin icra işində olmadığını bildirir və ona əsassız aliment üzrə 2850 manat borc hesablayıb. İcra məmuruna aliment ödənişini rəsmi bank hesabı vasitəsilə ödədiyini, ödəniş qəbzləri icra işinin içindən itirilmişsə banka sorğu əsasına götürməyini bildirsə də, aliment borcunun silinməsi üçün icra məmuru heç bir hərəkət etməmişdir. Ödəniş qəbzləri təqdim edəcəyi halda borcu silə biləcəyini bildirərək onun rəsmi olaraq artıq hesablanmış alimet üzrə borclarının silinməsindən imtina etmiş və bu barədə ona rəsmi məktubla cavab vermişdir. Halbu ki, o aliment üzrə bütün borclarını və aylıq ödənişlərini tam həcmdə etmiş və qəbzləri icra şöbəsinin həmin dövrlərdə onun barəsində olan işə baxan icra məmuruna təqdim etmişdir. Qəbzləri təqdim etdiyi halda və bankda həmin ödənişlərin çıxarılması mümkün olduğu halda ona əsassız hesablanmış 2850 manat borc silinmir və ondan tələb edilir. O, alimet ödənişlərini tələbkarın müvafiq bank hesabına tam həcmdə ödəmiş, həmin hesab icra işində mövcuddur. Məhkəmə tərəfindən sorğu verilərsə onun aliment üzrə ödənişləri tam həcmdə ödədiyi məlum olacaq və obyektiv həqiqət aşkara çıxacaqdır.

3. Məhkəmə iclasında borclu X3 nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, 2021-ci ildən əvvəl oğlunun borcu çıxarılıb. 3 il axtarışda olub. 2021-ci ildən hər dəfə banka pul verəndə demişlər ki, hesab bağlıdır. Bu barədə icra məmuruna demişdir. Onlar da demişlər ki, pulu depozitə ödəsin. Sonra tələbkarın kartına 300 manat ödəmişdir. İcra məmuruna demişdir ki, hesab açsınlar, hesaba ödəsin. 6400 manat pul ödəmişdilər. İcra məmuru işi arxivdən çıxarmış, bəzi ödəniş qəbzləri tapılmış, bəziləri isə tapılmamışdır.

4. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2021-ci tarixədək borclu tələbkara 56 ay üçün 8400 manat pul ödəməli idi. Tələbkarın təqdim etdiyi bank çıxarışından müəyyən olunur ki, onun hesabına 7350 manat pul köçürülüb. Lakin tələbkar bildirir ki, həmin ödənişlərin bəziləri ona başqa şəxslər tərəfindən ödənilib. O, bildirir ki, borclunun ona 2850 manat borcu qalıb. Ödənilmiş pulların hamısının borclu tərəfindən köçürüldüyünü qəbul etsələr belə, onun yenə 1050 manat borcu qalır. 2024-cü ilin fevralında 6400 manat təzə borcdan ödətdirmişdir.

5. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli aliment borcunun hesablanması haqqında qərardan müəyyən olunur ki, borclu X3 aliment borcu 3500 manat hesablanmışdır.

6. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs icraatında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu X2 bir uşağın saxlanılması üçün xx.xx.2017-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-360/2025 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) şikayət təmin edilməmişdir.

8. Borclu X5 şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 8(067)-360/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-360/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, hakim heç bir araşdırma aparmadan onun qeyd etdiklərini nəzərə almayaraq ədalətsiz qərardad qəbul etmişdir. Banka sorğu edərək köçürülən aliment pulları haqqında məlumatı almamış, həmçinin aliment ödənilməsi üçün tələbkar tərəfindən açılıb icra məmuruna təqdim edilən rəsmi bank hesabından çıxarışda icra məmuru və məhkəmə də təsdiq edir ki, xx.xx.2017-ci ildən xx.xx.2021-ci tarixədək borclu tələbkara 56 ay üçün 8400 manat pul ödəməli idi. Tələbkarın təqdim etdiyi bank çıxarışından müəyyən olunur ki, onun hesabına 7350 manat pul köçürülüb. Bu ən azından onun xx.xx.2017-ci ildən xx.xx.2021-ci illər ərzində 7350 manat aliment ödədiyini təsdiq edir. Çünkü həmin hesab yalnız onun aliment pulunu tələbkarın hesabına ödəməyi üçün açılan və icra məmuruna təqdim edilən bank hesabıdır. Həmin bank hesabına başqa heç kimsə pul göndərməyib, hesaba göndərilən pullar yalnız onun tərəfindən aliment məbləği olaraq ödənilib, digər tərəfdən tələbkar bəziləri ona başqa şəxslər tərəfindən ödənilib bildirməsinin əsası olaraq hər hansı şəxs tərəfindən təqdim etdiyi hesaba pul ödəməsini təsdiqləyən edən heç bir sübut təqdim etməyib və onun ərizəsinə etiraz göndərməyib. İcra məmuru izahatında onun xx.xx.2017-ci ildən xx.xx.2021-ci tarixədək tələbkara 1050 manat borcu qalmasını qeyd etsə də, hakim bunu nəzərə almayıb. Baxmayaraq ki, o bütün alimet borclarını ödəyib icra məmuruna təqdim etmiş, təqsiri yoxdur, icra məmurunun səhvi səbəbindən ona əsassız borc hesablanır. Bütün bunlara baxmayaraq hakim heç etiraf edilən sübut olunan məbləği silib, ən pis halda onun üzərində 1050 manat aliment borcu saxlamalı idi. Lakin hakim heç bir sübutlara düzgün qiymət vermədən, ədalətli araşdırma aparmadan, onun hüquqlarını pozaraq əsassız olaraq ərizəni təmin etməmişdir. Tələbkarın təqdim etdiyi bank çıxarışından müəyyən olunur ki, onun hesabına 7350 manat pul köçürülüb. Köçürülən 8400 manat aliment pulundan 7350 manatının köçrülməsini və 1750 manat qalıq artıq hesablanmış aliment borcunu ən azından silməli idi. Məhkəmə yuxarıda qeyd etdiyi hallları nəzərə almadan qanunvericiliyin tələblərinə zidd olaraq hakim heç bir sübutlara düzgün qiymət vermədən, ədalətli araşdırma aparmadan, onun hüquqlarını pozaraq əsassız olaraq ərizəsini təmin etməmişdir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci tarixədək tələbkara 56 ay üçün 8400 manat pul ödəməli olmuşam. Tələbkarm təqdim etdiyi bank çıxarışından müəyyən olunur ki, onun hesabma 7350 manat pul köçürülüb. Köçürülən 8400 manat aliment pulundan 7350 manatının köçrülməsini və 1750 manat qalıq artıq hesablanmış aliment borcunu ən azından silməli idi. Hesab edir ki, məhkəmə qəraradad çıxararkən yuxarıda sadaladığı halların hər birini nəzərə almalı idi. Göründüyü kimi hakim bütün bu göstərilən halları araşdırmamış və qanunsuz qərardad qəbul edilmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi (...) 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 29. İcraatda tərəflərin hüquq və vəzifələri 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

Maddə 69. Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir.

Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; (...) icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

14. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

17. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

23. İşdən görünür ki, birinci instansiya məhkəməsi borclu X5 tərəfindən alimentin tam həcmdə və vaxtı-vaxtında ödənildiyini israrla bildirməsinə baxmayaraq, şikayətin dəlillərini yoxlamamış, yalnız icra məmurunun verdiyi izahatla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi şikayətə baxarkən də bu hala diqqət yetirməmiş, o cümlədən şikayətin digər dəlillərinə də qiymət verməmişdir.

24. Halbuki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2021-ci tarixədək borclu tələbkara 56 ay üçün 8400 manat pul ödəməli idi. Tələbkarın təqdim etdiyi bank çıxarışından müəyyən olunur ki, onun hesabına 7350 manat pul köçürülüb. Lakin tələbkar bildirir ki, həmin ödənişlərin bəziləri ona başqa şəxslər tərəfindən ödənilib. O, bildirir ki, borclunun ona 2850 manat borcu qalıb. Ödənilmiş pulların hamısının borclu tərəfindən köçürüldüyünü qəbul etsələr belə, onun yenə 1050 manat borcu qalır. Borclu isə şikayətində həmin halı mübahisələndirir, həmçinin göstərir ki, tələbkarın təqdim etdiyi bank çıxarışından müəyyən olunur ki, onun hesabına 7350 manat pul köçürülüb. Bu ən azından onun xx.xx.2017-ci ildən xx.xx.2021-ci illər ərzində 7350 manat aliment ödədiyini təsdiq edir. Çünkü həmin hesab yalnız onun aliment pulunu tələbkarın hesabına ödəməyi üçün açılan və icra məmuruna təqdim edilən bank hesabıdır. Həmin bank hesabına başqa heç kimsə pul göndərməyib, hesaba göndərilən pullar yalnız onun tərəfindən aliment məbləği olaraq ödənilib, digər tərəfdən tələbkar bəziləri ona başqa şəxslər tərəfindən ödənilib bildirməsinin əsası olaraq hər hansı şəxs tərəfindən təqdim etdiyi hesaba pul ödəməsini təsdiq edən heç bir sübut təqdim etməyib və onun ərizəsinə etiraz göndərməyib. İcra məmuru izahatında onun xx.xx.2017-ci ildən xx.xx.2021-ci tarixədək tələbkara 1050 manat borcu qalmasını qeyd etsə də, hakim bunu nəzərə almayıb. Baxmayaraq ki, o bütün alimet borclarını ödəyib icra məmuruna təqdim etmiş, təqsiri yoxdur, icra məmurunun səhvi səbəbindən ona əsassız borc hesablanır. Bütün bunlara baxmayaraq hakim heç etiraf edilən sübut olunan məbləği silib, ən pis halda onun üzərində 1050 manat aliment borcu saxlamalı idi. Kollegiya qeyd edir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar vəzifələrindəndir. Digər tərəfdən, Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Şikayətin bu dəlillərinin yoxlanılması halı iş materiallarından müəyyən edilmədiyi üçün kollegiya hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsi tərəfindən ətraflı yoxlanılmalı, icra məmuru tərəfindən aliment borcuna dair aparılmış dəqiq hesablama məlumatları əldə edilməli və iş üzrə qəbul ediləcək məhkəmə aktı ilə şikayətin həmin dəlillərinə hüquqi qiymət verilməlidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(067)-360/2025 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(067)-360/2025 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar