Məhkəmə qərarları › İş №8(105)-124/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-124/2020

09.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-124/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra olunmasına dair Borclu ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsi ilə cavabdeh Borclu 12500 manat alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra sənədi üzrə borclu Mürsəlov X1 Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(012)-231/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qərardaddan narazı qalan Borclu qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(012)-231/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu ərizəsini onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsi ilə ondan 12500 manat pulun alınaraq Tələbkar verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. O, borcun ödənilməsindən imtina etmir. Xəstə və işsiz olduğuna, pensiya almadığına görə, habelə üzərinə tələbin yönəldilməsi üçün əmlakının olmaması səbəbindən borcu birdəfəlik ödəyə bilmir. Buna görə də ərizə təmin edilməli, qətnamənin icrasına ya iki il möhlət verilməli, ya da qət edilmiş borcun 2 il ərzində hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Borclu şikayəti onun yuxarıda qeyd edilən ərizəsilə oxşar məzmunludur. Şikayətdə Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(012)-231/2020 saylı qərardadının ləğv edilməsini, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qohumlarının maddi yardımı nəticəsində borcu hər ay 500 manat ödəməklə 24 aya ödəyib qurtaracaqdır. Əks halda onun onsuz da borc məbləğini ödəməyə imkanı yoxdur. Xəstə adamdır, tez-tez onu narahat etmələri isə onun səhətinə mənfi təsir göstərir. Ona görə də yaxın qohumları yığışıb belə qərara gəlmişlər ki, əgər ona borcu hissə-hissə ödəməyə imkan yaradılsa onlar hər ay 500 manat ödəməklə iki ilə borcu tam bağlayarlar. İcra sənədi üzrə tələbkar Aslanov Şöyüb Aslan oğluna və Abşeron rayon İcra və Probasiya Şöbəsinə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, bildirişlərin onlara çatdırılması barədə məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tələbkarın və Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını,borclununşikayətini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, borcun hissə-hissə ödənilməsi barədə ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, icra vərəqəsinin verilməsinə əsas olmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)930/2016 saylı qətnaməsi xx xxx 2016-cı il tarixdə qəbul edilmişdir. Qətnamənin qəbulundan 4 ildən çox vaxt keçməsinə baxmayaraq qətnamə icra edilməmişdir. Bu qətnamənin icra edilməməsinə görə borclu inzibati qaydada cərimə edilmişdir. Hazırda isə borclu Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsinin icrasına möhlət verilməsi və onun hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasına verdiyi ərizədə borclu göstərmişdir ki, icra sənədi üzrə tələbkara hər ay mütəmadi olaraq 500 manat ödəməyə imkanı çatır. İş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışlardan görünür ki, borclu bir çox xəstəliklərdən əziyyət çəkir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qətnamənin hissə-hissə icrası mütənasiblik prinsipi əsasında, bütün tərəflərin-tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll edilməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrası mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının kontitusion hüquqlarını pozmamalıdır. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun qərarının 12 və 13-cü bəndlərinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Möhlətin müddətini, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləğini və ya miqdarını, hissələrinin dövriliyini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını rəhbər tutmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Sadalanan normaların tələbinə əsasən qətnamənin icrasına möhlət verilməsi, eləcə də hissə-hissə icra olunması üçün məhkəmələr tərəfindən ərizə təmin olunarkən hər iki tərəfin əmlak vəziyyəti nəzərə alınaraq ağlabatan müddət müəyyən olunmalıdır. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun xəstəliyi, yaşı, maddi durumu, ən əsası isə təklif etdiyi aylıq ödənişin məbləği və qətnamənin icra edilməsində maraqlı olması, habelə Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması barədə tələbi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsi hər ay 500 manat ödənilməklə hissə-hissə icra edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)930/2016 saylı qətnaməsi Borclu tərəfindən Aslanov Şöyüb Aslan oğluna hər ay 500 manat ödənilməklə iki ildən gec olmayan müddətinə icra olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şika--yət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar