Məhkəmə qərarları › İş №8(105)-125/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-125/2024

16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-125/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli icra sənədi üzrə "icraata xitam verilməsi” barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(060)-10690/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 iyun 2013-cü il tarixli 016CARL090223 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Borclu 17.382,04 ABŞ dolları əsas kredit borcu, 1.375,57 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18.777 (on səkkiz min yeddi yüz yetmiş yeddi) ABŞ dolları 61 (altmış bir) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh Borclu məxsus “HONDA CRV” markalı (buraxılış ili 2012, Ban-5J6RM4852DL700734, rəngi-qara, tip universal) ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, HONDA CRV” markalı (buraxılış ili 2012, Ban-5J6RM4852DL700734, rəngi-qara, tip universal) ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin açıq hərracdan satılması və onun satışından əldə edilən pul vəsaitinin hesabına 18.777 (on səkkiz min yeddi yüz yetmiş yeddi) ABŞ dolları 61 (altmış bir) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın cavabdeh Borclu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir(hakim Nəriman Abıyev). Qətnamədən cavabdeh Borclu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(060)-10690/2016 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Sumqayıt şəhər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(060)-10690/2016 saylı qətnaməsində dəyişiklik edilərək avtomobilin ilkin satış qiymətinin 20000 (iyirmi min) manat müəyyən edilməsi, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 196,08 manatın 98,04 (döxsan səkkiz manat dörd qəpik) manatı cavabdeh Borclu, 98,04 (döxsan səkkiz manat dörd qəpik) manatının isə iddiaçı "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə aşağıdakı hesaba – Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli qətnaməsi üzrə icra vərəqəsi 29 iyun 2018-ci il tarixdə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 18 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Sumqayıt İnzibati-İqtsiadi Məhkəməsinin 2-1(85)- 694 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardan görünür ki, Borclu məxsus “HONDA CRV” markalı (buraxılış ili 2012, Ban-5J6RM4852DL700734, rəngi-qara, tip universal) **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2018-ci il tarixli, 302 saylı hərrac protokoluna əsasən X1. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli icra sənədi mahiyyəti üzrə icra olunmuşdur. Qeyd edilən qərardan tələbkar "xxxx" ASC xx.xx.2024-cü il tarixdə şikayət verərək qeyd etmişdir ki, icra sənədinə əsasən ipoteka predmeti olan avtomobil xx.xx.2018-ci il tarixdə açıq hərrac vasitəsilə 11764,70 ABŞ dolları qiymətinə satılmış və əldə olunan məbləğ ümumi borcdan silinmişdir. Bir müddət əvvəl tələbkar adından Sumqayıt şəhəri üzrə İcra İdarəsi ilə əlaqə saxlanılaraq sözügedən icra sənədinin icra vəziyyəti sorğulanan zaman həmin şöbədən bildirilmişdir ki, icra məmuru Orxan Məmmədovun “icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı ilə həmin icra işi üzrə icraata xitam verilərək icra sənədi Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İcra məmuru Orxan Məmmədov “icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə zidd olaraq tələbkar "xxxx" ASC-yə göndərilməmişdir. Qeyd olunan icra sənədin icra vəziyyəti ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə edilmiş müraciət edilmiş və nəticədə icra məmuru Orxan Məmmədovun xx.xx.2018-ci il tarixli qərarının surəti xx.xx.2024-cü il tarixdə tələbkar "xxxx" ASC-yə təqdim edilmişdir. İcra məmuru Orxan Məmmədovun “icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-42/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır. Belə ki, icra məmuru icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərar qəbul etməsinin səbəbi kimi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-42/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin edilməsi göstərmişdir. Hansı ki, halhazırda Borclu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-42/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə tələbkar "xxxx" ASC-yə cəmi 6510,57 ABŞ dolları məbləğində, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində borcu mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi Borclu Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 42/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra edilməmişdir. Belə olduğu halda isə qeyd olunan icra sənədi üzrə icraata xitam verilə bilməz. Odur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun “icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-42/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra olunması üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə kollegiyasının iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək bildirdi ki, icra məmuru icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edərkən icra sənədinin tam icra edildiyini qeyd etmişdir. Halbuki, avtomobil hərracda satıldıqdan sonra borclunun 6510,57 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi borc qalmışdır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan xx.xx.2024-cü il tarixdə icra şöbəsinə müraciət edərkən məlumatlı olmuşlar. İcra idarəsi ilə telefonla əlaqə saxlanıldıqdan sonra poçt vasitəsi ilə onlara göndərilmişdir. Qeyd edilənlərə əsasən icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-42/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra olunması üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədər rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Borclu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət ərizəsi təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli icra sənədi üzrə "icraata xitam verilməsi” barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 17 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. İcra məmurunun icraata xitam verilməsi barədə qərarından görünür ki, Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə 18777,61 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulma ilə bağlı icra sənədi üzrə borcluya məxsus nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə hərrac protokoluna əsasən X1. Lakin nəqliyyat vasitəsinin hərracda hansı məbləğə satılması, eləcə də satışından əldə edilmiş məbləğ ödənildikdən sonra borclunun tələbkara olan borcunun tam ödənilib-ödənilməməsi qeyd edilməmişdir. Həmçinin, icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi olmasına baxmayaraq qərarda Sumqayıt İnzibati-İqtsiadi Məhkəməsinin 2-1(85)-694 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qeyd edilmişdir. Tələbkar tərəfindən təqdim edilmiş ərizədən isə görünür ki, nəqliyyat vasitəsi hərracda 11764,70 ABŞ dollara satılmış, həmin məbləğ borclunun banka olan 18777,61 ABŞ dolları borcundan çıxılmış və 6510,57 ABŞ dolları borc, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Borclu və icra məmuru tərəfindən isə tələbkarın şikayətinin dəlilini istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, həmçinin borclu və tələbkar məhkəmə iclasına gəlməyərək tələbkarın bu dəlilinə qarşı hər hansı bir münasibət də bildirməmişlər. “İcra haqqında” Azırbaycan Respubikası qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Qanunun tələbindən də göründüyü kimi, icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. İcra sənədinin tam olaraq icra olunması ilə bağlı isə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti əsaslı olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, mübahisələndirilən qərar icra şöbəsi tərəfindən tələbkara xx.xx.2024-cü il tarixdə göndərilmiş, qərardad tələbkar tərəfindən şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İcra məmuru vı ya borclu tərəfindən qərarın daha əvvəl tələbkara təqdim edilməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli icra sənədi üzrə "icraata xitam verilməsi” barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli icra sənədi üzrə "icraata xitam verilməsi” barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-42/2018 nömrəli icra sənədi icra tədbirləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar