Məhkəmə qərarları › İş №8(105)-125/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-125/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-125/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 maraqlı tərəf Qaradağ rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətsizliyi) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və X4 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, X1 “icra məmurunun hərəkətsizliyi” barədə şikayət ərizəsi üzrə çıxarılmış Şuşa Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə Şuşa Rayon Məhkəməsinin 2(077)-844/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı qərardadı ilə şikayət təmin edilməmişdir.

3. X2 Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, tələb icra məmurunun hərəkətsizliyindən şikayətlə bağlıdır. Şikayətinin dəlili lizinq obyektinin bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirilməsidir. Belə olan halda, məhkəmə özü öz təşəbbüsü ilə qiymətləndirici cəlb edərək, bu arqumentinə cavab verməli idi. Çünki, icraya məhkəmə nəzarəti icra orqanlarının məhkəmə qərarlarını icra etməsini, bu zaman qanun pozuntularına yol verilib-verilmədiyini yoxlamaq üçün üst nəzarət formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan RespublikasıQanununun 7, 10, 24 ve 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hazırkı iş üzrə tələbi bilavasitə icra sənədinin icra qurumu tərəfindən icrası ilə bağlıdır. İcra icraatı çərçivəsində icra məmurunun icra predmeti olan yük avtomobilinin qiymətləndirməməsi kimi hərəkətsizliyini mübahisələndirərək qiymətləndirmənin keçirilməsi vəzifəsinin icra qurumunun üzərinə qoyulmasını tələb edir. Hazırkı halda icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyini, qiymətləndirmənin keçirilməsini qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə, yəni Şuşa Rayon Məhkəməsində baxılıb qərar qəbul edilməli idi.

5. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı qərardadı ilə şikayət təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı qərardadı ləğv edilmiş, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi öhdəliyinin Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Hazırda tələbkar "xxxx" MMC Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şuşa Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadı ilə (hakim Sərdar Mehrəliyev) Şuşa Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(077)-1/2023 saylı qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

9. Tələbkar "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, X2 şikayət ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək Qaradağ Rayon İcra Şöbəsinin üzərinə avtomobilin qiymətləndirilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İş üzrə təyin olunmuş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında tərəflər – həm borclu, həm də tələbkarın nümayəndələri iştiralk etmişlər. Şuşa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(077)-844/16 saylı qətnaməsi ilə cavabdeh X5 cəmi 11006 manat borc və 30 manat dövlət rüsumunun tutulması, lizinq predimeti olan **-JS-*** dövlət nömrə nişanlı avtomobilin təhvil verilməsi qərara alınmışdır. Keçən 7 il ərzində borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Nəinki ödəniş edilməmiş, lizinqə verilmiş və MMC-yə məxsus olan avtomobil yararsız hala salınaraq atılmışdır. Həmin avtomobilin yararsız vəziyyətdə olan halı MMC-nin əməkdaşları tərəfindən aşkar edilmiş, bundan sonra yararsız vəziyyətdə qiymətləndirilmiş və metal kimi 4500 manata satılmış və qətnamə üzrə borca yönəldilmişdir. Bütün bu məsələlər və faktlar məhkəmə iclasında müzakirə olunmuşdur. Borclu öz şikayətində avtomaşının 55000-60000 manat dəyərində olduğunu iddia etmişdir. Borclu tərəfindən avtomaşın yararsız hala salınmasa idi, həqiqətən avtomaşının dəyərini qiymətləndirmək olardı. Borclu avtomaşını niyə tam yararsız hala salması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə şikayəti təmin etməmişdir. Borclu həmin qərardaddan şikayət vermiş və Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək, avtomobilin yenidən qiymətləndirilməsi vəzifəsi icra şöbəsinin üzərinə qoyulmuşdur. Qeyd edilən son qərardad MMC-yə daxil olmamış, həmin məlumatı icra şöbəsindən əldə etmişdir. Bundan sonra həmin qərardadı rəsmi qaydada götürərək ondan şikayət vermək qərarına gəlmişdir. Hesab edir ki, şikayət əsaslıdır və təmin olunmalıdır. Belə ki, metallom vəziyyətinə salınmış avtomobili yenidən necə qiymətləndirmək olar?! Digər tərəfdən həmin yük avtomaşını artıq metallom kimi satılmış və borca ödənilmişdir. Bu halda məhkəmənin qəbul etdiyi qərardadı tam qeyri-qanuni və ədalətsiz hesab edir. Başqa sözlə, məhkəmə qətnaməsinin icrasını yubatmaq məqsədi güdən borclunun şikayətini təmin etməklə məhkəmə həmin icranın gecikməsinə sanki göz yumur. Bu mövqeyi tam ədalətsiz hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə bu maddəyə istinadən lizinq verənin hüquq və mənafelərini nəzərə almadan qərar vermişdir. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (AR MM 748-1.8-ci maddə) Qanunvericinin birmənalı şəkildə lizinq alanın hüquqlarının təmininə yönəlmiş müddəalarının məhkəmə tərəfindən nəzərə alınmamasını heç bir halda qəbul etmək mümkün deyildir. Bir sözlə işə baxılarkən mülki qanunvericiliyin lizinqlə bağlı əsas müddəaları demək olar ki, tam pozulmuşdur. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. (Azərbaycan Respublikası MM 748-1.5-ci maddə) Bu maddədən aydın olur ki, lizinq verənin hüquqları pozularsa o, məhkəməyə müraciət edə bilər və çəkilmiş xərcləri tələb edə bilər, eyni zamanda dəymiş zərərin də ödənilməsini tələb edə bilər. Məhkəmə nəzərə almamışdır ki, lizinq obyekti yarasız vəziyyətə düşmüş, lakin MMC tərəfindən dəymiş zərərlə bağlı iddia qaldırılmamışdır. Digər tərəfdən avtomaşın metal kimi satılmış və borca ödənilmiş, qalıq borc isə yarıya düşmüşdür. Tələbkar MMC olaraq sadəcə məhkəmə qətnaməsinin icra olunmasını tələb edir. Lakin yenidən ədalətsiz məhkəmə qərarı qəbul olunarsa, o zaman dəymiş zərərlə bağlı iddia qaldırmaq məcburiyyətində qalacaqdır.

10. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator "xxxx" MMC Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

12. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

13. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: - icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; - icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir və s. Maddə 11. Məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli və bununla bağlı 16 oktyabr 2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin dəlilləri araşdırılmış, düzgün hüquqi qiymət verilmiş, prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X7 qarşı “lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehdən 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçıya təhvil verilməsi və lizinq müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə ötürülməsi hüququnun iddiaçıya həvalə edilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Şuşa Rayon Məhkəməsinin 8(077)-32/17 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Şuşa rayon İcra Qrupunun böyük icra məmuru X15 Rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X5 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə «Shacman SX3315DT406- yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verildikdən sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi kimi başa düşülməsi qərara alınmışdır. xx.xx.2016-ci il tarixli aktın və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, “Shacman SX3315DT406 yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə təhvil verilərkən, üzərində dəyəri 33150 manat olan hissələrin olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, MB 10/005 saylı qiymətləndirmə hesabatından görünür ki, Tələbkar MMC-nin müraciəti əsasında “Shacman SX3315DT406 yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobilin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmiş və bazar dəyəri 3200 manat müəyyən edilmişdir. Tələbkar MMC tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, “Shacman SX3315DT406 yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) 90-JS385 dövlət qeydiyyat nişanlı avtomobil 4500 manat satılmış, həmin məbləğ ümumi borc 11006 manatdan çıxılmışdır. X6 qalıq borcu 6535 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6029/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh "xxxx" MMCyə qarşı “lizinq predmeti olan avtomobilin yenidən qiymətləndirilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmış və iddiaçıya lizinq predmeti olan avtomobilin yenidən qiymətləndirilməsi məqsədi ilə Şuşa rayon İcra qrupuna müraciət etməli olması izah edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1707/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə X2nun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Elşən Mirzəyevin təqdimatı təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2017-ci il tarixdə ərizə ilə Qaradağ rayon İcra şöbəsinə müraciət edərək, avtomobilin onun iştirakı ilə qiymətləndirilməsini və borcunun qalıb-qalmamasının müəyyən olunmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-32/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı nəzərə alınmaqla borclunun dəqiq borcu müəyyən edilmədiyindən, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini müəyyən etmək mümkün olunmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-392/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə X2nun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-392/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 8(002)- 392/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayət təmin edilərək, qərardad ləğv edilmiş və borclunun ölkədən getmək hüququna müvəqqəti olaraq qoyulmuş məhdudiyyətin götürülməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, icra şöbəsi tərəfindən mübahisəli avtomobilin qiymətləndirilməsinin aparılmasına dair, qiymətləndirilmədən sonra borcun qalıb-qalmamasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə (həmin qətnamənin izahına dair Şuşa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 8(077)-32/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı nəzərə alınmaqla) ilk növbədə, “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verildikdən sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi qət olunmuşdur. Lakin, Tələbkar MMC təhvil verilmiş avtomobilin saxlanmasını təmin etmədən, qiymətləndiricinin icra məmuru tərəfindən, qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricilər sırasından dəvət edilməli olması barədə qanunvericiliyin tələblərinə riayət etmədən, icra məmurunun qiymətləndirmə ilə bağlı hərəkətlərini gözləmədən, birtərəfli qaydada "xxxx" MMC-yə müraciət edərək, avtomobilin qiymətləndirilməsini həyata keçirmiş, daha sonra, bu barədə heç bir sənəd-sübut təqdim etmədən, özünün qeyd etdiyi kimi, həmin avtomobilin “metallom” şəklində 4500 manata satıldığını göstərmiş və buna əsasən X2nun qalıq borcu 6535 manat təşkil etməsi ilə bağlı icra qurumuna məktub ünvanlamışdır. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı, Şuşa Rayon Məhkəməsinin 8(077)-32/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı nəzərə alınmaqla X2nun dəqiq borcunun müəyyən edilməsi məqsədi ilə ilk növbədə “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilin qiymətləndirilməsinin həyata keçirilməsinin vacibliyinə, bu barədə borclu tərəfindən edilmiş müraciətlərə baxmayaraq, müvafiq icra qurumunun əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və mübahisə predmeti olan avtomobilin qiymətləndirilməsi üzrə heç bir qərar qəbul olunmamışdır. Bu da öz növbəsində iş üzrə borclunun qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulmasına, sonda isə, qanuni qüvvəsini almış məhkəmə aktının vaxtında icra olunmaması ilə nəticələnmişdir. İş üzrə maraqlı tərəf olan Tələbkar MMC, icra qurumunun səlahiyyətlərinə aid olan hərəkətləri həyata keçirmişdir. Həmçinin, avtomobilin qiymətləndirilməsinin həyata keçirilməsinin vacibliyinə, bu barədə borclu tərəfindən edilmiş müraciətlərə baxmayaraq, müvafiq icra qurumunun əməkdaşları tərəfindən mübahisə predmeti olan avtomobilin qiymətləndirilməsi üzrə heç bir qərar qəbul olunmamışdır. Eyni zamanda, həm Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6029/2017 saylı xx.xx.2017-ci il tarixli, həm də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1707/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadları ilə X2nun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatların təmin edilməməsi qərara alınmış, əsas kimi, icra şöbəsi tərəfindən mübahisəli avtomobilin qiymətləndirilməsinin aparılmasına dair, qiymətləndirilmədən sonra borcun qalıb-qalmamasına dair hər hansı sübutun təqdim edilmədiyi göstərilmişdir. Qeyd olunan hallara istinad edərək birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini qərara almışdır. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli və bununla bağlı 16 oktyabr 2023-cü il tarixli, 8(077)-1/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar