Məhkəmə qərarları › İş №8(105)-125/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-125/2020

13.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-125/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-270/2020 saylı qərardadından Tələbkar şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-270/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclu “Bağçalı Evlər” mənzil tikinti kooperativinin adına olan “Betonqarışdıran” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdimatının rədd edilməsi qərara alınmış, Tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(105)-3071/2019 saylı icra vərəqəsinə əsasən “Bağçalı Evlər” mənzil tikinti kooperativindən 47300 manat tutularaq Tələbkar verilməlidir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək borclu “Bağçalı Evlər” mənzil tikinti kooperativinin adına olan “Betonqarışdıran” markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı və “Özüboşaldan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(105)-3071/2019 saylı icra sənədinə əsasən “Bağçalı Evlər” mənzil tikinti kooperativindən 47300 manat tutularaq Tələbkar verilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, borclu “Bağçalı Evlər” mənzil tikinti kooperativinin adına ““Betonqarışdıran” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınların qeydiyyata alındığı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin avtomaşınların üzərinə həbs qoyulmaqla, tələb borclunun əmlakına yönəldilməlidir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-270/2020 saylı qərardadı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclu “Bağçalı Evlər” mənzil tikinti kooperativinin adına olan “Betonqarışdıran” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdimatı rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosessual hüquq normasının tələblərinə zidd hərəkət edərək tələbkar kimi onun iştirakını təmin etməmiş, qəbul etdiyi qərardadı ona göndərməmişdir. O, qərardadın mövcudluğunu icra məmurundan öyrənmişdir. Məhkəmə təqdimatı rədd edərkən icra məmurunun qeyd olunan avtomobillərin istehsalda istifadə olunub-olunmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməməsini qeyd etmişdir. Qeyd olunan avtomobillərin istehsalda istifadə olunub-olunmamasının bu məsələyə heç bir aidiyyəti yoxdur. “Bağçalı Evlər” mənzil tikinti kooperativinin ona 47300 manat borcu vardır və həmin borcu mütləq şəkildə ödəməlidir, lakin könüllü olaraq ödəmədiyinə görə əmlakı ilə həmin borca cavabdehlik daşımalıdır. Bundan başqa, istehsalda istifadə olunmayan əmlak yararsız və mülki dövriyyədən çıxarılmış əmlakdır. Məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi və təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tələbkar, borclu “Bağçalı Evlər” mənzil tikinti kooperativi və Abşeron rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tələbkar məhkəmə iclasına gəlmədiyindən, borclu və Abşeron rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(105)-3071/2019 saylı icra vərəqəsinə əsasən “Bağçalı Evlər” mənzil tikinti kooperativindən 47300 manat tutularaq Tələbkar verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə görə borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.4-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Həmin Qanunun 56-cı maddəsinə görə borclu hüquqi şəxsin kassasında və ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla və xarici valyuta ilə) götürülür. Götürülmüş manatla pul vəsaitləri, borcun həcmi miqdarında tələbkarın hesabına, icra ödənişinin həcmi miqdarında dövlət büdcəsinə və icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülməsi üçün həmin gün banka təhvil verilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsait isə icra qurumunun depozit hesabına köçürülür. Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Həmin Qanunun 58-ci maddəsinə əsasən borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə-başqa şəxslərə verilmiş əmlak. İş materiallarında icraata başlamaq haqqında qərar, icra məmuru tərəfindən borclunun icra sənədinin icra edilməməsinin səbəblərinin müəyyənləşdirilib-müəyyənləşdirilməməsinin, borclunun manatla və xarici valyuta ilə, o cümlədən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin və başqa sərvətlərinin olub-olmamasının, borclunun əmlakının axtarılması üçün icra məmuru tərəfindən bütün tədbirlərin həyata keçirilib-keçirilməməsinin, həmçinin tələbin yönəldilə biləcəyi digər əmlakının olub-olmamasının yoxlanılmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Həmçinin təqdimata icraat materialının surəti də əlavə edilməmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru təqdimatının rədd edilməsinə baxmayaraq qərardaddan şikayət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, tələbkarın şikayətdə göstərilən dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-270/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar