Məhkəmə qərarları › İş №8(105)-125/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-125/2025

03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-125/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 borclu Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X6 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, X2 sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X5 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8851/2018 saylı qətnaməsi ilə borclu Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü oğlu X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğininin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin minimum əmək haqqı məbləğinin 0,92 (369 manat) misli məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(060)-8851/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü oğlu X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. (hakim V.Ruvinov) Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələblatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) ərizənin təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh X7 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.

4. İcra sənədi üzrə borclu Cavabdeh qeyd edilən qərardaddan şikayət vermişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından icra sənədi üzrə borclu Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

7. Borclu Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadının ləğv edilməsini, X3 üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, minimum əmək haqqının 0,50 misli miqdarında (200 manat sabit məbləğdə) müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, borclu Cavabdeh oglu hal-hazırda "xxxx" ASC-də işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. Bundan əlavə də borclu Cavabdeh ailəlidir. Rəsmi nikahdan iki övladı var. Borclu Cavabdeh oglunun böyuk övladı universitetdə təhsil alır. İkinci övladı isə yetkinlik yaşına catmamışdır. Hesab edir ki, qeyd olunan miqdarda alimentin tutulması borclu Cavabdeh himayəsində olan 2 uşağının atalarından bərabər şəkildə maddi təminat almaq hüquqlarından məhrum etmişdir. Məhkəmənin qərardadı maddi və prosessual normalara ziddir, uşaqların yaşayış minimumu ölkə üzrə 247 manat müəyyən edilmişdir, bu məbləğ minimum əmək haqqının 0,62 mislinə bərabərdir. Lakin, məhkəmə alimenti minimum əmək haqqının 0,92 misli, yəni 369 manat müəyyən etməklə onun hüquqlarını, həmçinin himayəsində olan digər uşaqlarının hüquqlarını pozmuşdur. Bu cür qərardad indeksasiya sayıla bilməz, aliment məbləğinin açıq-aşkar əsassız, maddi və prosessual hüquq normalarına zidd formada artırılmasıdır. Məhkəmə uşaqların yaşayış minimumundan artıq məbləğ müəyyən edərkən artıq mübahisəli vəziyyətin yarandığını nəzərə almalıdır. Bu kateqoriya tələbi hesab edir ki, iddia icraatı qaydasında baxılmalı idi. İstinad olunan qanunvericiliyin tələbləri baxımından borclu Cavabdeh aylıq qazancının yarısından coxu (550 ) - 369 manat puldan 3 uşağın bərabər şəkildə ( 181: 3 ) 60,3 manat maddi təminat almaq hüququ vardır. Lakin yaşayış yeri onun yanında olmayan X17 ogluna onun aylıq qazancının dörddə bir hissəsinin, 3 uşaq üçün bərabər şəkildə təminat alınacaq hissəsinin (550 manat) yarısından çoxunun (369 manat) aliment qismində ödənilməsi yaşayış yeri onun yanında olan digər 2 uşağın atalarından bərabər şəkildə maddi təminat almaq hüquqlarını pozmuşdur. Belə ki, qanunvericiliyin 3 və ya daha artıq uşaq üçün maddi təminat kimi nəzərdə tutduğu Cavabdeh aylıq qazancının yarısından çoxunun – 369 manatının aliment üçün tutulduqdan sonra yaşayış yeri onun yanında olan 2 uşağın hər birinə maddi təminat üçün aylıq (181) 90,50 manat pul düşür ki, bu da qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (285 manat) kifayət qədər az olmaqla həmin uşaqların mənafelərinə zidd olaraq valideynlərindən bərabər şəkildə maddi təminat almaq hüququnun pozulması deməkdir. İstinad olunan qanunvericiliyin ifadə etdiyi mənaya görə aliment ödəyən valideynin 3 – dən çox olan uşağının sayından asılı olmayaraq onun aylıq qazancından tutulacaq alimentin miqdarı aylıq qazancın yarısı ilə məhdudlaşdırılmışdır. Başqa sözlə aliment ödəyən valideynin özünün də dolanacaq ehtiyacını nəzərə alan qanunvericiliyə görə 3 və daha çox uşağa görə valideynin aylıq qazancının yarısından çox hissəsinin aliment üçün tutulması yolverilməzdir. Məhkəmə qərardad çıxararkən onun digər uşaqlarının mənafeyini pozmuşdur, onların da minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır, onlara qarşı ayrıseçkilik edilməsi yolverilməzdir. Qanunun tələbindən göründüyü kimi şəxsin əmək haqqısı olmadıqda, əmək haqqı dəyişkən məbləğdə olduqda məhkəmə alimenti sabit məbləğdə tutur. Sabit məbləğdə tutulmuş aliment Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla artırıla bilər, məhkəmə indeksasiya qaydasında alimenti artıra bilməz. Odur ki, Məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbini pozmuşdur. Göründüyü kimi MPM-nin tələbinə görə indeksasiya qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri barədə tətbiq edilir. Qətnaməyə görə ondan 120 manat tutulurdu. Hansı əsasa görə həmin 120 manat məbləğ indeksasiya qaydasında 369 manat olmalıdır. İndeksasiyaya hər bir halda alimentin özbaşna artırılması kimi baxmaq olmaz. Məhkəmə MPM-nin 232.1-ci maddəsinin tələbini pozmuşdur.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 120 manat (qətnamə tutulan alimentin məbləği (1 uşaq üçün)): 130 manat (2018-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,92. Göründüyü kimi 120 manat 130 manatın 0,92 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,92 misli həddində indeksasiya edilməlidir. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunmalıdır.

16. Məhkəmə qərardadı ilə razılaşmayan borclu Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadının ləğv edilməsini, X3 üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, minimum əmək haqqının 0,50 misli miqdarında (200 manat sabit məbləğdə) müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab etmir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

18. Kollegiya apellyantın etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 0,92 misli həddində artırılması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(060)-327/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar