Məhkəmə qərarları › İş №8(105)-124/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-124/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-124/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X2, Tələbkar MMC-nin nümayəndəsi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadından Tələbkar MMC-nin nümayəndəsi S.F.Dadaşovun verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) Borclu MMC-nin üzərinə həbs qoyulmuş əmlakın daha dəyərli əmlak ilə əvəz edilməsinə dair ərizəsi təmin olunub, Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı dəyişdirilmiş və Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 10 ədəd 10 tonluq çənin üzərindən həbs götürülmüş və Borclu MMC-yə məxsus olan ümumi dəyəri 160000 (yüz altmış min) manat təşkil edən 4 ədəd 50 tonluq çənin üzərinə həbs qoyulmuşdur. Tələbkar MMC-nin nümayəndəsi S.F.Dadaşov qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Borclu MMC ərizə ilə məhkəməyə müraciət edərək gəstərmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-101/2019 saylı,19.08.2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-dən Tələbkar MMC-nin xeyrinə 783.730 manat tutulmalıdır. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru Faqil Adıgözəlov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Bundan sonra Borclu MMC-yə məxsus Xaçmaz şəhərində yerləşən “Aysberg” pivə zavodunda olan borcluya məxsus əmlak - siyahıya alınaraq aidiyyəti üzrə saxlanc üçün təhvil verilmiş və həmin əmlak üzərinə həbs qoyulması barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimat verilmiş, həmin təqdimat üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-145/2020 saylı, 30.09.2020-ci il tarixli bildirişi verilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Borclu MMC-yə məxsus Xaçmaz şəhərində yerləşən “Aysberg” pivə zavodunda məcburi icra hərəkətləri aparılmış, bu barədə 15.10.2020-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akta əsasən Borclu MMC-yə məxsus təqribən 218.320 manat dəyərində əmlak siyahıya alınaraq aidiyyəti üzrə saxlanc üçün təhvil verilmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(085)101/2019 saylı, 19.08.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlovun 23.10.2020ci il tarixli qərarı ilə Borclu MMC-nin banklarda olan hesablarının üzərinə həbs qoyulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 8-2(119)-5/2020 saylı, 19.11.2020-ci il tarixli qərardadı ilə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurunun “borclunun hesabına həbs qoyulması barədə” 23.10.2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmişdir. Nəhayət, həmin icra sənədinin icrası ilə əlaqədar Borclu MMC-yə məxsus Xaçmaz şəhərində yerləşən “Aysberg” pivə zavodunda olan borcluya məxsus əmlak 10 ədəd 10 tonluq çənin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən Xaçmaz Rayon Məhkəməsinə təqdimat verilmiş, həmin təqdimat Xaçmaz rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. “Aysberg” pivə zavodu iki istehsalat sahəsindən ibarətdir. Sahələrdən birində 10 ədəd 10 tonluq çən, digərində isə 4 ədəd 50 tonluq çən yerləşir. 10 ədəd 10 tonluq çənin yerləşdiyi istehsalat sahəsi hal-hazırda işləyir. 4 ədəd 50 tonluq çənin yerləşdiyi istehsalat sahəsi isə hal-hazırda işləmir, orada istehsal dayanmışdır. Beləliklə, 10 ədəd 10 tonluq çənin üzərinə həbs qoyularaq satılması “Aysberg” pivə zavodun fəaliyyətinin tam dayanmasına gətirib çıxaracaqdır. Bu hal isə yolverilməzdir. Nəzərə alınsa ki, bu gün ölkə müharibə şəraitindədir, üstəlik dünyanı bürümüş pandemiya ölkədə də ciddi fəsadlara, o cümlədən iqtisadi sahədə problemlərin yaranmasına şərait yaratmışdır, belə şəraitdə regionda yerləşən iri sahibkarlıq subyektinin fəaliyyətinin tam dayandırılması qəbul edilməzdir. Digər tərəfdən, 4 ədəd 50 tonluq çənin üzərinə həbs qoyularaq satılması daha məqsədəmüvafiqdir. Belə ki, 4 ədəd 50 tonluq çən 10 ədəd 10 tonluq çəndən daha qiymətlidir və bu hal tələbkar, həmçinin bütövlükdə icra sənədinin icra olunması üçün daha sərfəlidir. Zərurət yaranarsa, bununla bağlı müvafiq ekspertiza da keçirilə bilər. Ona görə də, Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 10 ədəd 10 tonluq çənin onlardan daha qiymətli 4 ədəd 50 tonluq çənlə əvəz edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Tələbkar MMC-nin nümayəndəsi S.F.Dadaşov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 13 aprel 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, Borclu MMC-nin üzərinə həbs qoyulmuş əmlakın daha dəyərli əmlak ilə əvəz edilməsinə dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar MMC-nin nümayəndəsi K.K.Əliyev şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Borclu MMC-yə və Xaçmaz rayonu üzrə İcra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Borclu MMC və Xaçmaz rayonu üzrə İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-101/2019 saylı,19.08.2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-dən Tələbkar MMC-nin xeyrinə 783.730 manat tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Borclu MMC-yə məxsus Xaçmaz şəhərində yerləşən “Aysberg” pivə zavodunda məcburi icra hərəkətləri aparılmış, bu barədə 15.10.2020-ci il tarixli akt tərtib olunmuş və Borclu MMC-yə məxsus təqribən 218.320 manat dəyərində əmlak siyahıya alınaraq aidiyyəti üzrə saxlanc üçün təhvil verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)101/2019 saylı,19.08.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurunun 23.10.2020-ci il tarixli qərarı ilə Borclu MMC-nin banklarda olan hesablarının üzərinə həbs qoyulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 8-2(119)-5/2020 saylı,19.11.2020-ci il tarixli qərardadı ilə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurunun “borclunun hesabına həbs qoyulması barədə” 23.10.2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə Borclu MMC-yə məxsus Xaçmaz şəhərində yerləşən “Aysberg” pivə zavodunda olan borcluya məxsus əmlak 10 ədəd 10 tonluq çənin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilmişdir. “xxxx” MMC-nin 01.04.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Borclu MMC-yə məxsus olan “Aysberq” pivə sexində aşkar edilmiş 10 ədəd 10 tonluq çənin və 10 ədəd 50 tonluq çənin birgə bazar qiyməti 550000 manat müəyyən edilmişdir. Həmçinin, 10 tonluq çənin 10 ədədinin qiyməti 15000 (on beş min), 50 tonluq çənin 10 ədədinin qiyməti 400000 (dörd yüz min) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. Həmin Məcəllənin 235.2-ci maddəsi yalnız xüsusi hallarda tətbiq oluna bilər. Bu maddəni tətbiq etmiş məhkəmə öz qərarında xüsusi halların nədən ibarət olmasını mütləq əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Borclu MMC-nin ərizəsi ilə müəyyən olur ki, 4 ədəd 50 tonluq çənin üzərinə həbs qoyularaq satılması daha məqsədəmüvafiq olmaqla, 4 ədəd 50 tonluq çən 10 ədəd 10 tonluq çəndən daha qiymətlidir və bu hal tələbkar, həmçinin bütövlükdə icra sənədinin icra olunması üçün daha sərfəlidir. Lakin iş materialları ilə müəyyən olur ki, borclu tərəfindən mülkiyyətində olan daha qiymətli 4 ədəd 50 tonluq çənin sərbəst surətdə satılıb, icra sənədinin icra olunması üçün ödənilməsinə heç bir məhdudiyyət yoxdur və istənilən vaxt həmin hərəkətin reallaşması mümkündür. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, e-2-2(085)- 101/2019 saylı icra sənədi üzrə üzərinə həbs qoyulmuş əmlakın daha dəyərli əmlak ilə əvəz edilməsinə dair Borclu MMC-nin ərizəsi təmin edilməklə, prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, Tələbkar MMC-nin nümayəndəsi S.F.Dadaşovun verdiyi şikayət təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadı və şikayətin təmin edilməyib işin apelyasiya məhkəməsinə göndərilməsi barədə 26 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadı ləğv edilib, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, e-2-2(085)-101/2019 saylı icra sənədi üzrə üzərinə həbs qoyulmuş əmlakın daha dəyərli əmlak ilə əvəz edilməsinə dair Borclu MMC-nin ərizəsi təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar MMC-nin nümayəndəsi S.F.Dadaşovun şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadı və şikayətin təmin edilməyib işin apelyasiya məhkəməsinə göndərilməsi barədə 26 aprel 2021-ci il tarixli, 8(067)-81/2021 saylı qərardadı ləğv edilsin. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, e-2-2(085)- 101/2019 saylı icra sənədi üzrə üzərinə həbs qoyulmuş əmlakın daha dəyərli əmlak ilə əvəz edilməsinə dair Borclu MMC-nin ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar